Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədləşdirilib                            

İsmayıllı rayonunda “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Qarabağ müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak edib. Təqdimat Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun təşkil olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabın müəllifi Abdulla Qurbani şəhid ailələrini, qaziləri və digər tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yaxından köməyi ilə hazırlanmış xatirə kitablarının dəsti yeddi cilddən ibarət olacaq. 800 səhifəlik birinci kitabda Prezident İlham Əliyev tərəfindən “Zəfər günü”nün təsis edilməsi, bu sahədə görülən işlərlə bağlı sərəncamlar, həmçinin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərdə verdiyi tövsiyələr və dəyərli fikirlər öz əksini tapıb.

Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin problemlərinin həlli, həmçinin sosial təminatının gücləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

Tədbirdə şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabı hədiyyə olunub və xatirə şəkli çəkilib.

 

Şərh Yaz