Səhiyyə işçilərinin peşə bayramında                               

17 iyun səhiyyə işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyəti rəsmiləri və rayonda çalışan tibb işçilərinin bir qrupu ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon Mərkəzi Xəstəxanasının akt zalında bayram tədbiri davam etdirilib. Əvvəlcə müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Keçirilən tədbirdə səhiyyə sahəsində əldə edilən uğurlardan, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün əsaslı tədbirlərin davam etdiriləcəyindən, xüsusilə də bütün dünyanı çənginə almış COVİD-19 virusuna qarşı aparılan gündəlik, təxirəsalınmaz mübarizədə görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıblar.

Çıxışlarda həm də tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil etdiyi vurğulanıb.

Mərkəzi xəstəxanada çalışan şəhid anası Lətifə Tağıyeva, dövlət səviyyəsində göstərilən diqqət və qayğıya, rayon rəhbərliyi tərəfindən olunan dəstəyə və müəssisə tərəfindən oğlu – polkovnik-leytenant Ruslan Tağıyevin adına yaşadıqları evin önündə qurulan bulaq kompleksinə görə minnətdarlıq edib.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tibb işçilərini təbrik edib, onlara xoş arzularını çatdırıb. Bir qrup qabaqcıl tibb işçisinə RİH başçısının və Rayon Mərkəzi Xəstəxanasının Fəxri fərmanları, Təşəkkürnamələri təqdim olunub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz