Musa Yaqubun məzarı önündə xatırladıqlarım                      

Şeir pələngi, təbiət vurğunu Musa Yaqubu əbədi dünyasına yola salanlar arasında olmadığımdan, bir həftə sonra ailə üzvlərimi də  götürüb Bakıdan birbaşa  Buynuza – şairin torpağı qurumayan məzarının ziyarətinə getdik. Bakı-Qəbələ yolundan çıxıb, Buynuza uzanan meşə yoluna çıxar-çıxmaz, ətraf birdən-birə qaranlığa  büründü, sükuta qərq oldu. Maşının gur işıqlarını yandırdıq. Lakin yenicə yarpaqlanan, xeyli yüksəklikdə çarpazlaşan  ağacların budaqlarının yaratdığı alatoranlıqda bu işıqların bir o qədər də əhəmiyyəti olmadı. Ətraf hüzn dolusu bir sakitliyə bürünmüşdü. Dağ-dərə də, daş-kəsək də, gül-çiçək də, kiçicik mehdən ləngər vuran kövrək pöhrələr də, yüz illik ağaclar da baş-başa verib, “Musa Yaqub” dilində nə isə pıçıldayırdılar. Bu pıçıltılar ömrünü, gününü təbiət vəsfinə həsr edən, indi isə qayıdışı olmayan başqa bir sirli dünyanın sakini olmuş Musa Yaqub nisgilindən  yarandığını duymamaq çətin deyildi. Buynuz yolları heç vaxt bu qədər izdihamlı, bu qədər dərdli-ələmli olmamışdı…

Musa Yaqub çağdaş poeziyamızın klassiklərindən ən öndə gedəni idi.

Onun “şairlik” amalı uğrunda keçdiyi iztirablı yolları, ürəkləri fəth edən lirikası ilə “xalq şairi” zirvəsinədək addım-addım necə ucaldığını öz gözləri ilə görənlərdən  biriyəm. Musa Yaqubun ilk şeir əlyazmalarının oxucusu mən olmuşam, anam olub, ailəmiz olub. Bu gün şairin məzarı önündə durub Quran-i-Kərimdən oxuduğum Yasin surəsini tələffüz edərkən, qeyri-ixtiyari olaraq 65 illik keçmişimə qayıtdım, o illəri bir daha yaşamalı oldum…

…Böyük dağıntıları və misli olmayan insan qırğınları ilə adı qanlı hədəflərlə bəşəriyyət tarixinə düşən  1941-1945-ci illər müharibəsindən 10-12 il keçsə də, insanlar hələ də dəhşətli aclıq və səfalət içərisində yaşayırdılar.  Qonşunun qonşuya ən böyük “hədiyyəsi” bir qazan ayranı və ondan bişiriləcək dovğanın gözünə  qatılacaq bir nəlbəki  unu olardı. Geydiyimiz pal-paltarın təzəliyinə, köhnəliyinə, parçasının rənginə varmazdıq, “təki bədənimizin açıq yeri örtülsün”, deyərdik. İldə bir dəfə tapıb ala bildiyimiz qaloşların parıltısından günlərlə xoşlanardıq, sevinərdik. Ehtiyac, kasadçılıq, qıtlıq insanları bir-birinə yaxınlaşdırmışdı, doğmalaşdırmışdı. Qonşu qonşunun təknəsindəki çörəklərin sayını, taxılının miqdarını bilərdi, bir-birinə əl tutardı, yardım göstərərdi.

Belə bir zamanda Göyçay Pedoqoji məktəbini bitirən Musa Səfiməmməd oğlu Yaqubov, İsmayıllı rayonunun ən böyük və ən qabaqcıl məktəblərindən biri olan Tircan kənd orta məktəbinə təyinatla müəllim göndərilir. Onu gülərüzlə qarşılayan məktəb direktoru, əsl ziyalı Əlövsət Talıbov məktəb pedoqoji kollektivinə təqdim edir və eyni zamanda fizika-riyaziyyat müəllimi işləyən həmkəndlisi Bəhrəm Zahid oğlu Məsimovla görüşdürür. Bu görüş hər iki gənc müəllimin ürəyindən olur. Dərs vaxtı qurtarıb evə gələndə, Bəhrəm müəllim qalmağa yeri olmayan Musa müəllimi də özü ilə götürür. Qapı kandarında rastlaşdıqları ev sahibəsini görcək Bəhram müəllim: “Ay Kimyə xala, sənə bir oğul da gətirmişəm. Bu gündən sən oldun üç oğul anası” – demişdi.

Yeni gələn müəllimin də atasının bizim atamız kimi müharibədən qayıtmadığını, anasının 3 oğlan uşağı ilə dul qaldığını öyrənincə, biz daha da doğmalaşdıq. Anam Musa müəllimi itirdiyi ilk oğul övladı kimi qəbul etdi. O gündən süfrəmiz bir, qazanımız bir oldu. Anam bizim paltarlarımızı yuyanda hər dəfə müəllimin də paltarlarını yuyardı, lazım gəldikdə yamaq da vurardı. Musa müəllim yatacaq gətirmədiyindən, xeyli müddət 4 yaş fərqli qardaşlar kimi baş-ayaq yatdıq. Anam, bacım hər iki müəllimə sözün əsl mənasında ana, bacı oldular. Səhərlər erkən yuxudan durub ocaq qalayardılar, çay qoyardılar, suda bişirdikləri yumurtaları belə, soyub süfrəyə düzərdilər, məktəbə yola salardılar.

Musa müəllim Bəhrəm müəllimlə müqayisədə geyiminin sadəliyi ilə seçilərdi. (Bəhrəm müəllimin atası Zahid müəllim o vaxt Topçu kənd orta məktəbinin direktoru işləyirdi. Müəllimlər o dövrün ən yaxşı yaşayanları hesab olunurdular).  Musa müəllimin isə nimdaş pencəyi altından görünən əzik-üzük yaxalıqlı yöndəmsiz köynəyi, onun çöhrəsinə məsumluq gətirirdi. Elə oldu ki, həmin ilin qış tətilində anam Bakıya getməli oldu. Oradan geri qayıdarkən Musa müəllim üçün 2 dəst (12 ədəd), o vaxt dəbdə  olan viskoz ipəyindən olan yaxalıq alıb gətirmişdi. Bu yaxalıqları handa köhnə köynəyə düymələyib geyəndə, istənilən adamın görkəmi dəyişərdi, şəxsiyyətləşərdi. Anam hər gün səhərlər  həmin yaxalıqları kömürlə qızdırılan çuqun ütüsü ilə ütüləyər, Musa müəllimin kürəyində çoxlu sayda rəngbərəng yamaqları olan köynəyinə düymələyərdi. Çox müəllim Musa müəllimin  köynəklərinin çoxluğuna, rəngarəngliyinə həsəd aparardı, daha bilməzdilər ki…

Daha sonralar, soyuq bir qış gecəsi yatdığımız otaqda, anamın “10-luq” lampa işığında, yorğan-döşək içində, Musa müəllimin köynəyinin kürək hissəsinin çıxarıb, onun hıçqırtılar içərisində bir rəng parça ilə yamadığını görmüşəm. Bu hıçqırtılar  anamın öz taleyinə üsyanı idi. Müharibə canilərinə qarşı nif-naləsi idi. Xeyirxahlıq, kübarlıq anamın qanında idi. Ailəmizin, ildə hər bir müəllimə verilən bir araba odunun istisinə qızınmaqdan savayı təmənnası yox idi. Buna Allahın şahidliyi yetər.

Musa müəllimin gəlişi ilə məktəbdə bir canlanma yaranmışdı. Bəhrəm müəllimlə və başqaları ilə dilbir olub məktəbdə dram, ədəbiyyat, bədiiözfəaliyyət dərnəkləri  yaradılmışdı. Bəhrəm müəllim savadlı müəllim olmaqla bərabər, həm də gözəl əl qabiliyyəti olan yetgin  rəssam, bütün muğamların gözəl  ifaçısı idi. Onun fırçası ilə yaradılan neçə-neçə klassiklərimizin portretləri  siniflərin divarlarını bəzəyirdi. Musiqi Bəhram müəllimin ikinci həyatı idi. 8-ci sinifdə bizə dərs dediyi vaxt dərsi unudaraq Segah oxuduğunu görmüşdüm. Dram dərnəyinin əks-sədası, Musa müəllimin öz yazdığı şeirləri şirin ləhcə ilə intonasiya ilə söyləməsi, ətraf kəndlərə kimi yayılmışdı. El qeyrətlisi, ermənilərə qan udduran, bolşeviklər tərəfindən ailəsi tariman edilən, özü isə gedər-gəlməzə göndərilən Molla Kamildən müsadirə edilən, sonra kənd klubuna  çevrilən malikanəsi, tamaşaçılara darısqallıq edirdi. Çoxlu sayda istedadlar üzə çıxmışdı. Məzh Aşıq Şakir yetirməsi, Respublikanın Əməkdar Mədəniyyət işçisi mərhum Aşıq Yanvar Bədəlov, balabançı Əlibaba Nemətov o illərin yetirmələri idilər.

Musa müəllim təbiətdən nadir hallarda tapılan ən yüksək əyarlı qızıl külçəsinə  bənzəyirdi. O, bəndənin bütün əriş və arğac ilə anadan şair doğulmuşdu. Pəjmürdəlik, pərişanlıq, xəyala dalmaq, bəzən də gördüyünə biganə qalmaq İlahinin Musa müəllimə bəxş etdiyi şairlik cizgilərindəndir. Mən bu cizgiləri bir də Musa müəllimin evdə olmadığı vaxt, onun “təftiş” etdiyim kitab-dəftərini qurdalayan zaman duymuşdum. Hələ məktəbli şagirdi ikən, texnikum tələbəsi ikən, Göyçayın “Qalibiyyət bayrağı”,  İsmayıllının “Yeni İsmayıllı” qəzetlərində dərc olunan şeirlərini və Xalq şairi Məmməd Rahimlər yazışmasını biləndə, Musa müəllimin mənim gözlərimdə əlçatmaz ərşə ucalmışdı. Məmməd Rahimin Musa müəllimin ona göndərdiyi “İki qəlb, İki dünya” poemasına qırmızı mürəkkəblə etdiyi düzəlişlər isə çox qibtə hisslər bağışlayırdı mənə.

Musa müəllim mənimlə tez-tez kəndimiz ətrafındakı Çürməngalı, Musa dağı, Talqıran meşələrinə, Çömçəli, Novruzbulağı, Qırxbulaq, Qarabulaq bulaqlarına  gəzməyə gedərdik. Rast gəldiyi hər mamırlı daşa, hər mamırlı ağaca sığal çəkərdi. Onlarla danışırmış kimi xəyala dalardı. Qaynayıb yerin təkindən çıxan bulaqların büllur kimi saf, buz kimi soyuq sularına baxmaqdan doymazdı. Əl atıb bulaqların gözlərindəki müxtəlif çalarlı xırda daşları ovuclarına yığardı, onları qoxulayardı. Onun bu  hərəkətləri məndə müəyyən hislər oyadardı. Həyatı anlamaqla, şeirə, ədəbiyyata böyük meyillik yaranmasında, qəlbimin dərinliklərində al-əlvan rəngli “Vətən məhəbbəti” adlı xalının çeşnələrinin yaranmasında mənim ilk bələdçim Musa müəllim olmuşdu. Oxuyub ali təhsilli iqtisadçı olsam da 60 illik jurnalistlik xobbim, Musa müəllimin təsirindəndir.

Bir dəfə məktəbli ikən rayon mərkəzindən məktəbimizə səyyar kitab köşkü gəlmişdi. Mən oradan tərtibatı gözəl olan bir şeir kitabı aldım. Orada Musa müəllimə rastlaşdım. O, əlimdəki kitaba baxıb qolumdan tutdu və satıcının yanına apardı. Kitabı qaytarıb əvəzində Nizaminin “Sirlər xəzinəsi”ni aldı. Bir neçə gün sonra ikilikdə olanda, məni başa saldı ki, o müəllif bir o qədər də millət fədaisi olmayıbdır. Onun etdiyi yalnışlıqlar öz acı  nəticəsini bu gün də verməkdədir. Bəlkə də bu tövsiyələrin nəticəsi idi ki, bir çox illər sonra etdiyim vətənpərvərlik hərəkətim üçün bədnam insanlar tərəfindən şərlənərək 11 illik həbsə məhkum edildim…

Musa müəllimin ilk böyük əsəri olan “İki qəlb, iki dünya” poeması Məmməd Rahimin xeyir-duası ilə “Azərbaycan gəncləri” qəzetində dərc olunanda, mən yenicə universitet tələbəsi olmuşdum. Bir neçə nömrə ardıcıl çap edilən bu poemanın qəzet səhifələrini  poeziya həvəskarı anama göstərəndə, anam gözlərindən axan sevinc yaşlarına hakim ola bilmədi.

Bilmirəm, günlərin bərəkətsizliyindəndirmi, yoxsa ildırım sürəti ilə tez ötüşdüyündəndirmi, 92 il ömür sürmüş anam hər gün gözlədiyi Musası ilə bir daha görüşə bilməmişdi.

Musa müəllim duyğulu olduğu kimi, unutqan da deyildi. O, “Zəhmətkeş” də redaktor işləyəndə, uzun illərdən sonra İsmayıllı küçələrində təsadüfən rastlaşdıq. Başıma gələnlərdən halı olduğunu bildirdi. İşləyib-işləmədiyimi soruşdu. “Yox” cavabını verdim. O, məni maşına mindirib, rayon Kooperativlər İttifaqının İdarəsinə gətirdi. Müdirlə köhnə dostlar kimi görüşdü. Mənim işə düzəlməyimi ondan xahiş etdi. Müdir mənim kimi mütəxəssisə çox ehtiyac duyulduğunu bildirdi və razılığını verdi. Səhərisi gün razılığa əsasən sənədlərimlə müdirin qəbuluna gəldim. Qəribə də olsa, müdir əhdinə xilaf çıxdı. Gecə ilə mənim “KQB” dustağı olmağını kimsə müdirə çatdırmışdı. Mən bunu Musa müəllimə bildirmədim.

Musa müəllim əsərlərinin təcəssümü idi. O, olduğu kimi görünərdi, göründüyü kimi olardı. Sadəlik, səmimilik, doğruçuluq Musa müəllimin həyat tərzi idi. Ali sovetə deputat seçilərkən, yalnız xalq maraqlarını qorudu. Sözünün keçərli, kəsərli olmadığını duyanda susmağa üstünlük verdi. Seçicilərinə yalandan vəd vermədi. Təbiətdə yabanı halda bitən meyvə və giləmeyvələrin əhali  tərəfindən yığılmasına qadağa qoyan qanun layihəsinə bənzər gülünc layihələr müəllifi olmadı. Kişi kimi yaşadı, kişi kimi də köç etdi bu dünyadan. Allah, təbiət şairindən öz rəhmət və mərhəmətini əsirgəməsin. Amin.

Vaqif Məmmədov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

Şərh Yaz