Onlar ölməzdirlər                               

Tarix 12 iyun 2021-ci il, məkan İsmayıllı, şəhid Cəmil Məmmədlinin ata-baba ocağı…

Həmin gün 12 iyun tarixində İsmayıllıda xüsusi, uzun illər unudulmayacaq, yaddaşlardan, hafizələrdən silinməyəcək bir gün, bir tarix yaşandı…

Şəhid ailələrinin, şəhid analarının İsmayıllıda görüşü baş tutdu…

Həmin günə rəng, gözəllik qatan məqamlardan, 12 iyunu xüsusiləşdirən anlardan biri də nur üzlü şəhidimizin – Cəmil Habil oğlu Məmmədlinin mələk simalı,vüqarlı, dəyanətli, məğrur və qürurlu anası Aygün xanımın, Aygün Məmmədovanın doğum günü idi…

Həmin gün şəhid anasının 49 yaşı tamam olurdu…

Düzdür, Cəmilin şəhadətindən, şəhidliyindən sonra ailə üzvləri ad günlərinin təmtəraqlı keçirilməməsi, sadəcə, həmin günlərdə şəhidimizin məzarının anılması qərarını versələr də, şəhid anaları Aygün xanımı 12 iyun tarixində, 49 yaşının tamamında tək qoymamaq, tək buraxmamaq, ona dəstək olmaq üçün üzü Bakıdan-Səbaildən İsmayıllıya, şəhidimizin ata-baba ocağına gəlmişdilər…

Cəmil Məmmədlinin ata-baba ocağında baş tutan görüşə (həm də ad gününə) Bakı-Səbail rayonu şəhidlərindən şəhid Nicat Şükürlünün anası Yeganə xanım, şəhid Vüsal Həsənovun anası Mərifət xanım, şəhid Əli Tağıyevin ailə üzvləri (anası, atası və qardaşı), şəhid Vüsal Teymurovun anası Nahidə xanım, şəhid Əli Nağıyevin anası Lalə xanım, şəhid Cavidan İbrahimlinin anası Gülüş xanım, şəhid Murad Qurbanovun anası Mehriban xanım, eyni zamanda, İsmayıllının Cülyan kəndindən olan şəhid Teymur Osmanlının anası Rəmziyyə xanım qatılmışdılar.

Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri – Fuad Heydər, Bəyim Nəbizadə, Lamiyyə Hacızadə və Bakıdakı (Bibiheybətdəki) 50 nömrəli məktəbin direktoru Sədaqət Həsənova iştirak edirdilər.

Şəhid ailələri və YAP üzvləri öncə İsmayıllı şəhidlər xiyabanını ziyarət etdilər və qeyd edim ki, bu zaman şəhidlər məzarlığında çox duyğulu anlar yaşandı… Sözlərlə, kəlimələrlə ifadəsi belə mümkün deyil… Şəhid ailələri, YAP üzvləri şəhidlərin məzarları üzərinə gül dəstələri və əklil qoydular, qarşılarında baş əyərək şəhidlərin ruhlarına dualar oxudular…

Eyni zamanda, Bakıdakı 50 saylı məktəbin direktoru Sədaqət Həsənova şəhidlərimizin Azərbaycan xalqının qürur və fəxr mənbəyi, and yeri, baş tacı olduğunu bildirərək, Azərbaycan dövlətinin və ölkə prezidenti cənab İlham Əliyevin hər zaman şəhidlərə ehtiramla, hörmətlə yanaşdığını ifadə etdi…

Bununla yanaşı qeyd etdi ki, Azərbaycan dövləti və ölkə prezidenti hər zaman şəhid ailələrinin yanındadır, onlara xüsusi diqqət və qayğı ilə yanaşılır, dəstək göstərilir. Şəhid ailələri, şəhid anaları da öz növbəsində göstətilən diqqət və qayğıya görə ölkə prezidentinə və qalib Azərbaycan dövlətinə minnətdarlığını bildirdilər.

Qeyd etdilər ki, bugünki əminananlığımıza, zəfərimizə görə şəhidlərimizə minnətdarıq və daim minnətdar olmalıyıq. Onlar hər zaman xatırlanmalı və xatırladılmalıdırlar. Onları unutmamalıyıq, unutmaq olmaz, çünki unudularsa, unudularıq, lənətlənərik!

Əslən İsmayıllıdan olan, lakin şəhidliyinə qədər Bakının Səbail rayonu Bukta küçəsi 112  A-da yaşamış şəhid Cəmil Habil oğlu Məmmədli 2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanır və əsgər olaraq II Vətən müharibəsində iştirak edib. Oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb və nəşi oktyabrın 15-də İsmayıllı Şəhidlər xiyabanında  torpağa tapşırılıb.

Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub.

Allah Cəmil Məmmədli də daxil olmaqla cəmi şəhidlərimizin məkanını cənnətlik, məqamlarını ucalardan uca, dərgahlarını mübarək etsin.

Şəhidlər ölmür, ölməzliyə, ölümsüzlüyə qovuşurlar. Onlar ölməzdirlər.

Azərbaycan var olduqca onlar da vardırlar və var olacaqlar.

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır.

Kamil Həmzəlu (Həmidov)

Etikxər.az saytın baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

Şərh Yaz