Şəhid adı ucadır, o uca göylər qədər…                    

Zaman-zaman qurdürəkli vətən oğulları ilə fəxr etmişik. Onlar həmişə yağıya meydan oxumuş, quldurların qarşısında at oynatmış, erməniyə qan qusdurmuşdular. Qaçaq Nəbi, Qaçaq Süleyman, Qaçaq Cümşüd, Qaçaq Fərhad belə igidlərdən idi…

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, qədim Qarabağın erməni caynağından xilası uğrunda həlak olanların arasında İsmayıllı cavanları da öz həyatlarını torpaq uğrunda qurban verərək şəhidlik zirvəsinə yüksəldilər, bu yurdun ürəyində heykəlləşdilər, əbədiləşdilər.

Qeyrətli sələflərinin qəhrəmanlıq ənənələrini ləyaqətlə davam  etdirən İsmayıllının cəsur övladları 1988-ci ildən üzübəri xalqımızın müstəqilliyi, ərazi bütövlüyü, ulu Qarabağın erməni faşistlərinin mənfur caynağından xilası uğrunda ikinci Qarabağ  müharibəsində öz canını fəda edənlərdən biri də Taleh Abil oğlu Qənbərovdur.

O, 17 oktyabr 1994-cü ildə İsmayıllı rayonunun Quşencə kəndində dünyaya göz açmışdı. Doğulub boya-başa çatdığı kənd tam orta məktəbini bitirmişdi. Taleh 2011-ci ilin avqustunda hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini Beyləqan “N” saylı hərbi hissədə keçirmiş, azğın düşmənlərə qarşı döyüş təlimlərində iştirak etmişdir.

Hərbi xidmətdən qayıdan Talehin böyük arzuları var idi. Təhsilini davam etdirmək, iş tapıb çalışmaq, özünə ev-eşik qurmaq və ailə sahibi olmaq… Amma sentyabrın 27-də başlayan vətən müharibəsinə səfərbərliklə Taleh Abil oğlu Qənbərov 28 sentyabr 2020-ci ildə hamı kimi o da ordu sıralarına qatıldı. İlk döyüş yolu Füzuli, Cəbrayıl istiqamətində oldu. Qubadlıda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak etdi. Talehin əsgər yoldaşlarından bir xahişi var idi: “Əgər şəhid olsam, cəsədimi qoymayın düşmən tərəfində qalsın, məni oradan çıxarın”, – deyirdi həmişə. Elə bil şəhid olmaq ürəyinə danmışdı.

6 noyabr 2020-ci ildə iki qardaşın – Ramil və Azərin sevimlisi, ailənin ikinci övladı Taleh Şuşa uğrunda gedən döyüşlərdə, öz döyüş yoldaşlarını və komandirini düşmən mərmisindən qoruyaraq şəhidlik zirvəsinə ucaldı. “Zəfər” gününü görmədi igid Talehimiz!

Üzülüb heydən düşdükləri, qayğıya, nəvazişə möhtac olduqları bir  vaxtda, Abil kişi də, Arzu ana da övladlarının acı taleyi ilə rastlaşdılar. Ailəyə toy yox, yas qismət oldu…

Qardaşı Azər hüzünlü baxışlarla: “axı nə biləydik ki, onun vətən eşqi ilə döyünən ürəyi əbədi olaraq dayanacaq, ömrünün ən gözəl çağında həyatla vidalaşacaq, biz onun  toyunu gözləyirdik, qismətimiz olmadı, Vətən sağ olsun”.

Ailə üzvləri də, dost-tanışlar da, ölümünə pünhan ağlayan da inanmır vəfasızlığına, axı sən nər oğlu, nər idin erməni kim idi ki, səni vursun… Vətənin azadlığı uğrunda şəhid olmağı şərəf sanıb haqq dünyasına köçdün. Görünür bəxtin, qismətin belə imiş. Vəfasız taleyinmiş günahkar. Tanrı səni bu dünyaya verdi də, aldı da.  Lakin qəmi, kədəri, iztirablı baxışları nəsib etdin ailənə. Özü də əbədi.

Taleyin böyük qardaşı Ramil söhbət əsasında söylədi ki, artıq səkkiz aydır ki, aramızda yoxsan, səkkiz aydır ki, anamız Arzu, atamız Abil Taleh deyib göz yaşlarını axıdırlar…

Təsəllimiz bir ondadır ki, sən mərdliklə torpağımızın bütövlüyü uğrunda şəhid olmusan. İndi Taleh, siz öz ailənizin deyil, millətin, vətənin fəxr etdiyi qəhrəman, igid balasısan.

Qoy dərdlər qəddinizi heç vaxt əyməsin, Abil ata, Arzu ana! Ağrılı-acılı günləriniz arxada qalsın. Təki yurdumuzun səması aydın, torpaqları bütöv olsun!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölümündən sonra Taleh Abil oğlu Qənbərovu “Vətən uğrunda”, “Füzuli uğrunda” və “Şuşa uğrunda” medalları ilə təltif etmişdir.

Allah sənə rəhmət etsin, Şəhidim!

Şəhid adı ucadır, o uca göylər qədər!

Hacıməmməd Məmmədov

Şərh Yaz