Şəhid Mikayıl Vahabzadənin şeir dəftərindən                             

Sevən ürək

 

Yenə bu şəhərdə sənsizəm, gülüm,

Baxıram ətrafa, səni görmürəm.

Bəzən istəyirəm şənlənim, gülüm,

Amma şənlənməyə səbəb görmürəm!

 

Çünki sənsiz bu qəlb hər gün ağlayır,

Səsini duyduqca, coşur, çağlayır.

Qəlbim qapısını tək sənə açır,

Başqa insanlara onu bağlayır.

 

Sanki şifrəlidir onun qapısı,

Nəfəsin  dəydikcə şifrə açılır.

Sevgini hiss edən dəli könlümə

Elə bil günəşdən şəfəq yayılır.

 

Bir söz var, deyirlər: “Sevirəm səni”,

Sonra isə onu əzib keçirlər.

Sözümün bitdiyi bu son sətirdə,

Səni çox sevirəm, bil, ay bəxtəvər!

 

Sevgi yolu

 

Sevgilim, sən mənə sevirəm desən,

İnan, öz dünyamı verərəm sənə.

Həyatdan tənhalıq, təklik istəsən,

Dünya sənin olsun deyərdim yenə.

 

Mən səndən aralı yaşaya bilməz,

Köçüb bu dünyadan gedərəm, inan.

Səndən başqasını heç zaman sevməz,

Ömrümü yellərə verərəm, inan.

 

Məni tərk eləmə, içim daralar,

Heç sevən ürəklər ayrı qalarmı?

Ömür çiçəklərim saralar, solar,

Sevən sevgisindən məhrum olarmı?

 

Bu sözüm sənədir, dinlə, sevgilim,

Mən səni hər yerdə səsləyəcəyəm!

Sən məni sevsən də, heç sevməsən də,

Sənə ülvi duyğu bəsləyəcəyəm!

 

Bayramın mübarək

 

Onun 8 Mart bayramına

 

Sevgilim, bilirəm, uzaqdasan sən,

Həsrətindən yenə qovrulur ürək.

Nə edim, bağışla, gələ bilmədim,

Qoy gözəl bayramın olsun mübarək!

 

Hamı bayram günü sevincək olur,

Mənimsə şəhərdə gözlərim dolur.

Sənsizdir, təklənib, ağrayır ürək,

Sevgilim, bayramın olsun mübarək!

 

Sevdiyi gözələ qoy desin hamı –

Sevgilim, bayramın olsun mübarək!

Bu möhtəşəm günü, gözəl bayramı,

Gün o gün olsun ki, birgə keçirək!

 

Çoxları soruşur, bu sözləri sən

Belə gözəlliklə necə düzürsən?

Səbəbin tək sənə söyləyirəm mən,

Sevgilim, sən mənə ilham verirsən!

 

 

 

 

 

Şərh Yaz