Ana                                                  Poema  

(Anam Balabacıali qın əziz xatirəsinə)

 

Bir bahar səhəri, günəşli gündə,

Lahıcda dünyaya gəlmisən, ana.

Doğulan uşaqlar ağlasalar da,

Deyirlər, sən isə gülmüsən, ana.

 

Döşündən süd verib anan Mülayim,

Büküb yavaş-yavaş qoyub ləliyə.

Allah kömək olsun, böyü, xoşbəxt ol!

Sözlərini hər vaxt o, deyə-deyə.

 

Beləcə, ananın ilk uşağı tək

Böyüdün Zəvəro məhəlləsində.

Hərdən yavaş-yavaş dil açan zaman,

Bir sevinc duyardı anan səsində.

 

Atan Ağali də ilk nübar kimi,

Öpüb üz-gözündən, sevərdi səni.

O şəvə tellərin, ala gözlərin,

Heyran eyləyərdi yoldan ötəni.

 

***

Elə ki, yetişdin həddi-buluğa,

Elçilər başladı ayaq açmağa.

Gülalı adında qonşu bir nəfər,

Özünü yetirib, düşdü qabağa.

 

Bir gün ər evinə gətdilər səni,

Geyindin çox erkən gəlinlik donu.

Dörd divar içində qaldın, qızcığaz,

Alışdın həyata, getdikcə az-az.

 

Bir azdan özün də bir ana oldun,

Eşqin, səadətin körpəyə qondu.

Əlində qundağı, səni görənlər,

Dedilər, bu yaşda axı, nə bilər?..

 

Bir gün ayaq açıb gəzəndə Badam,

Anamın sevinci sığmadı göyə.

Nə qədər sevinər, şad olar adam?!

Allah səni sevsin, o, deyə-deyə.

 

Atam çöldə oldu, anamsa evdə,

Yaşadı balası könüldə, dildə.

Onun nəvazişi, onun istəyi

Nə qədər böyükmüş deyin, bu eldə?!

 

Anamın artdıqca oğulu, qızı,

Başladı təzədən baharı, yazı.

Ona ilham verdi hər səhər-axşam,

Bu oğul-uşağın ədası, nazı.

 

Anam xamır edib, təndir qaladı,

Bir-bir kündələri yoğurdu, yapdı.

Hər övlad səsində, qəhqəhəsində,

Elə bil özünə  bir həmdəm tapdı.

 

Əlləşdi hər işdə o, gecə-gündüz,

Qoydu hər ürəkdə bir xatirə, iz.

Allah! Sən həyatda arzuya yetir,

Qoyma, heç bir kəsi tənha, köməksiz.

 

***

Bir gün də köçəndə siz Kəlfərəcə,

Həyat verdi sənə yenə işgəncə…

Bir qədər yaşadız evsiz-eşiksiz,

Amma, olmadınız heç vaxt ümidsiz.

 

Kənd işi nə qədər ağır olarmış?!

Bağ-bostan, ot-ələf, qoyun-keçi, quş…

Anam hər bir işdə birinci idi,

Düşmüşdü araya sanki, bir yarış.

 

Bir azdan Şiralı gəldi dünyaya,

Anamın zəhməti bir az da artdı.

Baxdıqca həvəslə iki balaya,

Yenə arzulara, sevincə batdı.

 

Gələrdi atamın səsi dağlardan,

Güllü yaylaqlardan, meyvəli bağdan.

Atam çox çalışqan, işgüzar idi,

Yuxudan durardı hər gün obaşdan.

 

Bir atı var idi Qır atdan yeyin,

Nə yükdən qorxardı, nə uzaq yoldan.

Beləcə, atamın ayaq izləri,

Kəsilməzdi heç vaxt yamacdan, yaldan.

 

***

İllər ötdü… Artdı uşağın sayı,

Zəhmətdə yox idi anamın tayı.

Sevdi bizi yaxın, uzaq, dost, tanış,

Sevdi bizi nənə, xala, üç dayı.

 

Anamın övladı bir az da artdı:

İldırım, Hökumə, Qəhrəman, Əli,

Zemfira, Məlahət, Yaşar, Gülputa

Oldular anamın vuran ürəyi.

 

Anam nənə oldu, qaynana oldu,

Yeni arzulara, istəyə doldu.

Fəqət heç doymazdı o, bu dünyadan,

Deyərdi razıyam səndən, Yaradan!

 

Çatıbdır əlliyə nəvən, nəticən,

Hərəsi bir evin yaraşığıdır.

Ana, səni kimi qızlarımız da

Təmizlik, gözəllik, gül aşığıdır.

 

Anam inək sağdı, corab toxudu,

Hər övladdan bir cür ətir qoxudu.

Bir də gördü budur hamıdan əziz,

Ona qalan bu beş oğlan, beş qızdı.

 

Adına şan-şöhrət sözlər deyildi,

Bir gün də Qəhrəman adı verildi.

Bir xeyli dillərə, dastana düşdü,

Eh, bu illər nə tez gəlib ötüşdü?!

 

***

Anam Sumqayıta gələndən sonra,

Yığdı balaların yenə başına.

Yenə soğan, kişniş, şüyüd, əkərdi,

Baxmazdı ömrünün ahıl yaşına.

 

Şəlaləyə bənzər şaqraq gülüşü,

Gələrdi həvəslə toydan, mağardan.

Qız-gəlinlər yenə ibrət alardı,

Ondakı ismətdən, ardan, abırdan.

 

Onun hər kəlməsi, sözü, söhbəti,

Allah-Əkbər idi, ibadət idi.

Nəvə-nəticəyə nəsihət verib,

Onları sevməkdən ibarət idi.

 

Tez-tez atasını xatırlayardı,

Deyərdi, xeyirxah bir insan idi.

Evində bir tikə çörəyi olsa,

Onu da kasıba, kora verərdi.

 

…Hərdən anam ilə durub üz-üzə.

Uzaq keçmişləri yada salardıq.

Elə ki, başlardıq söhbətə-sözə,

Mən ondan, o, məndən ilham alardıq:

 

Anaların içində,

Anam dürdür, incidir.

Bütün yer üzərində,

Hamıdan birincidir.

Anam dürdü, incidir!

 

Onda qəhqəh çəkib anam gülərdi,

Çox ucadan gəldin, bala, – deyərdi.

Bil ki, anaların hamsı eynidir,

Onları övladlar bəxtəvər edir.

 

Bu qoca dünyada vardan, dövlətdən,

Ən çox səni sevdim əzəldən, ana.

Adına nə qədər söz bəstələdim,

Doymadım şeirdən, qəzəldən, ana.

 

Görmüşəm Günəşi gözlərində mən,

Təsəlli tapmışam sözlərində mən,

Yenə oturaydım dizlərində mən,

Gələydim dünyaya təzədən, ana.

 

Qoşa hörüklərin indi dümağdır,

Sanki, başı qarlı o Baba dağdır,

Xoşbəxt o kəsdir ki, anası sağdır,

Əzizsən yüz yardan, gözəldən, ana.

 

Basdıqca bağrıma hər dəfə səni,

Od-ocaq bilərdim isti sinəni,

Deyirlər, Tanrı da çox sevir səni,

Oldun ömrümüzü bəzədən, ana.

 

Artıq çatdın yaşın səksən dördünə,

Allah qüvvət versin daim qəddinə.

Bir gün də çatasan 100-ün həddinə…

Təbrik edib, öpək gözündən, ana!

 

Dostum, ana sevmək olsun adətin,

Ondan ilham alsın şerin, sənətin.

Ana-bahar fəsli xoş təbiətin…

Doymadım qışından, yazından, ana!

 

***

Bir gün bu dünyadan sən köçən zaman,

Sanki işığımız söndü, ay ana.

Göy yerə qarışdı, aləm tutuldu,

Sel də, su da, çay da dindi… ay ana.

 

Matəmə qərq olub, daldıq sükuta,

Artıq nə ana var, nə də ki, ata.

Daha kim qaldı ki, valideynlərdən?

Bizi ovundurub, sevincə qata?

 

O, torpaq məzarda rahat yat, ana!

Sənin keşiyində durmuşuq ayıq.

Ruhunda da şirin kama çat, ana!

Səni yaşadarıq, nə qədər varıq.

 

Qaldı əllərimiz bağlı sinədə,

Elə bil evimiz tamam boşaldı.

Ürək tab verərmi belə bir dərdə?

Şəkilinə baxan gözlər yaşardı.

 

Vaxtında qədrini bilmək gərəkdir,

Atanın, ananın, hər bir doğmanın.

Ana müqəddəsdir, ana mələkdir,

Ana anasıdır təbib, loğmanın.

 

Ana süd veribdir, böyüdüb bizi,

Bəzən gecələrlə yuxu yatmayıb.

Gah sevincli olub, gah kədər üzü,

Hər an günəş olub, heç vaxt batmayıb.

 

Bir məlhəm duymuşdum onun səsində,

Dəvanım, dərmanım, dövlətim idi.

Ömür bəxş edərdi hər busəsində,

Bunlara tamarzı qalmışam indi.

 

***

Eşidin sözümü, eşidin, gənclər,

Ana bir yanadır, dünya bir yana!

Ananın qədrini vaxtında bilin,

Yoxsa düşərsiniz dərdə, amana.

 

Yenə nə olaydı, bir də, ay ANA,

Öpəydim əlindən, yanaqlarından…

Rahat yat, ay ana! Rəhmət, – deyirəm,

Sənə qızlarından, oğlanlarından!

Naftalan,

aprel, 2021-ci il

Şərh Yaz