Bu yerlərdə bir el vardı                        

İsmayıllı rayonu təbiətcə dağlıq rayon sayılsa da, arandan da payı vardır. 2074 kvadrat kilometr sahəsi olan İsmayıllı rayonu 1931-ci ildən təşkil olunaraq, geniş və füsunkar bir ərazini tutmuşdur. Rayon ərazisindən 3 əsas dağ çayı – Girdiman, Göyçay, Axox çayları axmaqla onun təbiətini daha da gözəlləşdirir. Rayonda 36 ərazi inzibati vahidi – 1 şəhər, 2 qəsəbə, 106 kənd vardır. Bu yaşayış yerləri öz gözəlliyi, xüsusiyyəti ilə bir-birindən fərqlənir. Məsələn, Qalacıqətrafı kəndlərdə şabalıd, qoz və fındıq olursa, Basqal ətrafı kəndlərdə meyvə bağları daha çox inkişaf etmişdir. Qubaxəlilli ətrafındakı kəndlərdə isə üzümçülük xüsusi əhəmiyyət kəsb edib. Bir sözlə, İsmayıllıya Allah Təala hər nemət bəxş etmişdir.

Respublikamızın prezidenti cənab İlham Əliyevin mövzu ilə bağlı bu fikrinu burada xatırlamaq yerinə düşür. O demişdir: ”Vətənimiz sürətlə inkişaf edir. Bu inkişaf onun bütün regionlarında baş verir. Azərbaycanın hər yeri gözəldir. İsmayıllının inkişafı və təbiəti xüsusilə gözəldir. Mən bunu bir daha İsmayıllıda olarkən hiss etdim”.

Bu gözəllikdən, bu torpaqdan biz ismayıllılar necə istifadə edirik? Bu gözəllikləri necə qoruyuruq? Baxımsızlıqdanmı, laqeydlikdənmi keçən yüzillikdə neçə-neçə kəndlərimizin, el-obamızın əhalisi yaşayış yerini dəyişmiş, nəticədə o yerlərin yalnız adı qalmışdır. Bugünki gənclərimiz bəlkə də heç bu kəndlərin, bu gözəl yaşayış yerlərinin səmtini də bilmir. Bilsələr də, o yerləri ziyarət etmirlər.

Bu gün davamçılarımıza heç cürə aydınlaşdıra bilmirik ki, bir zamanlar İsmayıllıda əhalinin əsas yaşayış məskənləri dağ kəndləri olub. Bu kəndlər strateji cəhəti, iqlimi, təbiəti, xüsusilə dadlı, ətirli meyvələrinə görə fərqlənirdi.

Ötən yüzillikdə yolsuzluq ucbatından rayonumuz neçə-neçə kəndini itirmişdir. Hansı ki, bu kəndlər təbiətcə gözəl, səfalı və məhsuldar dağ kəndləri olmuşdur. Acınacaqlı hal hesab etmək olar ki, Zanqı, Bığır, Vələsin, Qərcə, Qərsələ, Ximran, Kənəə, Gendərə, Varna, Pirəqanım, Daxar və Sovru adlı kəndlər xəritədən silinmişdir.

İsmayıllının Müdri, Vaşa, Müdürsə, Nanıc, Cülyan, Mulux, Brovdal, Çəndahar, Dvoryan, Qoydan, Həftəsov və Bağəli kimi kəndləri də xəritədən silinmək təhlükəsi qarşısındadır. Demək olar ki, hər il bu kəndlərdə əhalinin sayı azalmaqda davam edir.

Bu dağ kəndlərinin həmişə ilkin və yeganə olaraq bir problemi olub, o da yalnız avtomobil yolunun yetərincə olmaması. Hələ nə yaxşı ki, 1961-1963-cü illərdə “Sosializm” deyilən kolxozun sədri işləmiş Şahsuvar Rzayevin rəhbərliyi və onun yurdsevərliyi sayəsində Lahıc qəsəbəsindən Müdri kəndinə torpaq avtomobil yolu çəkilmişdir. Məhz bu yol vasitəsi ilə bu ərazidə yaşayan kənd əhalisi öz təminatını ödəmək üçün evinə ərzaq və s. apara bilir.

1964-cü ilədək bu dağlar qoynunda rayonun ən iri və ən qabaqcıl, gəlirli bir kalxozu var idi. Bu ərazidə yerləşən 9 dağ kəndində (Cülyan, Daxar, Mulux, Müdri, Müdürsə, Nanıc, Pirəqanım, Sovru və Vaşa) beş mindən çox əhali yaşayırdı. Burada yaşayan əhali nəinki özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir, hətta dövlətə də ət, süd, yağ, yumurta, yun, bal, taxıl, tütün və qax (yəni qurudulmuş meyvə) və s. verirdi. Meyvə bağlarında 500 min tondan çox meyvəsi olurdu ki, bu meyvə sortlarının çoxunun bu gün artıq kökü kəsilib. Mövcud növlərin də kökü kəsilməkdədir. Unutmamalıyıq ki, rayonun digər dağ və dağətəyi kəndləri olan Mücü, Kəlfərəc, Zərnava, Basqal, Xankənd, Sulut, Yeniyol, Güyüm, Sədyan, Tubukənd, Zərgəran kimi kəndlərində də bu meyvə bağları olmuşdur. Lakin baxımsızlıq ucbatından, 1979-cu ildən üzümçülüyün inkişafı ilə əlaqədar, əsl meyvə bağları yaddan çıxmış və tədricən məhv olub getmişdir. Bir sözlə, “vaxtilə İsmayıllı bağlarında yüzdən çox armud, 50-dən çox alma növləri olub. Bütün qulluqlar vaxtlı-vaxtında edilib. Yaxşı bağbanlarımız vardı. Onlar cır meyvə ağaclarına qələmlər (calaq) vurardılar. İndi nə o bağbanlar var, nə də o meyvə ağacları. Həmin o yüz növ armuddan isə 4-5 növü qalıb. ”Bu həyəcan dolu cümlələləri Müdri kənd sakini Famil Səməndərov demişdir. Onunla 5-6 dəqiqəlik söhbət zamanı bildirdi ki, hazırda həm Müdri kəndi ərazisində, həm də digər ətraf kəndlərdəki bağlarda meyvə növlərinin əksəriyyəti sıradan çıxıb. Çünki onlara əvvəlki kimi qulluq olunmayıb, vaxtında budama işi aparılmayıb, dərmanlanmayıb və s. O, əli ilə bağdakı qızıləhmədi almasını göstərir: “Baxın, necə gözəl almalardır, hərəsi bir dərdin dərmanıdır. Amma nə olsun, tökülüb qalır. Yeyəni də yoxdur, aparıb bir tərəfdə sata da bilmirik. Belə getsə, qalan ağaclar da məhv olub gedəcək”.

Təsadüfi yaranan söhbətin nəticəsi kimi mövzunu genişləndirmək qərarına gəldik. Nəticədə, Azərbaycanda becərilən meyvələrin faydası, meyvə sortlarının niyə azalması və bir sıra məqamlarla bağlı faktları əldə etdik. Hələ XVII əsrdə Şah Süleyman Səfəvinin saray həkimi Məhəmməd Mömin yazırdı: ”Armudun əla növü Azərbaycanda yetişir. Şirin armud susuzluğu yatırdır, həzm üçün əhəmiyyətlidir. Qəbizlik vaxtı yemək məsləhətdir, ürək ritminin pozulmasında və sidik kisəsi iltihabında faydalıdır. Həmçinin armud bəzi göbələk zəhərlərinin təsirini zəiflədir. Turş armud isə əksinə, bağırsağı bərkidir, ödqovucudur, qızdırma zamanı xeyirlidir. 9 qram armud tumu bağırsaqda qurdları öldürür. Armud ağacının çiçəyi ürəyi möhkəmlədir, əhvalı yaxşılaşdırır, qanaxma və ishalın qarşısını alır. Armud yarpaqları ishal zamanı istifadə edilir, əgər onları dərinin üzərinə qoysalar, mövcud yaranı sağaldar və s.

Təkcə armudun bu qədər faydasını digər meyvələrə – alma, alça, gilas, ərik, gavalı, üzüm, nar, limon, əncir və sairə də şamil etmək olar. Tanrı tərəfindən göndərilən bu nemətlər sözün əsl mənasında, insanların sağlamlığında böyük rola malikdir. Amma təəssüflər olsun ki, bəzən bunun fərqinə varmırıq. Necə deyərlər, öz bağ-bağçamızda becərilən, öz torpağımızda əmələ gələn meyvələri bir  kənara qoyub,  xarici ölkələrdən gətirilən sortlara üstünlük veririk. Artıq bazarlarda, mağazalarda yerli meyvə tapmaq müşkülə çevrilib.

Heç olmasa yaddaşlardan silinməsin deyə gördüyümüz, yediyimiz, dad-tamına bələd olduğumuz bu meyvə ağaclarının  növlərini barədə qeyd etməyi məsləhət bildik. Bizə məlum olan armud sortları bunlardır: kürdüki, korarmudu, turşəng, çakkalboğan, simi, mollasimi, şabranı, nararmudu, xanarmudu, lətəz, ağabəyi, cırdaxan, lıqıti, qumarmudu, bostanarmudu, Lahıc cırı, qırmızısinə, gilərzeyi, droşabuz, mollaşabı və s.

Alma sortları: qızgörən, yayalması, qızıləhmədi, qara alma, cırhacı, göyçək, turş alma, cibir, zəyən, krım, uzunsov və s.

Bu meyvə ağaclarının təsərrüfat əhəmiyyəti bəlkə də ona görə itibdir ki, İsmayıllı rayonunda hələ sovet dövründən belə dönə-dönə məsələ qaldırılsa da, “Meyvə şirəsi” zavodu tikilmədi. Ancaq bu gün belə bir zavodun tikilməsinə həm ehtiyac, həm də tələbat var. Bəlkə də bu məsələ barədə fikirləşənlər də olacaq…

İsmayıllının Müdri kənd sovetində 20 ilə yaxın katib, Rayon İcraiyyə Komitəsində isə 20 ildən çox təlimatçı işləmiş, sonralar isə Rayon Mədəniyyət Şöbəsi tabeliyində tarixi abidələr baxıcısı işləmiş 87 yaşlı mərhum Musa Babayev deyirdi: ”İsmayıllının Lahıc zonasına 1950-60-cı illərdə bir başı Rusiyadan  geoloqlar gəlirdi. Onlar kəşfiyyat işləri aparırdılar. Bu torpaqların sürüşkən torpaqlar olduğunu bildirirdilər. Lakin biz əhəmiyyət verməsək də 1963-cü ildə Müdri kəndində, sonrakı illərdə isə Cülyan, Vaşa və Müdürsə kəndlərində sürüşmələr baş verdi”. Coğrafiyaşünas alim Şahmurad Mərdanov o zaman, 1970-ci illərdə sürüşməyən torpaq zonası hesab edilən Nanıc kəndində yeni qəsəbə salınmasını  “Kommunist” qəzeti vasitəsi ilə təklif etsə də, alimin səsinə səs verən olmadı. Əhalini tədricən rayon mərkəzinə yaxın olan Qoşakənd, Diyallı və İsmayıllı şəhərinə köçdü. Bir sözlə, bu torpaqların əhalisi azaldı. Odur ki, hazırda təkcə Müdri kənd icra nümayəndəliyi üzrə ərazidə cəmi 5-6 yüzə yaxın əhali qalmışdır. Hansı ki, bu nümayəndəlikdə vaxtilə 5000 əhali yaşamış və onlar kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmuşdular. Dünyagörüşlü, 87 yaşlı Musa kişinin dediyinə görə: geologiya elmi üzrə alim Mirəli Qaşqay Girdiman çayının sağ sahilinin Girdimana birləşən qolu hansı ki, Namazgah kəndindən 5-6 yüz metr dərinlikdən (çökəklikdən) axan və Girdimana birləşən qolu ilə yuxarı getmiş (Xalq arasında Girdimanın bu qoluna Müdürsə çayı da deyirlər) bu dağlarda ən qiymətli daşların və elementlərin olmasını əsərlərində və məqalələrində qeyd etmişdir.

Çox təəssüf ki, bu gün artıq bu çaydan suvari yolu da kəsilmişdir. Neçə vaxtdır ki, bu çayiçi at yolu da dağılmışdır. Bunları yazmaqla məqsədim kimlərisə günahlandırmaq deyil, olanlarımızı qoruyub saxlamaqdır. Artıq neçə vaxtdır  bu çay içi yolla getmək mümkün deyildir. Hansı ki, bu çayiçi yol turistlərin cəlb edilməsi baxımından çox maraqlı olardı.

Yadımdadır ki, 1964-cü ilədək İsmayıllı rayonunun iri təsərrüfatlarından olan “Sosializm” kalxozu zəhmətkeşlərinin birliyi hesabına Müdri kəndi ətrafında b öyük nailiyyətlər əldə olunurdu. Məhz bu qabaqcıl təsərrüfatın zəhmətkeşləri 1950-1960-cı illlərdə kollektivin qərar və müraciətlərini Moskvaya çatdırandan sonra “Qaranohur” deyilən yerdən dağların beli ilə avtomobil yolunun çəkilməsi layihəsi reallaşmışdır. Təəssüflər olsun ki, 1964-cü ildə bu qabaqcıl kalxoz dağıdıldı, əhali işsizlik səbəbindən Bakıya, Sumqayıta və s. yerlərə köçdü. Sonralar bu təsərrüfatı bərpə etməyə çalışsalar da, işçi qüvvəsi yetərli olmadı. Kəndin tələbkar insanları yerini və dünyasını dəyişdiyi üçün 1968-ci ildən sonra isə bu yolun çəkilişi Lahıc qəsəbəsinə yönəldildi. Bu bərəkətli torpaqlar, dağ biçənəkləri, meyvə bağları, taxıl sahələrindən lazımınca istifadə olunmadı (söhbət Müdri kənd inzibati ərazi bölgəsindən gedir).

İsmayıllı respublikamızın açılmamış və bağlı qalmış maraqlı bir kitabına bənzəyir. Məsələn, Diyallı kəndi ərazisində bir zamanlar “yanar şist” daş kömür yatağının olması yaşlı sakinlərə çoxdan məlumdur. Axı bir zamanlar bu sərvətdən çıxarılaraq istifadə də olunub. Diyallıya yaxın, Güyüm kəndində olan “Bədo suyu” nədənsə istifadəsini dayandırıb. Hələ bu ərazidəki böyük və qiymətli mərmər yatağı da o baxımdan və s.

Etiraf edək ki, İsmayıllı rayonu bu gün dövlətimizin qayğısı nəticəsində inkişaf etsə də dağ kəndləri kitabxanasız, klubsuz, tibb məntəqəsiz, həkimsiz, gediş-gəlişdən kənarda qalmış vəziyyətdədir. Havası, suyu təmiz olan İsmayıllı yeddi iqlim qurşağında olan bir region olsa da, hələ bu rayon yetərincə inkişaf yoluna düşməyib. Bu dağlarda istirahət ocaqlarının yaradılması, avtomobil yollarının yenidən çəkilməsi, yeni-yeni turistlərin cəlb olunması üçün dəyərli işlər görməyin vaxtıdır. Bunun üçün isə yeni  layihə, proqram və ya konsepsiya lazımdır. Çünki İsmayıllı həqiqətən də Azərbaycanın mirvarisidir.

Hər bir İsmayıllı ziyalısını düşündürən və qaranlıq qalan bir məsələ var. Onlar düşünürlər ki, çılpaq, quru səhra kimi yanan Qobustan rayonu ərazisində yol boyu böyük yaşıllaşdırma işi aparıldığı kimi niyə İsmayıllının gözəl təbiəti, meyvə bağları, kəndləri, yaşayışa uyğun olan səfalı yaşayış məntəqələri bərpa olunmasın. Bu kəndlərin nə vaxtadək ot biçənəkləri biçilməmiş, meyvələri yığılmamış qalacaq? Çiyələk ətirli, şimşad bəzəkli, meyvələrində dadından əlavə behişt qoxusu duyulan, hər mehində cənnəti özündə xatırladan, qədim Girdiman dövlətinin məskəni olmuş İsmayıllının qədrini bilmək biz varislərin müqəddəs borcu deyilmi?

Həmid Hacıyev,

təqaüdçü, əmək veteranı

 

                       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz