SAZIM MƏNİM, SÖZÜM MƏNİM                      

Biz əsrlərin sınağından zəfərlərlə çıxmış, zəngin mənəvi dəyərləriylə haqlı olaraq hər zaman öyünən müdrik bir xalqın övladlarıyıq. Xalqımızın, millətimizin qəhrəmanlıqlar, zəfərlər dolu tarixini vərəqləyib açdıqca hər səhifəsində zəngin milli folklorumuzdan qürurla danışırıq. Folklor hər bir xalqın milli sərvətidir. Azərbaycanımızın milli sərvətində, şifahi xalq ədəbiyyatında bərqərar olanı aşıq sənətidir. Aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının əhəmiyyətli hssəsini təşkil edərək İlahinin bizə verdiyi ən böyük nemət və sərvətdir. Bu ulu və müqəddəs sənət zamanından, məkanından və kimliyindən asılı olmayaraq qəlbimizə qürur, ruhumuza qida verir. Sözsüz ki, sazla-sözün vəhdətini, heç bir zaman sönməyəcək olan nurunu, qüdrətini, onun hikmətini yalnız türklər, azərbaycanlılar, türkdilli xalqlar duya bilər. Sizlər də mənimlə razılaşarsınız ki, qanında oğuz türkünün qanı olan, hətta Azərbaycandan kənarda yaşayan, Azərbaycan dilində doğru-düzgün bilməyən bir kimsə də, bu sözü eşidər-eşitməz qəlbi riqqətlə döyünər, qanı qaynayar, dodaqlarında zümzümə edər. Çünki bu müqəddəs sənət ulu dədələrimizin ruhundan qanımıza hoparaq, hər birimizin canında, qanında yaşayır.
Dədə, Ata, Ustad, Varşaq, Yanşaq, Pirustad, Aşıq, Ozan bu günkü müasir aşıqlarımızın ulu əcdadlarıdır. Bu adlar xalqın içərisindən sayılıb-seçilən, məlahətli, xoş avazlı səsi, ağılı-dərrakəsi, hazırcavablığı, xüsusi istedadı olan, sinəsində söz yatırını daşıyan insanlara verilmişdir. Qədim zamanlardan bu yana saz-söz sənəti ilə məşğul olan ozanlar, aşıqlar el arasında ən hörmətli, nüfuzlu, mötəbər insanlar olmuşlar. Xalqın arzu-istəklərinin bu gözəl musiqiylə xalqa çatdırlmasında istedadlı insanlar, el aşıqları mühüm rol oynamışlar. Xalq arasında belə bir fikir var, aşığın – sazın səsi bin-bərəkət rəmzi kimi sayılar. Əslində bu fikir tamamən doğrudur. Çünki aşıq sənətində xalqımızın ağrısı-acısı, sevinci, qəmi yaşayır. Aşıq el sənətkarıdır. O, şair, bəstəkar, rəqqas, aktyor, həm də nağılçıdır. Onlar xalqın sevilən nəğməkarı, xalqın ruhunun təmsilçiləridirlər. Aşıqlarda hərtərəfli biliyə malik olmaqla yanaşı, eyni zamanda fitri istedad, ilahi vergi də lazımdır.
Belə tanınmış el aşıqlarımızdan biri də Azərbaycanda, eyni zamanda başqa dost ölkələrdə sayılıb-seçilən, hörmətlə tanınan, sənətinin kamil bilicisi, ustad Aşıq Yanvarın şəyirdi olmuş Aşıq Elman Talıstanlıdır. Bu möcüzəvi sənəti dünyada şöhrətləndirən, sənətin zirvəsini fəth etmiş Aşıq Elman Talıstan kəndini gözəl təbiətiylə, ürəkləri buz kimi edən saf sularıyla yanaşı, bu kəndin səs-sədasını Azərbaycana, bütün Şirvan mahalına, hətta bütün türkdilli ölkələrə sazının-sözünün qüdrətiylə yaymışdır.
Aşıq Elman 1966-cı ildə Talıstan kəndində dünyaya gəlmişdir. Aşıq Elman saza-sözə ta kiçik yaşlarından bağlanıb. Toylarda, şənliklərdə məclis aparan aşıqlara, onların əlindəki saza hədsiz maraq və həvəs göstərir, çox diqqətlə qulaq asır, evə döndükdən sonra şənliklərdə gördüyü aşığın hərəkətlərini təkrar etməyə çalışır, onun oxuduğu mahnıları aşıqsayağı zümzümə edər, duyduğu dastanları dostlarına danışardı. Ondakı saza olan marağı görən atası Məlikməmməd 11 yaşlı oğlu Elmana saz alır. İllər keçdikcə, Elman böyüdükcə bu istək onda daha da artır. Sonralar bu sənət ömrünün ayrılmaz hissəsinə çevrilir. Bu sənəti uşaq yaşlarından ustad Aşıq Yanvardan öyrənməyə başlayır. Kiçik yaşlarından bu müqəddəs sənətlə böyüyən Elman toy-düyünlərdə, tədbir və el şənliklərində, məclislərdə özünü necə aparmalı olduğunu çox gözəl öyrənmişdir. İllər keçdikcə sənətdəki inadkarlığı, qətiyətli olması, xalq deyimlərinin, şifahi xalq dastanlarının onun dilində deyilişi və xalq tərəfindən qəbul edilməsi onu sənətə aparan uğurlu yolun başlanğıcı oldu. O dastana başlarkən, zamanın-məkanın yerini bilməz, gözəl və bənzərsiz nağıllar ifa edər, hətta üç gün, üç gecə nağıl söyləsə yorğunluq nədir hiss etməz, bilməz. O harada, hansı toyda, el şənliklərində “Koroğlu” havalarını oxuyursa, toydakıları lərzəyə gətirir. Çalıb-oxuduğu laylalarla ruhları oxşayır, könüllərə sığal çəkir, bayatı və şikəstələrlə ürəkləri ruhlandırır, gəraylı və cəngilərlə, “Şirvan gözəlləməsi”ylə damarlarda qan coşdurur, gözlərinin qarşısında laylay söyləyən nənələr, misri qılıncını sıyırıb qoşun selinə vuran Qoç Koroğlu, Süleyman Şah oğlu Ərtuğrul canlanır.
Aşıq Elman 1989-cu ildə Orta Asiya, Dağıstan, Azərbaycan ozanları müsabiqəsinin laureatı olmuşdur. Mədəniyyətin, ədəbiyyatın inkişafında, təbliğində göstərmiş olduğu xidmətlərə və mətbuatla bağlı daimi əməkdaşlıq etdiyinə görə “Oskar” mədəniyət qəzetinin “Ozan” fəxri diplomuna layiq görülmüşdür. Azərbaycan Aşıqlar Birliyinin və Şirvan Aşıqlar Birliyinin üzvüdür. 2017-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərinin “Aşıq Qurbani” və 2017-ci il İran İslam Respublikasının Təbriz şəhərində “Aşıq Qərib” festivalında, 2018-ci il Türkiyənin Kars şəhərində “Aşıq Şenlik” festivalı, 2019-cu ildə Qazaxıstan Respublikası Nursultan şəhərində “Türkdilli xalqların folklor festivalı” və 2019-cu ildə İran İslam Respublikasının Tehran şəhərində “İmam Rzanın mövludu” festivallarında çox uğurla çıxışlar etmişdir. Haqqında “Talıstandan gələn səs” adlı sənədli film çəkilmişdir. Bütün bunlardan əlavə olaraq radio efirlərində, televiziya proqramlarında, bir zamanlar Xalq şairi, rəhmətlik Zəlimxan Yaqubun təqdimatında “Dastanlardan gəlmişik” proqramının dəfələrlə qonağı olmuşdur. Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, folklorşünas Məhərrəm Qasımlının təqdimatında “Saz və söz axşamı” proqramının demək olar ki, hər həftə nəğməli qonağıdır. Aşıq Elmanın danışdığı dastanlar xalq tərəfindən çox yüksək zövqlə dinlənilir. O, çox gənc olmasına baxmayaraq söylədiyi hər dastanı ustalıqla söyləyir. “Alıxan-Pərixanım”, “Abbas və Gülgəz”, “Koroğlu” dastanından “Durna teli” qolu, “Koroğluyla Dəli Həsənin görüşü”, “Əsli və Kərəm”, “Ələsgərin Naxçıvan səfəri”, “Valeh və Zərnigar”, “Kiçik Rzanın dastanı” və bir sıra maraqlı xalq dastanlarının gözəl ifaçısıdır. Aşıq Elman həm yaradan, həm də yaşadan aşıqlarımızdandır. Dillər əzbəri olan neçə qoşmaların, gəraylı, təcnislərin müəllifidir. Aşıq Elman İsmayıllı rayonunda “Aşıq Yanvar” adına Aşıqlar ansamblı yaratmışdır. Və özü də ansamblın bədii rəhbəridir.
Doğma elin hər daşında izim var,
Qorqud yadigarı sazım var.
Ü
k açan baharım var, yazım var,
Ç
içək ətrin alasıyam, alası,
Bu diyarı
n balasıyam, balası.

Xoş ə, adət bizim, dəb bizim,
Bulaq kimi daim axan tə
b bizim.
Ş
irvan deyib haraylayır Təbrizim,
O yerlə
rdə olasıyam, olası,
Bu diyarı
n balasıyam, balası.

Qarabağım yer ün cənnəti,
Ö
n deyil Cabbar, Seyid səti.
r oğlunda Koroğlunun qeyrəti,
Torpağı
n qalasıyam, qalası,
Bu diyarı
n balasıyam, balası.

r bu torpaq oğul deyib kimlə,
Ə
lbir olub sinək qəmlə.
n Elmanam, mizrab vurub simlə,
Dillə
ndirib çalasıyam, çalası,
Bu diyarı
n balasıyam, balası.
Aşıq Elmanın yüzlərcə bu cür qoşmaları və gəraylıları, təcnisləri, dodaqdəyməz şeirləri vardır.
Aşıq Elmanla bizim dostluğumuzun çox uzun tarixi vardır. Biz onunla həm eyni bölgədənik, həm də ailəvi dostluğumuz var. Bir-birimizin xeyir və hüzünlü günlərimizdə daim bərabərik, eyni ağlar, eyni gülərik. Aşıqla birgə aşıqların yaradıcılıq gecələrinin təşkilatcılığını edirik. Tədbirlər, anım günləri, yubiley günləri hazırlayır, sonra bir sıra Tv proqramlarında və “Youtube” kanalında yayımlayırıq. Artıq bu işlər demək olar ki, ənənəvi bir şəkilə çevrilmişdir. Sadəcə olaraq, hal-hazırda pandemiya dövrüylə əlaqədar biz bu tədbirlərin keçirilməsini təxirə salmışıq.
Aşıq Elman gözəl dostdur, yoldaşdır, gözəl ailə başçısıdır, qayğıkeş atadır, övladlarını, nəvələrini hədsiz dərəcədə sevir. Elinə-obasına çox düşkündür. İsmayıllı rayon dövlət tədbirlərində, Novruz şənliklərində hər daim gözəl çıxışlar edir, gözəl aşıq mahnılarıyla, havacatlarıyla bu sənəti sevənləri, dəyər verənləri sevindirir. İnanırıq ki, bundan sonra da hər zaman uğurlu çıxışları olacaqdır. Ona bu çətin və müqəddəs sənətində uğurlar diləyirik.
TƏRANƏYEVA
Yazar-publisist

 

Şərh Yaz