Olanlardan-keçənlərdən   Boz atlı Gülalı                                                 

Dediyimiz kimi, Boz atlı Gülalı qədim Lahıc qəsəbəsində doğulmuşdur. Onun atası Şiralı kişi Lahıcda, anası Töhfə xanım isə Köhnədaxar kəndində doğulmuşdur. Tale onları Lahıcda birləşdirmişdir. Gülalı kimsəsiz adam olmuşdur. Anası lap erkən, atası isə 7 yaşında olanda dünyasını dəyişmişdir. Onun özü tərəfindən yeganə qohumu Fərəc kişi (xalası oğlu) idi ki, o da Qaraqaya kəndində yaşamışdır. Ana tərəfdən qohumları – dayıları Nəsbalı, İmaməli və Şıxəkbər idi. Onlar da Köhnədaxar kəndində yaşamışdılar. Gediş-gəlişləri nadir hallarda olardı.

O, uşaqlıqdan çox əməksevər, işgüzar, bacarıqlı və görüb-götürən adam idi. Hələ yeniyetmə yaşlarında ikən Gülalı Lahıc qəsəbəsində “Qapan ağzı” deyilən yerdən 200-250 metr məsafədə özünə ikimərtəbəli, xudmani bir ev tikdirmiş, hasara aldırmış, yekə bir darvaza qoydurmuşdur. Quş quşluğu ilə onun bu iqamətgahına daxil ola bilməzdi. Kənardan onun bu evinə baxanlar deyərdilər: “Sağ ol, yetimçə, gör necə yaraşıqlı imarət ucaldıb?!”. O, Balabacı xanımı da bu evə gəlin gətirmişdi. Demək olar ki, qonşu idilər, aralarında bir neçə ev var idi. O illər necə də yadda qalan illər idi?..

 

(Əvvəli ötən nömrələrdə)

 

Gülalı kişi həm də baməzə, gülüş yaradan, adamı dərindən düşündürən söz-söhbət yiyəsi idi. Deyirlər ki, bir gün o, İsmayıllıda orta məktəbdə oxuyan oğlunu atla Qaranohur deyilən, stansiya kimi tanınan yol qovşağına gətirir ki, oradan maşınla İsmayıllıya yola salsın. O zamanlar maşın çox az olardı, özü də yük maşınları. 30-32 kənddən ibarət yol adamları buraya at-eşşəklə gələr, buradan isə müxtəlif şəhər və rayonlara maşınlarla gedərdilər. Odur ki, adamlar buraya dəstə-dəstə toplaşar, arabir Məmmədhəsən kişinin çayxanasında əyləşib çay içər, yüngülvari qəlyanaltı edərdilər. Yemək də nədən ibarət idi: bir stəkan şirinçay, şor-çörək və bir-iki soyutma yumurta. Gülalı kişinin oğlu maşın çox gecikəndə burada  ya bir stəkan şirinçay içərdi, ya da bir soyutma yumurta yeyərdi.

Bir gün yenə Qaranohurda – bu çayçıda adamların çox olduğu bir vaxtda onu yaxşı tanıyanlar belə bir sual verdilər: – Gülalı kişi, bu sənin oğlundur? O, hazırcavab olduğu üçün dərhal belə cavab verir: – Anası bilər.

Onu tanımayanlar bir-birinə dəysə də, tanıyanlar belə deyərmişlər: Ayə, bilirsən o nə baməzə kişidir? O yerin altını da bilir, üstünü də. Hələ onun işgüzarlığından, qənaətcil, sözübütövlüyündən danışmıram.

O, çox vaxt yeniyetmə və gənclərə qarışqa kimi yük qabiliyyətli, qənaətcil və etibarlı olmağı məsləhət bilərdi. Deyərdi ki, çox zaman qarışqalar yuvadan balası belində çıxır. Yəni, insanlar həmişə balalarının qədrini bilməli, onları müəyyən dövrə qədər yedizdirib-içirtməlidirlər. Necə ki, deyiblər:

Ata övladını sevər, əzizlər,

Ona həyatında xoş gün arzular.

Bir gün Boz atlı Gülalının böyük oğlu Şiralı ilə kiçik oğlu İldırım İsmayıllıdakı kolxoz bazarına girirlər. Qapının yanında Kor Nəsibi (o, uşaqlığında qızılcadan sonra tamam kor olmuş, uzun illər Kəlfərəc kəndində yaşamış, sonra 60-70 yaşında İsmayıllı şəhərində özünə ev qurmuşdur) görürlər. Balaca qardaş adəti üzrə onunla görüşür və ovcuna bir üçlük basır. Görüşərkən deyir ki, Nəsib əmi, bu da böyük qardaşım Şiralıdır. Şiralı da onunla görüşür. Kiçik qardaş görür ki, Nəsib əmidən Şiralıya qarşı heç bir qığılcım oyanmır. O saat başa düşür ki, axı, böyük qardaşı Nəsib kişiyə heç bir şey verməmişdir. Tez Şiralıya işarə edir ki, ona pul versin. Şiralı cibinə əl atıb, Nəsib əmiyə üç manat pul verir. O dəmdə Nəsib əmi dilə gəlib deyir:

– Ayə, Girman, (uşaq vaxtı onun adını valideynləri German qoyublarmış. Elə ki, almanlar müharibə vaxtı sovetlərə hücum edib, bir çox şəhər və kəndləri tutublar, onda Gülalı kişi tez gedib, yaş kağızında Germanın yerinə onun adını Şiralı yazdırıbmış. Amma hərdən elə onun adını köhnə kişilər German, -deyə çağırardılar) xoş gördük, Gülalı kişi necədir, ayə?

Yeri gəlmişkən, Nəsib əmi ilə bağlı yenə bir əhvalat danışım. Bir gün Tağlabiyan kəndindən kolxoz sədri Simran Əsədov, onun sürücüsü Hicrət Mikayılov, Nəsib əmi və mən kolxozun “Villisiylə” İsmayıllıya gedərkən (avqust ayında) mən Nəsib əmidən soruşdum:

– Nəsib əmi, neçə uşağın var? Bilirdim ki, onun iki arvadı, bir neçə uşağı var. O, adəti üzrə gözlərini ovxalaya-ovxalaya guya ki, gözlərini təmizləyir, dərindən nəfəs alıb, dedi:

– Bala, indi hansı aydır?

– Avqust.

– Hə, bax bu sədr Simran da bilir ki, atçotu ilin axırında vururlar. Dekabrın sonu gələr, onda deyərəm ki, mənim cəmi neçə uşağım var. Bununçün hələ 5-6 ay da gözlə.

1952-ci il olardı. Bir gün axşamçağı Gülalı kişi ilə boz ata yun yükü vurub, Tircan kəndindəki Uzun Kərim kişigilə yollandıq. O vaxtlar yun, meşin-tumac, ipək, kəlağayı və s. kondrabant mal sayıldığına görə onların alveri gecələr – gizlində olardı. Odur ki, biz yunu Kərim kişiyə verib, ay doğanda geri döndük. Gəlib, yolüstü Alının bağına çatanda uzaqdan eşitdik ki, yerə düşən almalar (oktyabr ayı idi) tappa-turup edərək, ağacın dibində “oynayırlar”. Gülalı kişi dedi ki, ayıdır. O ağacda almalardan yediyini yeyir, yemədiyini də dərib tullayırdı yerə. Ağaca çathaçatda kişi qışqırdı: -Ay kafir, düş aşağı.

Ayı sanki dil bilirmiş kimi, donquldana-donquldana yerə tullanıb, başını iki qıçının arasına qoyaraq donbalaq aşa-aşa cumdu meşəyə sarı. Biz yerdəki almaları, bir az da ağacdan dərərək xurcunun gözlərini doldurub, düşdük yola. İşqına tərəf yol boyu Abasyan meşəsindən saxsı kürəbəndlə axıb gələn sərin su zümzümə edə-edə sanki bizim üçün nəğmə oxuyurmuş kimi, üzü aşağı kəndə tərəf axırdı. Biz heç bilmədik ki, “İşqın başı”na necə gəlib çatdıq. Elə ki, başı göylərə çatan fıstıq, vələs ağaclarının arasından xəzəlli yolla keçib “Tahir bağı”na tərəf döndük, Boz atlı Gülalı kişi başladı at belində oxumağa:

Təbrizin küçələri dolanba-dolan,

Əgər məni sevmirsən, get ayrı dolan,

Nə mənə qız qəhətdir, nə sənə oğlan.

Ağac olaydım,

Yolda duraydım,

Sən gələn yola

Kölgə salaydım,

Qaragilə, ay, Qaragilə!

Mən birinci dəfə idi ki, Gülalı kişini belə oxuyan görürdüm.

Bir dəfə də üstündən beş-altı il keçəndən sonra onu Niyal yaylağında – o gül-çiçək, yaşıllıqlar qoynunda, Səfi yurduna dönən yerdə, Sərfi xanımgilin alaçığına çatan yolda oxuyan görmüşdüm. Onda da yenə “Qaragilə” mahnısını oxuyurdu:

Gəlmişəm otağına oyadam səni,

Nə gözəl xəlq eyləyib yaradan səni?

Götürüb, qaçırdaram aradan səni.

Qızılgül əsdi,

Səbrimi kəsdi.

Sil gözünün yaşın

Ağlama bəsdi,

Qaragilə, ay, Qaragilə!

Sonrakı illərdə Boz atlı Gülalını daha oxuyan görməmişdim.

Deyirlər sevincdən ağlamaq, gülməkdən daha əzizdir. Mən bunu Boz atlı Gülalının balalarının timsalında çox görmüşdüm. Hər dəfə ərdə olan qızı İsmayıllıdan Kəlfərəc kəndinə qonaq gələndə, ordu sıralarında xidmət edən, universitetdə, texnikumda təhsil alan oğlanları Şiralı, İldırım, Yaşar, Əli, Qəhrəman və başqaları valideynlərinə baş çəkməyə gələndə ata-ana onları bağırlarına basar, bilirsiz, nə qədər ağlayardılar?!. Bəli, bu ağlamaq sevincə qərq olmaqdan ibarət idi. Sanki valideynlər bu ağlamaqla aylarla, illərlə görüşməməkdən sonra bir yerdə olmaları ilə, bir arzuya, bir amala xidmət etmələri ilə fəxr edirdilər. Sanki belə deyirdilər:

 

Mən öz ürəyimə yaxşı bələdəm,

Döyünər döyüşün sonuna qədər.

İnsanlar, mən sizin aranızdayam,

Günəşli qiyamət gününə qədər.

 

Bir əsrə qədər ömür sürmüş, həyatın hər üzünü görmüş, baharın əvvəlində dünyaya gəlmiş, baharın başlanğıcında – 1996-cı il martın 18-də dünyasını dəyişmiş Boz atlı Gülalı kişidən ailəsi, balaları, qohum-qardaşı, dost-tanışları, yar-yoldaşları həmişə həzz alardılar. Yaşıl donlu yaylaqlar, qoyunlu-quzulu oylaqlar, başı göylərə çatan dağlar həmişə onun məskəni idi.

O, həmişə insanların qəlbində, sevincində və qəmindədir. Harada bir dağ cüssəli adam görünsə, bir at kişnəsə, yaylaqlar boyu göy otlar üstə qoyun-quzu sürüləri sərilsə, o saat Boz atlı Gülalı kişi yada düşür.

Xanəndələrin xoş avazla oxuduqları “Dünya” şeiri onun övladlarının qəlbində çoxdan səslənən ən həzin  bir muğamdır:

 

Ay ellər, atanın qədrini bilin,

Yaman ağır imiş atasız, dünya.

Ona səcdə edin, qədrini bilin,

Yaman ağır imiş atasız, dünya.

 

…Gəlib-gedən birdən-birə azaldı,

Başımın üstünü duman-çən aldı,

Bir çox arzularım yarımçıq qaldı.

Yaman ağır imiş atasız, dünya,

Yaman ağır imiş atasız, dünya!

 

Allah sənə qəni-qəni rəhmət eyləsin, Boz atlı Gülalı!

 

***

Olub-keçənləri gətirdim dilə,

Könlüm qondu yenə bülbülə, gülə.

Xoşbəxt o kəsdir ki, köç edəndə də,

Xatirəsi əziz qalar bu elə.

Son

İldırım Dəmirli,

Respublikanın Əməkdar Jurnalisti

Sumqayıt-Lahıc-Kəlfəc

2019-2021

Şərh Yaz