HEYDƏR ƏLİYEV – 98                      ƏDƏB VƏ ƏZƏMƏT SİMVOLU

Dünyaya gəlişinin 98 ili tamam olan ulu öndər Heydər Əliyevin mənim kimi sadə bir iqtisadçı-jurnalistin vəsf və təriflərinə heç bir ehtiyacı yoxdur. Ömrümün 80-ni başa vurmuşam. Bu yaşdan sonra vəzifələrə yüksəlmək, karyera qurmaq, nə bilim nə isə umacağım da yoxdur. Bu sözləri ona görə yazıram ki, bəzən Heydər Əliyev haqda, onun millət və dövlətimiz qarşısındakı misilsiz  xidmətlərini dilə gətirib nəyi isə qələmə almaq arzusunda olduğunu, Onun layiq olduğu şərəf və ləyaqəti barədə danışmaq istəyəndə və s. nümunəvi cizgilərini tərifləyəndə, nədənsə o saat ətrafındakıların hərəsi bir fikrə düşür. Qəribə olsa da bu baxışlar karyera barədə düşünən, vəzifə uman bir insana ünvanlanan müəmmalı baxışlar kimi görünür. Yuxarıda qeyd etdiyim kimi, mən o hisslərdən tamamilə uzağam. Necə deyərlər, ələyim ələnib, xəlbirim də göydə fırlanır…

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-ya birinci katib gələndə, mən 3 illik hərbi xidmətdən qayıdaraq yarımçıq qalmış təhsilimi başa vurub, Azərbaycan Dövlət Universitetini bir il idi ki, bitirmişdim. 29 yaşın içindəydim. Göründüyü kimi yaşın ən məhsuldar dövrü, zəkanın ən kəskin qavrayan çağları idi. Keçmişlə müasirliyin, yaxşı ilə pisin müqayisəli fərqini anlaşıqlı halda başa düşən həddə idim. Odur ki, Heydər Əliyev haqda yazacaqlarım mənim subyektiv müşahidələrim, gördüklərim və duyduqlarımdır. Heç bir qəzet, jurnal və nə də digər informasiya köçürmələri deyildir.

O dövrdə, yəni keçən əsrin 60-cı illərində Respublikaya yeni rəhbər gələndə, adətən qəzetlərin birinci səhifəsində onun böyük portreti yerləşdirilərdi, uzun-uzadı tərcümeyi-halını, əvvəlki vəzifələrini sadalayardılar, dövlət təltiflərini göylərə qaldırardılar. Yaşıdlarım təsdiq edə bilərlər ki, biz Heydər Əliyev barədə qəzetlərdə heç nə görmədik, heç nə oxumadıq, sadəcə MK-nın iyul Plenumunun qərarı dərc edilmişdi. Qavrayan insanlar üçün bu çox şey demək idi. Bu o demək idi ki, yeni rəhbər hər cür tərifdən, reklamdan uzaq olan, canında, qanında millətinə qarşı can yanğısı olan, onun problemlərini həll etməyə can atan işgüzar, sadə bir insandır. Belə də oldu. Gözlədiklərimizin hamısı həyatda öz təsdiqini tapdı.

Heydər Əliyev cənablarının hakimiyyətə gəldiyi günə kimi respublikada əhalinin güzəranı, sənaye və kənd təsərrüfatının səviyyəsi, evsizlik, ümumittifaq səviyyədə tanınmaması, təhsil və hər şey göz qabağında idi. Əhali gündəlik tələbat mallarından dözülməz əziyyət çəkirdi, onları əldə etmək üçün şənbə və bazar günləri qonşu respublikalara gedərdilər. Sənaye və kənd təsərrüfatı primitiv halda, çox aşağı səviyyədə idi. İldə, ayda hansısa iri zavod və fabriklərdə işləyən 2-3 nəfərə mənzil verildikdə, qəzetlər, radio və televizorlar bar-bar bağırardılar. Təhsilimiz bərbad vəziyyətdə idi. Və s. və  i. a…

1967-68-ci illərdə bütün Bakı sakinləri, yuxudan, Hökumət Evi ilə üzbəüz ərazidə (indi “Satko” adı ilə tanınan meydançanın yerində) iri pnevmatik çəkiclərlə dənizin dibinə vurulan suvayların (dirəklərin) səsinə oyanardı. Burada – dənizin dibində, evsizlikdən əziyyət çəkən bir şəhərdə, milyonlar hesabına başa gələcək “Akvarium restoran” tikmək planlaşdırılmışdı. Heydər Əliyev əzəməti ilk gündən o tikintiyə xitam verdi. Əvəzində neçə-neçə evtikmə kombinatları yaradıldı. Keyfiyyətsiz 5 mərtəbəli “xruşşovkaları” yeni tipli – “Leninqrad”, ”Kiyev” proyektli yaraşıqlı, 9 mərtəbəli binalar əvəz etdi. Ev almaq o qədər asanlaşdı ki, bu gün mənzil növbəsinə duranların istəkləri uzaq başı bir ildən sonra reallaşırdı. 8-ci, 9-cu mikrorayonlar, 8-ci km., Əhmədli, Günəşli qəsəbələri Heydər Əliyevin qısa müddətdə öz xalqına bəxş etdiyi ən böyük səadət idi.

Bir çox idarə və müəssisələrin rəhbər işçiləri ermənilərdən ibarət idi. Ali məktəbləri bitirib təyinatla bu müəssisələrə gələn cavan milli kadrlar ermənilər tərəfindən şərlənərək ya işdən çıxarılır və ya da uzun müddətə mühakimə olunurdular.  İrəli ancaq Moskva və rus təhsili olanlar çəkilirdi ki, onların da əksəriyyəti trampilin, prestij olaraq erməni və qeyri millətlərin qızları ilə evlənirdilər. Adı, soyadı bizim olan bu kadrlar zaman keçdikcə qəlbən özgələşir, mənsub olduqları millətə qarşı yadlaşırdılar. Heydər Əliyev cənabları Respublikaya rəhbərlik etdiyi ilk illərdən təhsil sisteminin moderniləşdirilməsinə başladı. Hər il yüzlərlə orta məktəbi bitirən oğlan və qızlar, SSRİ-nin ən qabaqcıl institut və universitetlərində təhsil almağa göndərildilər. Ulu öndər elə bil ermənilərin başımıza gətirdikləri bugünkü xəyanətini, vəhşiliklərini qabaqcadan görürmüş kimi, milli hərbi kadrlar hazırlayan hərbi internat və ali hərbi məktəb açmağa nail oldu.

Respublikada tam işsizlik hökm sürürdü. Cavanlarımız ucsuz-bucaqsız Rusiyanın müxtəlif yerlərində hərbi xidməti başa vurub doğma vətəninə qayıtdıqdan sonra, özünə müvafiq iş tapmadıqda yenidən Rusiyaya qayıdır, orada evlənib qalırdılar. Beləliklə, Respublikada əhali sayı, doğum halları azalırdı. Uzaqgörən Liderimiz bir çox respublikaların liderlərini üstələyərək bütün SSRİ-ni və xeyli xarici ölkə bazarlarını kondensionerlə, soyuducularla təmin edəcək nəhəng  zavodların Bakıda, nəhəng kimya zavodlarının isə Gəncə və Sumqayıtda tikilməsinə nail oldu. Beləliklə, respublikadan xaricə axan işçi qüvvəsinin qarşısı alındı.

Xruşşov-Mikoyan cütlüyünün yürütdükləri sərsəm “qarğıdalı” siyasətinin nəticəsində taxılaltı sahələrdə qarğıdalı əkildiyindən, 1963-64-cü illərdə yaranan dəhşətli aclığın izləri respublikamızda hələ də qalmaqda davam edirdi. İnsanlar hələ də doyunca çörək, ət, yağ, qənd-çay və digər məhsullar tapa bilmirdilər. Uzaqgörən, yorulmaz Ümummilli  lider tez bir zamanda bütün respublikanı başdan-başa çox tələbat duyulan üzüm bağlarına, pambıq və taxılçılıq sahələrinə çevirdi. Qısa müddət ərzində respublikada bolluq və firavanlıq yarandı.

Respublikaya yeni rəhbərin gəlişi ilə milli dirçəliş, milli dərketmə ən yüksək həddə çatmışdı. Daha doğrusu, O, bu işlərə hələ iki il öncə, hələ Respublika Təhlükəsizlik Komitəsinin sədri işləyərkən gizlincə təkan vermişdi. 1967-ci ildə yüksək səviyyədə keçirilən ilk “Bahar bayramı”nın təşkilatçılarından biri məhz Heydər Əliyev idi. Radio və televizorlarda milli ruhlu verilişlərin sayı çoxalmışdı. Səhərlər yuxudan milli musiqimizin təranələri altında oyanardıq. Mətbuatda, 1920-ci ildə devrilmiş Milli hökumətimizdən sonra, xarici dövlətlərdə mühacirət həyatı yaşamağa məcbur olan görkəmli soydaşlarımız haqqında tez-tez yazılar dərc olunurdu. Heydər Əliyev ilk birinci katib idi ki, Qurultay və Plenumlardakı çıxışlarını öz ana dilində edirdi.

Heydər Əliyev ədəb və əzəmət simvolu idi. Görkəmli boy-buxun, bədən quruluşu, şux qamət, sərrast yeriş, dürr tökülən danışıq məharəti, filoloqları ötüb keçən cümlə quruluşu, gözəl aura yaradan, hər an gülümsəyən sirayətedici sifət cizgiləri İlahi qüvvənin Ona bəxş etdiyi sərvət idi. Kim deyə bilər ki, Heydər Əliyevi pencəyinin düyməsi açıq halda görüb? Heç kəs! Heydər Əliyev ədəb nümunəsi idi.

Yeri gəlmişkən, Heydər Əliyev fenomenini daha da zənginləşdirmək üçün, mətbuatda yazılmayan, televizorda göstərilməyən, şəxsən eşidib gördüyüm, şahidi olduğum bir məqamı yazımıza əlavə edirəm.

Məlumdur ki, nəinki biz müasir insanlar, hətta bizi dünyaya gətirən ata-anamız belə Hacı Zeynalabdin Tağıyevi həyatda görməmiş, onun dövrünü yaşamamışıq. Mən orta təhsil aldığım 1948-58-ci illər arasında Hacı Zeynalabdin Tağıyevin kimliyi, onun xeyirxahlıqları barəsində bir kəlmə də olsun eşitməmişdim. Əksinə, bu cür adamlar sovet ideologiyasına uyğun gəlmədiyindən pislənilirdi. Amma,  Bakı mühitində yaşadığım dövrlərdə iştirak etdiyim məclislərdə, yığıncaqlarda “Millətin atası”, “Hacı” kimi ifadələr işləndikdə hamının hörmətlə: “Ay Allah ona rəhmət eləsin” – deyib ayağa qalxdıqlarını görmüşdüm. Zaman keçdikcə bu mötəbər şəxsin kim olduğunu mən də əziz oxucular, sizin kimi öyrənə bildim. Amma Heydər Əliyev cənabları bu adın müqəddəsliyini, ona bəslədiyi böyük ehtiramı qəlbində hamıdan əvvəl – 1930-cu illərin qanlı-qadalı illərindən belə qoruyub saxlaya bilmişdi. Birinci katib olarkən, totalitar sovet rejiminin asıb-kəsən vaxtlarında belə Ulu öndər bu ismi unutmadı. Eşitmişdi ki, Hacının Mərdəkandakı bağına qeyri bir azərbaycanlı sahib çıxıbdır. Ulu öndər bunu eşitcək çox məyus olmuş, xeyli duyğulanmış və bu imkanı yaradanları nəzərdə tutaraq onların “milli qeyrətsizlik” etdiklərini vurğulamışdı. Əlbəttə, Heydər Əliyev bu işə qarışmış və haqq öz yerini tutmuşdur. Məhz millətinə qarşı bəslədiyi həmin can yanğısının təzahürüdür ki, Ümummilli liderimizin oğlu, Respublikamızın bugünkü Prezidenti, torpaqlarımızı Ata vəsiyyətinə uyğun olaraq 30 illik işğaldan azad etməyi bacaran Ali Baş Komandamız İlham Əliyev cənabları, hörmət-izzət əlaməti olaraq Hacı Zeynalabdin Tağıyevə şəhərin ən görkəmli yerində abidə ucaltmağa hazırlaşır. Bu, həm də milli mənəvi dəyərlərimizin təntənəsidir.

Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Şərh Yaz