Möhtəşəm nailiyyətlər qazanılır                     

8 may 2021-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsi, Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə yeniyetmələr və gənclər arasında keçirilən “Sən elə bir zirvəsən” adlı onlayn mahnı müsabiqəsinin qaliblərinin xüsusi karantin rejiminin qaydalarına əməl etməklə mükafatlandırma mərasimi keçirilib.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində xüsusi diqqət və zövqlə tərtib olunmuş, Ümummilli liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sərgi ilə tanış olublar. `

Mükafatlandırma mərasimində İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxışlarında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri – müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan ediblər.

Çıxışçılar onu da qeyd ediblər ki, dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir.

Onlayn platformada keçirilən mahnı müsabiqəsinin iştirakçıları üç nəfər üzvdən ibarət yaradılmış münsiflər heyəti tərəfindən üç nominasiya üzrə qiymətləndirilib. Belə ki, xalq mahnıları (muğam, təsnif) nominasiyası üzrə birinci yerə Məhərrəmli Fərid Elşən oğlu, ikinci yerə Məhərrəmli Aydın Elşən oğlu və üçüncü yerə Piriyeva Könül Seymur qızı, solo ifa nominasiyası üzrə birinci yerə Abdullalı Cavanşir Vüqar oğlu, ikinci yerə Vahabov Rəhman Hikmət oğlu və Vəliyev Seymur Teymur oğlu, üçüncü yerə Salahov Təbriz Seymur oğlu, bəstəkar mahnıları nominasiyası üzrə birinci yerə Həsənov Etibar Ehtiram oğlu, ikinci yerə Səmədov Vüsal Şahid oğlu, üçüncü yerə isə Süleymanova Nərmin Əlişir qızı layiq görülüblər.

Qalib iştirakçılar İsmayıllı Regional Mədəniyyət İdarəsi, Rayon Təhsil Şöbəsi, eləcə də Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Şərh Yaz