Faşizm üzərində qələbənin 76-cı ili qeyd olunub                       

İsmayıllı rayonunda mövcud pandemiya qaydalarını gözləməklə 9 May – Qələbə Günü qeyd olunub. Tədbirə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar, ictimaiyyətin nümayəndələri, idarə və müəssisə rəhbərləri qatılıblar.

Tədbir iştirakçıları 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə İsmayıllı şəhərində ucaldılmış abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi də bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Qələbənin 76-cı ildönümü ilə əlaqədar rayonda Böyük Vətən müharibәsinin iştirakçıları evilərindә ziyarәt olunublar. Hacıhətəmli, Tircan və Kürdmaşı kəndlərində yaşayan veteranlarla görüşdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, Müharibə Veteranları Şurasının rəhbərliyi iştirak edib.

Xoş təəssüratlarla keçən görüş zamanı veteranlar qonaqlarla xatirələrini bölüşərək bildiriblər ki, 1941-1945-ci illərdə İsmayıllıdan faşizmə qarşı mübarizədə xeyli insan fədakarlıq göstərib, Böyük Vətən müharibəsində arxa cəbhənin əməkçilərinin də xidmətlərinin danılmaz olduğunu vurğulayıblar.

Görüş zamanı veteranlar, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, hər il ölkə rəhbəri tərəfindən onlara birdəfəlik maddi yardım göstərildiyini qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ötən il bizim üçün həm çətin, həm də əlamətdar il kimi yadda qaldı. İlin əvvəlindən dünyanı cənginə alan pandemiya və daha sonra mənfur qonşularımızın cəbhə xəttinə təcavüzü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun gücü ilə intiqamımızı düşməndən aldıq. Şəhidlərin qanının yerdə qalmadığını bildirən Hacıhətəmli kənd sakini Böyük vətən müharibəsi iştirakçısı, həmçinin şəhid atası Həbulla Ağayev arzusuna çatdığını bildirib.

Kürdmaşı kəndində məskunlaşan Ağdam rayon sakini Şura Namazov artıq məcburi köçkün olmadığını sevinclə qeyd edib, bu günü yaşadanlara minnətdar olduğunu söyləyib.

Tircan kəndində yaşayan 97 yaşlı Babakişi Fətullayev isə onu ziyarət edənlərə öz təşəkkürünü bildirib və qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı əsgərlərlə döyüşə bilməsədə arxa cəbhədə nəsə etməyi özünə borc bilib və bir aylıq təqaüdünü Silahlı Qüvvələrin Yardım Fonduna köçürüb. O, həmçinin xalqımıza qələbəni yaşadanlarla fəxr etdiyini vurğulayıb.

Ziyarətçilər səmimi keçən söhbətdən məmnunluqlarını bildirib və xatirə şəkili çəkdiriblər.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür.

Qeyd edək ki, hazırda İsmayıllı rayonunda 82 nəfər Böyük Vətən müharibəsində arxa cəbhə və onların dul arvadları, 3 nəfər isə müharibə iştirakçısı yaşayır.

 

Şərh Yaz