İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub                

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini XTQ-in giziri Musayev Ramil Aydın oğlunun doğum günü məzarı yanında anılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, ehtiyatda olan hərbi qulluqçular və yaxınları, mövcud pandemiya qaydaları gözlənilməklə onun məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, ruhuna dualar oxunub. Təhsil aldığı məktəbin şagirdləri şəhid Ramilin ruhunu şad edəcək şeirlər səsləndiriblər.

Yaşasaydı, Ramilin bu baharda 30 yaşı olacaqdı. Gizir Ramil Musayev 6 may 1991-ci ildə İsmayıllı şəhərində anadan olub. Ailədə 3 uşaqdan ən kiçiyi Ramil olub. Ramil İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbində təhsil alıb. 18 yaşı tamam olduqda həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdan Ramil fərdi əməklə məşğul olur. Vətənə olan eşqi hər şeyi üstələyərək onu yenidən ordu sıralarına qaytarıb. 10 il Azərbaycan Ordusunda xidmət edən Ramil xidmətinin 8 ilini Xüsusi Təyinatlı Qüvvələrdə keçirib. Nümunəvi xidmətinə görə bir çox mükafat və sertifikatlara layiq görülüb. 2016-cı ildə baş verən Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vuruşub. Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə Ramilə kiçik gizir rütbəsi verilib.

Azərbaycan Ordusunun kiçik giziri Ramil Musayev 2020-ci il sentyabrın 27-də Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli olan Ramil şəhid olduqdan sonra Vətənə əmanət, bir oğul övladı dünyaya gəlib. Ona qəhrəman atasının adı verilib. Allah şəhidlərimizə rəhmət eləsin.

 

Şərh Yaz