Şəhid ailələrini ziyarət olunub                               

İsmayıllıda Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımovla birlikdə şəhid ailələrini ziyarət edib.

Məsul ziyarətçilər ilk olaraq şəhid Cəmil Məmmədlinin ailəsini ziyarət ediblər. Ailə ilə səmimi söhbət zamanı onların problemləri ilə maraqlanıblar. Şəhidin boya-başa çatdığı evdə onun üçün hazırlanmış guşəyə baxış keçirilib.

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı şəhərində anadan olub. Orta məktəbi və ali təhsilini Baki şəhərində alan Cəmil təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində əsl qəhrəman kimi iştirak edib. O, oktyabr ayının 14-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra o “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha sonra rayon rəhbəri digər məsul şəxslərlə birlikdə şəhid Aqil Mirzəliyevin ailəsinə baş çəkib. Ailə ilə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Aqil üçün ayrılmış guşəyə baxış keçirib, xatirə kitabına ürək sözlərini yazıb. Sonra rayon rəhbəri ailə ilə birgə iftar süfrəsinə əyləşib. İftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub, şəhidin şərəfli döyüş yolu ilə bağlı xatirələr yada salınıb.

Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. Aqil ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlayıb və 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində yüksək döyüş məharəti göstərməklə iştirak edib. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq, şücaət göstərib. Aqil Mirzəliyev 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aqil Mehman oğlu Mirzəliyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz