Vətən uğrunda döyünən ürək                                    

Birinci Qarabağ müharibəsi şəhidi Bağırov Ağayar Baba oğlu 1974-cü ildə İsmayıllı rayonu Gəndov kəndinin Dərə məhəlləsində anadan olmuşdur. Gəndov kənd ümumi orta məktəbin IX sinfindən məzun olduqdan sonra İsmayıllı rayonu texniki-peşə məktəbində təhsilini davam etdirmişdir.

Ağayar mənfur erməni işğalçılarının torpaqlarımıza xaincəsinə hücum etdikləri bir vaxtda – 1992-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. 18 yaşlı bu gənc hərbi andına sadiq qalmış, qəsbkar ordunun hücumlarına sinə gərmişdir. O illərdə torpaqlarımız ard-arda işğala məruz qalırdı. Lakin Ağayar o zamankı bir çox igid oğullarımız kimi cəsarətlə, inamla, ümidlə döyüşür və inanırdı ki, tapdaq altına düşən hər qarış ərazimiz yağı tapdağından mütləq azad olacaqdır. Müharibənin od-alovundan keçən qəhrəman vətən oğlu ən qızğın döyüş bölgələrində düşmənlə çarpışdı. Göstərdiyi şücaətə görə dəfələrlə hərbi hissə komandirləri tərəfindən təşəkkür almışdır.

Baxmayaraq ki, 1994-cü ildə atəşkəs imzalandı, amma hər fürsətdə xəyanətə əl atan düşmən bu dəfə də öz çirkin xislətini göstərdi. 1994-cü il may ayının 17-də Tərtər istiqamətində atəşkəsin pozulduğu bir vaxtda Ağayar döyüş yoldaşları ilə birgə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhadətə yüksəldi. İşğalçı Ermənistan atəşkəs imzalanandan 2020-ci ilin parlaq zəfər günlərinədək hər fürsətdə atəşkəsi pozmuşdur. Ancaq Ağayar kimi mətin əsgərlərin mənsub olduğu rəşadətli Azərbaycan ordusu onların bütün hücumlarına layiqli cavab vermişdir. Birinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin qisasını Vətən müharibəsində düşmənlə çarpışan aslan əsgərlərimiz aldılar. Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək, o dağları, sıldırımlı aşırımları aslan kimi keçən əsgərlərimiz Vətənin ərazi bütövlüyünü təmin etməklə bərabər, həm də 1990-cı illərdə şəhid olan əsgərlərimizin, soydaşlarımızın qisasını almış oldular. Buna görə də Ağayar və onun timsalında bütün şəhidlərimizin ruhu şaddır.

17 may 2021-ci il tarixində İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində hər il olduğu kimi, şəhid Bağırov Ağayar Baba oğlunun xatirəsi pandemiya qaydaları gözlənilməklə anılmışdır. Birinci Qarabağ müharibəsi qazisi olan məktəbin riyaziyyat müəllimi İlham Səmədov və məktəbin tarix müəllimi Günel Ələsgərova çıxış edərək şəhidin keçdiyi şərəfli döyüş yolundan danışmaqla bərabər, Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olmuş, sağlamlığını itirmiş oğullarımızın mətanətindən, igidliyindən bəhs etmişlər. Daha sonra məktəbin direktoru Xuraman Qurbanova başda olmaqla Gəndov kənd ümumi orta məktəbin kollektivi şəhid Ağayar Bağırovun 76 yaşlı anası Şükufə xanımı ziyarət edərək onun sağlamlığı ilə maraqlanmış, şəhid övladının əziz xatirəsini anaraq bir daha başsağlığı vermişlər.

Qeyrətli vətən oğullarının var olduğu müddətdə bayrağımız daim səmalarda dalğalanacaq, Qarabağımızda və bütün ölkəmizdə sülh və əmin-amanlıq hökm sürəcəkdir. Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan xalqı!

Ceyhun Əsgərov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz