Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır                   

Bu döyüşdəki qələbədə ən böyük pay sahibi məhz şəhidlərimizdir. Bu döyüşlərdə İsmayıllı rayonu da bir şəhid vermişdir. Həmin döyüşlərdə Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetində ali təhsil almış, Mikayıl Yaqub oğlu Vahabzadə şəhidlik zirvəsinə ucalıb.

O, 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və neytral zonada qalıb. Aprel ayının 8-də atəşkəsdən sonra nəşi götürülüb və aprelin 9-da doğulub boya-başa çatdığı Maçaxı kənd qəbirstanlığında torpağa tapşırılıb.

Aprelin 9-da – Mikayılın anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər karantin qaydalarına əməl etməklə, şəhidin ailəsi ilə birlikdə onun and yerimiz olan müqəddəs məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzülüb, ruhuna dualar oxunub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər.

Rayon rəhbərliyi şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.  Üçrəngli bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mikayıl haqqında jurnalist Lətifə Əliyevanın müəllifliyi ilə “Şəhidliyə aparan sevgi” adlı kitab yazılıb, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin layihəsi əsasında sənədli film çəkilib, həmçinin şəhidə çoxsaylı məqalələr, şeirlər həsr olunub.

Göstərdiyi qəhrəmanlığa görə Mikayıl Vahabzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Ad günlərində, bayramlarda, Aprel döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarını ziyarət etməyə çox sayda insan gəlir.

Həmin gün Mikayılın həmkəndlisi, Vətən müharibəsində şəhid olan gizir Məmmədli Əşrəf Elman oğlunun da məzarı ziyarət olunub, ailəsinə baş çəkilib. Ailə ilə səmimi söhbət aparılıb.

Hər iki şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz təşəkkürlərini bildirib.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi hər birimiz üçün əzizdir və hər zaman ehtiramla anılır. Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı və bizə Qələbə sevincini yaşatdı.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Şərh Yaz