Qazi böyük coşqu ilə qarşılanıb                     

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatıb. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi isə hələ müəyyən qədər vaxt tələb edir. Bu çətin, kifayət qədər də vacib işdə bəzən itkilərlə də üzləşməli oluruq. Mənfur, şərəfsiz düşmən basdırdığı minaları heç də bir üsulla basdırmamış, fərqli fəndlər işlədərək daha çox vətəndaşımıza xəsarət yetirmək niyyətində olmuşdur. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işində vəzifə borcunu yerinə yetirərkən yaralanan hərbçilərimizdən biri də İsmayıllı rayon sakini Əzizli Nurəddin Qürbəddin oğludur.

O, 27 fevral 2021-ci ildə Qubadlı rayonunda minaya düşüb, nəticədə sağ ayağını dizdən aşağı itirib, sol ayağı isə qəlpə yarası alıb. Bir müddət müalicə alan Nurəddin aprel ayının 16-da evinə, İsmayıllı rayonuna qayıdıb.

Qazi ilk öncə İsmayıllı rayonunda Şəhidlər xiyabanında olub. Orada İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin İsmayıllı Rayon Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ehtiyatda olan hərbi qulluqçular, Nurəddinin yaxınları qarşılayıblar.

Qarşılanma mərasimi mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunub. Qazi qarşılandıqdan sonra şəhid məzarlarını ziyarət edib. Məzarın üstünə gül dəstələri qoyub, dualar oxuyub. Sonra isə evinə gələn qazi böyük coşqu və sevgi ilə qarşılanıb, onun gəlişi şərəfinə qurban kəsilib. Valideynləri, bacı və qardaşları ilə görüşdükdən sonra adına hazırlanmış tort kəsib.

N.Əzizli 11 yanvar 2000-ci ildə İsmayıllı rayonunda anadan olub. 2018-ci ilin yanvar ayından 2019-cu ilin iyul ayına qədər Sərhəd Qoşunlarında xidmət edib. 2020-ci ilin avqust ayında yenidən Sərhəd Qoşunlarında kiçik çavuş rütbəsində xidmətə başlayıb. Daha sonra kiçik gizir rütbəsi alıb. Vətən müharibəsində iştirak edən Nurəddin müharibədən sonra baş gizir rütbəsi alaraq xidmətini davam etdirib.

Torpaqlarımızın düşmən tapdağından xilas edilməsində qəhrəmanlıq payı olanlar sırasında həmyerlimiz Nürəddin Əzizlinin də adının olmasından qürur duyur, bur daha böyük Yaradandan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Şərh Yaz