Yaşanmayan,  yaşadan ömür                          

Qızıl 20. Yaşanmayan! Amma yaşadan ömür! O, bu gün həyatının qızıl çağına qədəm qoyacaqdı. Anası hər gün ondan kimi sevdiyini soracaq, ömür-gün yoldaşı sorağına çıxacaqdı. Bəlkə də o, neçə qızı bəyənməyəcək, neçə qız onunçün əlçatmaz olacaq, hansısa bir qıza olan sevgisini bir ömür qəlbinin ən qaranlıq yerində gizlədəcək, gizlincə sevəcəkdi? Amma bir qızı isə sevib ömür boyu xoşbəxt edəcəkdi. Ömür qatarında son mənzili özlərinə dayanacaq seçəcəkdilər…

Amma Xəyyam ömür qatarında tək sakin oldu. Bilmirəm bəlkə bir sevgilisi vardı, bəlkə onu ondan xəbərsiz sevən bir qız susqun-susqun öz sevgisini həsrət dəryasında qərq etdi. Sirli dünyanın xatirələrə çevrilmiş bir sevgisi yaşanmadı. Anasının arzuları yarımçıq qaldı…

Amma mən inanıram. Ömür qatarının mənzili daha uzaqlara aparsaydı onu. Həyat daha başqa olacaqdı. O, sədaqətli ər, zəhmətkeş ata, qürurlu kişi, sevilən insan, bir sözlə xoşbəxt birisi olacaqdı. Onun da özü kimi Vətənpərvər, igid, qeyrətli övladları, sonra da nəvələri olacaqdı. Bəlkə də həyatın ən xoşbəxt babası Xəyyam olacaqdı. Bu dediklərimə çatmaq üçün necə il yaşayır insan. Ən azı səksən il yaşamalıydı ki, bütün bunları qazansın Xəyyam…

Amma Xəyyam bütün bunları yaşamadan şəhadəti ilə xoşbəxtliyi fəth etdi. Artıq ona özünü sübut etmək üçün uzun illərə ehtiyac yoxdur. O, gənc çağında qəlbləri fəth etməyi bacardı.

Şəhidim! Sən ona görə xoşbəxtsən ki, bir xalqın gəncliyinə nümunə oldun. Sən xoşbəxtsən ki, otuz illik həsrətə son qoyanlardan birisən. Sən ona görə xoşbəxtsən ki, artıq o torpaqlardan çaqqal səsi yox, azan səsi eşidilir. Xarabalığa çevrilmiş məsçidlərimizdə insanlar şükr edərək Allaha dua edir. Zülmətin nura çevrildi və o torpaqlarda bundan sonra neçə-necə Xəyyamlar doğulacaq. Sənin kimi igid Xəyyamlar. Sən isə hər zaman gənc qalacaqsan.

Bu gün sənin doğum günündür. Heç bir doğum günündə bu qədər insan olmamışdı. Azərbaycanının İsmayıllı adlı igidlər, ərənlər məmləkəti axın etdi sənin ziyarətinə. Hamı gözünü sənin daş baxışlarına zilləmişdi. Gəncliyini Vətənə fəda etmiş, tarix yazan bir igidin baxışlarına. Anan bu gün göz yaşlarını quruda bilməsə də sən ona ən qürurlu ana adını hədiyyə etmisən şəhidim! Hər birimizi dünyaya gətirən anamız var. Amma bir cəfakeş ana var ki, onun borcunun bədəli uğrunda canını və qanını əsirgəməməkdir. Bu anamızın anası Azərbaycandı. Azərbaycan adlı anamız bizi dünyaya gətirən anaları öz köksündə, qucağında böyüdüb. Hər birimiz bir ömür bu ananın köksündən qidalanır, qucağında yaşayırıq. Öldüyümüzdə belə o bizi tərk etmir; qəlbinin dərinliyində gömür bizi. Belə ana üçün şəhadətə dəyər. Biz bir ölər min doğularıq…

Amma Azərbaycan adlı anamız ölsə, bizdən üz döndərər. Torpaq uğrunda ölən varsa – Vətəndir. Xəyyam kimi oğullar bu vətənin canı, qanı, nəfəsdir. Sən Azərbaycan gəncliyinə nümunə oldun. Neçə-neçə gənc nəsil səndən danışacaq, sənin şücaətindən ibrət alacaq, sənə oxşamağa çalışacaqdır. Onlar səni ruhlarında, qəlblərində yaşadacaqlar. Bax, ona görə deyirlər: “Şəhidlər ölmür”.

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb olaraq səni ziyarətə gəldik. Bütün təəssüratlarımızı şagirdlərimizlə bölüşdük. Bu Vətənin gələcək minillik tarixini yazan şəhidlərdən biri də sənsən. Şəhidlər ölməz! Gül olar dağlarda bitər! Nəğmə təki dillərdə ötər! Sevgi olub qəlblərdə yaşar! Qızıl 20. Yaşanmayan! Amma yaşadan ömür. Ad günün mübarək, şəhidim! Allah sənə rəhmət eləsin. Rahat uyu, yerin cənnətdir…

Niyaz Dadaşov

Şərh Yaz