Görüşə bilmədik bu il, bənövşəm

Şair Musa Yaqubla görüş zamanı aparıcılıq etdiyin tədbirdə şairin “Bir ilin bənövşə anı” şeirindən bir parçanı söyləyib, yuxarıdakı misranı xüsusi vurğuladın. Hamının adi saydığı bu an kimin ağlına gələrdi ki, indi sənin üçün yazdığım yazının sərlövhəsi olacaq… bu misra…

Bilsəydi, heç ustadımız da yazmazdı taleyinlə təsadüfən üst-üstə düşən o şeiri.

Kim bilərdi, kimin ağlına gələrdi ki, zərif bir gülün tərənnümü, ağır, qaldırılası mümkün olmayan bir dərdin daşıyıcısı olar! Qırmızı qərənfili şəhid qanı kimi xatırladığımız kimi, boynubükük bənövşə də səninlə əbədi ayrılığın simvolu kimi qiymətləndiriləcək?! Bənövşə ətirli, Bənövşə ömürlü, bütün anaların qəlbində oğul kimi böyüyən, bütün anaların ürəyində də həmişə layiqli oğul kimi yaşayacaq, gedişi, yoxluğu ilə də onların qəlbinə dağ çəkən Famil Əhmədzadə!

Bilmirəm, səni oğul deyib çağırım, qardaş deyib əzəzləyim, Vətən daşına çevrilən Vətəndaş kimi, Vətən dağına dönən igid qəhrəman kimi xatırlayım…

Siyahını çox-çox uzatmaq olar. Bütün təşbehlərə, epitetlərə, simvollara ĺayiqsən. Ürəyim doludur: Sözlərin ağırlığından sızım-sızım sızıldayır, için-için, göyüm-göyüm göynəyir!. Ancaq fəqət indi söz tapa bilmirəm. Sanki onlar da qeybə çəkilib. Bu böyük həyatı əks etdirəcək söz tapılmayacaq da, məncə.

Bu anda yadıma vaxtilə eşitdiyim, başqa məqsədlə yazılmış mahnının sənin taleyinə də uyğun gələn bəzi misraları düşdü:

Mən sənə gül demərəm,

Gülün ömrü az olar.

Bəs sənə gül demədiyimiz, OĞUL, NİYƏ güllərin ən az yaşayanı – BƏNÖVŞƏ ÖMRÜ yaşamağı rəva bildin?!

Mən səni oxşatmaram göydəki ulduzlara,

Ulduzlar səhər sönür, sən səhər oyanırsan…

Ulduzlara da bənzətmədik ki, onlar sönəndə səni oyaq görək. Bu arzumuzu da puça çıxartdın. Heç olmasa, gecələr ulduz kimi də olsa, uzaqdan görünmürsən. Heç olmasa, göydə mələklərlə qoşa süzən ruhunla görünsə idin!!!

Heyif, səd heyif!

…O gün təsadüfən deyirdinmi məhz o şeiri. Şairin dərya yaradıcılığında o qədər dərin, maraqlı şeir vardı ki… Təsadüfən əzbərləmişdinmi o “dərya”dan bir “damcı”nı, yoxsa qeybdən gəlmişdi hafizənə, gələcək taleyini xatırlatmaq üçün? Necə ürəkdən deyirdin o şeiri? Hardan idi bu boyda həsrət?! Səhrada suya həsrət qalmış bir çiçəyə bənzəyirdin. Bir içim su həsrətilə söyləyirdin o misraları. Əli Kərimin bənzərsiz misralarını xatırladım: İynə ucu boyda işığa həsrət qalan gözün arzusu vardı səsində. Ürəyinə nə dammışdı? Hər sətri bir foto kimi nakam həyatını əks etdirən bu şeirin sənin taleyini “yazan” bir “dastan”ın olacağını hardan xəyal etmişdin, Xudayarın dastanı kimi?!

…İndi yarımçıq qalan bu “ilmə”ni necə hörüm ki, sənsiz sənin “bənövşə ömrü”nün “ilməsi” itməsin, pozulmasın və “xoşuna gəlsin”. Axı sənə hər şeyi bəyəndirmək olmurdu. Ssenaridəki sözlərin məzmununu dəyişdirmədən elə əvəzləyirdin ki, insan məclisin ruhuna çox uyğun gələn bu gözəl tapıntıya heyran qalmaqdan başqa çarə tapmırdı.

Biz başqa xəyalda ikən, taleyin qədəri ilə özünə başqa “həyat” seçdin.

Düşünürdük ki, Zəfər dastanı yazan dostlarınla qayıdacaq, başına gül-çiçək səpəcək, “tuti dilli” xatirələrini dinləyəcəyik. Bütün həyatın Vətən övladlarına sədaqət dərsi kimi keçdiyinə görə, indi əməli təcrübəndə bunun sübutunu aşılayacaqdın. Heyhat: “Sən saydığını say, gör fələk nə sayır”, – deyiblər.

Yadıma tədbirlərimizə bəzən gec cavab verməyin düşdü (dərslərdə olurdun). Ancaq bu həqiqəti xatırlayıb heç kəsin kefinə dəymirdin. Özünü borclu bilib üzrxahlıq üçün özünəməxsus elə sözlər tapırdın ki. Gecikdiyinə görə həyəcanlandığım anlarda gülər simanla, işıqlı təbəssümünlə özünü yetirib: “Əziz və fədakar Rəna müəlliməyə eşq olsun! – deməyin bəs idi ki, bütün gərginliklər aradan qalxsın. Bir sözlə, “nə şiş yanardı, nə kabab”. Heç nə olmamış kimi xoş aura yaradardın.

…Aldığımız o acı xəbər qanımızı “dondurdu”. Ancaq “gəlməyin” uzun çəkdiyinə görə bunu anlaşılmazlıq saydıq Ürəklərimiz nikbin hisslər üzərində kökləndi. Heyhat ki, bu acı həqiqət oldu.

Sən böyük ehtişamla “qayıtdığın” gün də (Axı sənin bütün həyatın da ehtişamlı idi) hamı bunu düşünərək. Sənin görüşünə gəlmişdi.

Bunun həqiqət olduğuna inanmayaraq, sənin “yanında” idilər. Mən də heç inanmayaraq o izdihama qoşuldum. Sözüm çox idi. İstəyirdim ki, hamısını özünə layiq şəkildə sənə çatdırım. Deyim ki, həmişə Vətən torpağını bənzərsiz şəkildə vəsf edən, elə onun uğrunda da fədakarcasına “uf” demədən qurban gedən oğul, qalx ayağa özünü özünə layiq şəkildə oxşa, əzizlə, özünə layiq şəkildə layla de, ağı de: əbədi “beşiyinə”. Fəqət… bu milli “mentalitet” məsələsi çıxdı ortaya. Yaxın getməyə qoymadılar… BİLMİRƏM, anlaya bilmirəm, anaların öz ciyərparalarına son sözü demək qadağasını kim, hardan, nə vaxt “icad eləyib” belə. Nə isə… O sözlər tıxac olub ürəyimdə qaldı o gündən. Ancaq etiraf edim ki, məqamında deyiləcək həmin sözlər bir də “həyata gəlməyəcək”: Eynən Sənin kimi…

… Sən demə, həmin tədbirdəki şeir sənin “vəsiyyətnamə”n idi.

Sənə bir “möcüzə”ni də nəql etmək istəyirəm. Acı xəbərdən xeyli sonra telefonuna zəng etdim. Yenə həmişəki sözləri eşitdim: “bir az sonra zəng edərsiniz”. Bir anlıq hər şeyi unutdum. Ümid hissləri doldu qəlbimə. Fəqət… bu “möcüzə” bir də təkrarlanmadı.

…İndi gör nə deyirəm: Yenə yaz gəlir. Kol dibindən boynubükük (özün də çıxış edəndə boynunu bükürdün) bənövşələr baş qaldırır. Şikayətlənməyə dəyməz. Qaldır başını: Vətənin bir topa nazlı, boynubükük bənövşəsi “görüşünə gəlib”. Onları qoruduğuna görə, yad nəfəs dəyməyə qoymadığına görə minnətdarlıq duyğusu ilə “qonublar başına”. Doyunca qoxla onları. Həmişə də belə olacaq. Ləyaqətli cismani həyatın kimi, ləyaqətli mənəvi həyatın da olacaq. (Ancaq hər adama bu uca vəhdət, bu qoşalıq qismət olmur).

Və ürəyincə olan bir xoş xəbəri çatdırmaq istəyirəm Sənə: Bu gün yenə Qadınlar bayramıdır. Tədbirlərimizin sözlü-söhbətli müdrik “Dədə Qorqud”u , Levitan timsallı, bir qarışqanın da ruhunu incitməyi rəva bilməyən OĞUL, olmaya, GƏLMƏYƏCƏKSƏN?! ANALARIN HƏSRƏTLİ GÖZLƏRİNİ YOLDAMI QOYMAQ FİKRİNDƏSƏN?!

Yoxsa, həyatına güzgü tutan o şeirin o misralarını sənin əvəzinə mən söyləyim ki, əbədiyaşar ruhun bir balaca təskinlik tapsın?

 

Bir zərif meh idin qəfləti əsdin,

Mənmi gecikmişəm, sənmi tələsdin?

Görüşə bilmədik bu il, bənövşəm.

 

Ölüm ayağında bala ananın

Sonuncu sözünə çatmayan kimi,

Quzey dan üzünə çatmayan kimi

Mən də gəlib sənə çata bilmədim.

 

Qövsi-quzeh oldun, bir əlçim bulud

Əl atdım, uzaqdan tuta bilmədim.

 

..Balaların yoxdu, uçurum baxım,

Dəstələrin yoxdu, qaçırım baxım.

Köhnə xəzəl üstə ləçəyin həşəm

Görüşə bilmədik bu il, bənövşəm.

 

…Hələ sonuncu qar əriyib təzə

Pöhrələr təzəcə tumurcuqlayır.

Çiçəklər təzəcə çıxıblar üzə,

Görüşə bilmədik bu il, bənövşəm.

 

Təkcə od, təkcə su. Torpaq da deyil,

Deməli, vaxtladır, dünyada hər şey.

Zəmidəki lalə, qədəhdəki mey,

Deməli, vaxtladır ləçəkdəki şeh.

 

Gərək mən o vaxtı ötürməyəydim.

BİR BƏNÖVŞƏ ÖMRÜ İTİRMƏYƏYDİM.

 

Vaxta etibarım yoxdu bu yolda

Oturub qalmışam bu dar stolda (MƏZARDA)

Bəlkə, sən tələsib, mən gecikmişəm?

GÖRÜŞƏ BİLMƏDİK BU İL, BƏNÖVŞƏM.

GÖRÜŞƏ BİLMƏDİK BU İL, BƏNÖVŞƏM.

Rəna Mirzəliyeva

Şərh Yaz