Xoş məramlı, xoş niyyətli o qapı

Yazıya qoyulan şəkillərdən biri ilə insanlar arasında olanda birinin mənə: – “bu şəkildəki kababdır, nədir? – sualı verildi. Xeyir, a bala, bu, kabab deyil – dedim. Ürəyi kabab kimi yanmış düşmənin minamyotunun qəlpəsidir bu qəlpə. Sinəsini torpaqların xilasından ötrü düşmən gülləsinin qarşısına verən oğullarımızdan birinin –  Kənan Kərimlinin daşdan, dəmirdən yonulmuş sinəsindən çıxarılıb həkimlər tərəfindən – söylədim. Elə oğulların qadasını alım ki, Qarabağ uğrunda başlarına yağan güllə “yağışı”, top, mərmi, odsaçan silahlar onların heç birini səngitmədi. Valideynləri Kənana zəng etdikdə, Kənan: – “ana, ata, bu, müharibədir. Güllələr göydən yağış kimi yağır. Bu “yağış” hər kəsi tuta bilər, həmçinin məni də. Təki Vətənin kürəyi yara almasın, taqəti sarsılmasın. Təki torpaqlar üzü bahara, yaza tərəf olub yaz yağışıyla yuyunmalı, sevinməli olsunlar” – demişdi bu balamız da. İndən belə açacaq gül-çiçəklər, xarı bülbüllər barıt qoxumasın!

O, 7 oktyabr 1997-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 2004-cü ildə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib. Orta təhsil aldıqdan sonra 2015-ci ildə Bakı Dövlət Rabitə Nəqliyyat Kollecini bitirib.

Uşaqlıqdan hərbiçi olmaq istəyində olan Kənan könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən hərbi xidmətə yola salınıb. Sentyabrın 27-də başlanan qanlı-qadalı müharibənin ilk günlərində Kənan “N” saylı hərbi hissədən Füzuli istiqamətində gedən döyüşlərə rabitəçi kimi qatılır. Oktyabr ayının 1-də Füzulidə düşmənə qan udduran döyüşçülərimizin sırasında yaralananlardan biri də Kənan olur. Taleyin qismətinə bax ki, onun gözləri qarşısında  həmin döyüşdə  şəhadətə qovuşanlardan biri Kürdmaşı kəndindən olan Fərid Əliyev olub.

Kənan sağ ayağını dizdən yuxarı itirdiyindən heç də təəssüflənmir. Bədənindəki qəlpələrin bir neçəsi çıxarılıb, qalanları da çıxarılacaq. Yaşadığı narahatlıq ondandır ki, mənfur düşmən onu çox erkən yaralamaqla döyüşdən ayırıb, sona qədər, Qələbə gününə kimi döyüşə bilməyib.

Dəmir yumruğun düşmən başını layiqincə əzməsindən çox qürurludur bu oğul. Bu halla, bu vəziyyətlə lazım gələrsə gücünün yetdiyi qədər yenə də mübarizəyə hazır olduğunu söyləyir.

Kənanın atası Kərimli İrəvan Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevlə, Müzəffər Ordumuzla fəxr etdiyini, Kənanın bugünkü taleyi ilə öyündüyünü bildirir. Lazım gəlsə, ikinci oğlunu da torpağa, Vətənə gərəkli biləcəyini deyir.

Kənanın anası Gülarə xanım hər dəfə balasının boynunu qucaqlayaraq: oğul, xalq yolunda belə üzağardıcı əməllərinə görə çox sağ ol – söyləyir. Gözümüzün nuru, başımızın tacısan deyib – bağrına basır onu.

Qazini ziyarətim başa çatanda: -Kənan, özünə toy edəndə məni də dəvət edərsən dedim. Toyuna şeirlə, sözlə gələ cəyəm deyib, xoş məramlı, xoş niyyətli o qapıdan ayrıldım. Kənanların, Talehlərin, Samirlərin… toyu niyyətilə.

Sənin ayaqlarına daş, gözlərinə yaş dəyməsin,

Səni qorumuş olsun Yaradan, əsgər balam!

Yazıram bu şeiri hər bir bacı adından,

Dua yetirrəm sənə anadan, əsgər balam!

Tamam Nur Tağlabiyanlı

Şərh Yaz