Vətən qədər sevilən qazilər – İsmayıllı övladları    

                            “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

                                                                                                                                     İlham ƏLİYEV

30 ildən sonra 44 gün ərzində gecə-gündüz həsrətində olduğumuz Dağlıq Qarabağ torpağına qovuşmaq nə böyük qəhrəmanlıq, nə geniş, qəlblərə sığmayan sevinc imiş?! Bu 44 gün ərzində döyüşçülərimiz Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında elə silahlandılar, texnikaya elə yiyələndilər ki, onların önündə nəinki erməni əsgərləri, hətta dağlar, dərələr, qayalar da tab gətirmədi. Ordumuzun bu qələbələrindən ilham alan hər bir gənc, ərlər-ərənlər ilhama gələrək könüllü surətdə döyüşə yollandı, köksünü düşmən gülləsinə sipər etməkdən qorxmadı. Prezident təqaüdçüsü, şair Şahməmməd Dağlaroğlunun təbirincə desək, onların hamısı Vətən uğrunda, torpaq uğrunda döyüşə hazır olduqlarını belə bəyan etdilər:

Yazın, məni də yazın müzəffər ordumuza,

Bu gün dayaq gərəkdir torpağa, yurdumuza.

Tükənməmiş qəzəbim, bitməmiş həyəcanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

Elə buna görə də Vətən müharibəsinin ilk günlərindən on minlərlə gənc qeydiyyata düşmüş, onlardan bir qismi döyüşlərə yollanmışdı. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda, Azərbaycan gəncləri döyüşə can atırdılar.

Vətən anadır. Vətən əcdadlarımızın pənah gətirdiyi doğma torpaq, ibadət etdiyi qibləgahdır. Vətəni əldən vermək öz həyatını əldən vermək deməkdir. Ona görə də döyüşə yollanan hər bir əsgərimiz Həzi Aslanov, Mehdi Hüseynzadə, Kamal Qasımov, Qafur Məmmədov, Baloğlan Abbasov, Hüseynbala Əliyev kimi Sovet İttifaqı Qəhrəmanlarının Böyük Vətən müharibəsində göstərdikləri hünərə, zəfərə sadiq qalaraq onların igidliklərini bir daha öz doğma torpaqlarında təkrar etməyi, rəşadət göstərməyi qarşılarına məqsəd qoymuşdular. Məhz buna görə də fəxrlə deyə bilərik ki, bu Vətən müharibəsində əsgərlərimizin ön cəbhədəki qələbələrini gənclərimiz arxa cəbhədə də informasiya savaşında əldə etdikləri uğurlarla möhkəmləndirirdilər.

Bu gün 44 günlük müharibədə şanlı qələbələr qazanaraq Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş, şəhidlik zirvəsinə yüksəlmiş gənclərimizin məzarları önündə hər birimiz ehtiramla baş əyir, onları xoş xatirələrlə yad edirik. Sağ olsun, belə oğullar yetirən ata-analar! 44 gün işğalçı ermənilərlə üzbəüz vuruşan, lakin bir an da olsun silahını əldən qoymyan, tanklarla, pulemyotlarla, od püskürən mərmilərlə düşmənin bağrını yaran Vətən oğullarından bir çoxu qazi olsalar da, indi öz ev-eşiklərində yaşasalar da, yenə də onların ürəyi Vətən eşqilə çırpınır, Vətən sevgisiylə döyünür. Belə qazilərin timsalında bu gün bir neçə məğrur döyüşçülərin xatirələrini verir, onların şanlı və cəsur cəbhə yoluna maraqla nəzər salırıq.

 

Vətən mənə oğul desə nə dərdim…                      57

 

Məmmədov Orxan Eldar oğlu 1996-cı ildə martın 7-də Sumqayıtda anadan olmuşdur. Orta təhsilini Sumqayıtda 41 nömrəli tam orta məktəbdə almışdır. Sonra İqtisad Universitetində oxumuşdur. 2017-2018-ci illərdə Cocuq Mərcanlıda əsgəri borcunu yerinə yetirmişdir.

Orxan Məmmədov 2020-ci ildə sentyabrın 29-da Qarabağa – torpaqlarımızın azadlığı uğrunda döyüşə könüllü surətdə yollananlardan biridir. İlk döyüş yolu Füzuli rayonunun Şükürbəyli kəndindən başlayıb. Sonrakı döyüş yolu Xocavənd rayonu, Hadrut qəsəbəsi, Şıxlar kəndi, Zəngilan rayonunun Sabu kəndindən və s. yerlərdən keçmişdir.

Orxanın dediyinə görə, onların taborunun ən ağır, ən uzun döyüş müddəti Füzuli rayonunun Şükürbəyli kəndində olmuşdur:

– Burada biz ölüm-dirim mübarizəsi qarşısındaydıq. Mən piyada qüvvələrində manqa komandiri olduğuma görə öndə gedənlərdən biri idim. 6 saat ara vermədən gedən bu döyüşdə nə qədər çətinliklərə məruz qalsaq da, axır ki, düşmənin canlı qüvvəsinin çox hissəsini qanına qəltan etdik. Qalan cüzi bir hissəsi isə qaçıb ətrafa dağıldılar. Onu da deyim ki, bu anlarda bizə ilham verən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərlə apardığı müsahibələrdə dediyi ötkəm sözü, tutarlı cavabı, Ermənistana qarşı haqq işimizin uğurları, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələri idi.

Beləliklə, biz Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun qüdrəti sayəsində əzəli yurd yerlərimizi düşmən tapdağından azad etdik! Bununla da tarixi ədalət öz yerini tapdı.

Onu da qeyd edək ki, Orxangilin bölməsi yeganə bölmədir ki, müharibədə şəhid verməmişdir. Doğrudur, döyüşdə yaralanan, qazi kimi öz doğma el-obalarına qayıdanlar olmuşdur. Lakin bölmə komandiri, baş leytenant Elşən Cəfərli həmişə düşmənin həmləsini qabaqcadan dəqiq təyin etdiyinə görə əsgərlər arasında tələfat olmamışdır. Sumqayıt hərbi komissarlığından orduya yollanan Eldar Alxasov, Kamil Əzizov, Sabunçu rayon hərbi komissarlığının çağırışçısı Akif Əliyev və başqaları Orxanla çiyin-çiyinə müharibədə o qədər mərdliklə vuruşmuşlar ki, komandir həmişə onlara bölmə önündə təşəkkür elan etmişdir.

Orxan Məmmədov müharibədən necə deyərlər, əliboş qayıtmamışdır. Ayağından zədə aldığına görə qazi kimi  2021-ci ildə yanvar ayının 4-də ordudan tərxis olunanda ona belə bir Fəxri fərman verilmişdir: “Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Məmmədov Orxan Eldar oğlu Fəxri fərmanla təltif olunur. Hərbi hissənin komandiri: polkovnik K.Abbasov”.

Bundan əlavə, Orxan Məmmədov Vətən müharibəsində göstərdiyi rəşadətə görə “Vətən uğrunda”, “Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Hazırda orden və medallarla təltif olunan Orxan Məmmədov yenə öz iş yerində – “Az. Estetik Gpoyn” MMC-də maliyyə şöbəsinin rəhbəri vəzifəsində çalışır. Lakin fikri-zikri yenə də işğaldan azad edilmiş torpaqlardadır. Özünün dediyi kimi: “Vətən mənə oğul deyibsə, gərək mən də həmişə onun daşlarında bitəm, hər an ona gərəkli olam”.

 

Sumqayıtın yetişdirdiyi Yaşar                         58

 

ŞİRƏLİYEV YAŞAR ANAR OĞLU 1997-ci ildə fevralın 18-də Sumqayıtda doğulmuşdur. 21-ci mikrorayondakı 2 nömrəli tam orta məktəbin məzunudur. Həqiqi hərbi xidməti iki il bundan qabaq Beyləqandakı “N” hərbi hissəsində başa vurmuşdur. Ailədə dörd qardaşdırlar. Onlardan ikisi – Xəyal və Yaşar müxtəlif vaxtlarda Vətən borcunu şərəflə yerinə yetirmişlər. Ailənin son beşiyi Ayxan da bir il üç aydır ki, Murovdakı “N” saylı hərbi hissədə Vətəni göz bəbəyi kimi qoruyur.

2020-ci ilin oktyabr ayının əvvəllərində könüllü surətdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yollananda adəti üzrə Yaşar yenə deyib-gülən, üz-gözündən sevinc yağan nikbin bir əhvalda idi. O, yola düşərkən baba-nənəsinə, ata-anasına məğrurcasına belə dedi: “Darıxmayın, fikir etməyin. Mən də digər Vətən oğulları kimi hərbiyə yollanıram ki, gedib torpaqlarımızı yağı düşməndən təmizləyək. Allah qoysa, tezliklə müharibədən qalib kimi qayıdacağam”.

Yaşar müharibəyə yola düşdü. Gözlər dalınca baxdı… baxdı. Çox keçmədi ki, onun sorağı Füzuli bölgəsindən gəlməyə başladı. Birinci çağırışda hərbidə olarkən qazandığı bilik, topladığı təcrübə, döyüş texnikasına bələdçiliyi burada ona böyük dayaq oldu.

Döyüş yoldaşları ilə səngərlərə sığmaqla, dərə-təpəyə çıxmaqla, düşmənin ən gizlin yerlərdə həmlələrini yarmaqla o da silahdaşları ilə birlikdə hünər göstərməyə alışdı. Nə soyuq səngərlər, nə çılpaq qayalar, nə külək, nə də yağış onların əzmini qıra bilmədi. Ara-sıra itkilər versələr də, bu onları qorxutmadı. İrəlidə gedən komandirləri mətin addımlarla onları hər zaman döyüşə çağırdı. Öldü var, geriyə döndü yoxdur, – dedi.

Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oktyabr ayında xalqa müraciətində erməniləri darmadağın etməyimizdən iftixarla danışarkən dediyi: “Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!” sözləri əsgərlərimizə böyük ruh yüksəkliyi, böyük qüvvət verirdi. O gərgin, o təlatümlü günlərdə Ali Baş Komandan İlham Əliyev cənablarının xalqa müraciəti, xalqa ürək-dirək verməsi bilirsiniz, əsgərlərdə nə qədər ruh yüksəkliyi, nə qədər intiqam hissi yaradırdı?!

Bax, Yaşarı və onun döyüş yoldaşlarını Füzulidə, Cəbrayılda, Xocavənddə, Şuşada və digər bölgələrdə torpaqlarımızı düşmən tapdağından azad etməkdə, Azərbaycanın bütövlüyünü bərpa etməkdə elə bu müraciətlər, bu çağırışlar ruhlandırırdı, onları qələbədən qələbəyə səsləyirdi.

Çox keçmədi ki, qələbəmiz dillərdə dastan oldu:

Qaçqın, köçkün sözü yox oldu dildə,

Yaşasın Qarabağ! Qopdu könüldə.

Ali Baş Komandan əmr verdi ki,

Qarabağ qalmasın daha yad əldə!

Yanvar ayında Yaşar Şirəliyev daxili orqanlarında, beynində bir sıra yaralar, zədə hiss etsə də, axır ki, qazi kimi, qəhrəman kimi ata-anasının yanına sağ-salamat qayıtdı.

…O günü onların evində məclis var idi. Hamı ayaq üstə bir dəqiqəlik sükutla ən birinci şəhidlərimizi – əzizləri Səmid Əliyevi və başqalarını yad etdirdilər, onların ruhuna dualar oxudular.

Sonra Yaşarın müharibə xatirələrinə qulaq asdılar. Döşündə bərq vuran “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına hamı fərəhlə baxdı.

O günlər… o müharibə getsin, bir daha qayıtmasın!

 

Ömrün şanlı səhifələri                                     59

 

Müharibə… Qan-qada, ölüm-dirim cəbhəsi. Bəzisinə sonradan həyat bəxş edən, bəzisini isə həyatdan aparan qara bir kabus. Bu Vətən müharibəsində də nə qədər oğullarımız şəhid olmuş, nə qədər gənclərimiz sinəsi orden-medallı geri qayıtmışdır?!

İkinci Vətən müharibəsinin dəhşətlərini görən oğullarımızdan biri də MALIYEV ELMİN XAMİS OĞLUDUR. Elmin 1994-cü ildə aprelin 29-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki şəhid Q.Abbasov adına 284 nömrəli tam orta məktəbin məzunudur. O, 2015-ci ildə Şamaxı şəhərində Azərbaycan Müəllimlər İnstitutunun filialını bitirmişdir.

2020-ci ildə sentyabrın 21-də səfərbərliyə alınaraq ordu sıralarına yola düşənlərdən biri də Elmindir. 27 sentyabrda onun da döyüş yolu Füzulidən başlamışdır. Burada qurulmuş istehkamların, bunkerlərin, alınmaz silah anbarlarının möhkəmliyini, sarsılmaz olduqlarını kim bilmir, kim?! Ancaq Vətən uğrunda, torpaqlarımızın azadlığı naminə canından, qanından keçməyə hər an hazır olan Elmin kimi oğullarımız o günlərdə bilirsiniz, nə qədər şücaət göstərdilər, düşmənin nə qədər silah-sursatını, canlı qüvvəsini məhv etdilər?!

Düşmənin o qədər güclü müdafiə sipərindən demək olar ki, qısa müddət ərzində heç bir əsər-əlamət qalmadı. Oğullarımız bu ağır cəbhədə, bu ağır döyüşlərdə elə çalışır, elə vuruşurdular ki, sanki İlahidən onlara bir güc, bir qəhrəmanlıq gəlmişdir. Ölən, yaralanan, itkin olsa da, bunların heç biri onların iradəsini qıra bilmirdi. İrəli! İrəli! – deyə hamı ön cəbhəyə yollanır, erməniləri dağa, qayaya qısnayırdılar.

Elmin nə qədər çətinliyə düşsə də, nə qədər top-tüfəng əhatəsində olsa da, arada vaxt tapıb atası Xamis bəyə, anası Vəfa xanıma, qardaşı Elçinə, bacısı Elnaza telefonla zəng etməkdən qalmırdı. Təcrübəli istehkamçı, tabor komandiri, kapitan İsgəndər Alıcanovun hər bir əmrini dəqiq və vaxtında yerinə yetirən Seymur Şəfiyev (Sabunçu rayonu), Fərid Əsədli (Bakı şəhəri) kimi cəsur döyüşçü yoldaşları ilə birlikdə Elmin həmişə öhdələrində olan silah-sursatın idarə olnmasında fərqlənirdilər. Elə buna görə də Cəbrayıl, Xocavənd və digər rayonların alınmasına görə bir azdan onların da döşündə müxtəlif medallar parlamağa başlamışdır. Onlar irəliyə doğru addımladıqca artıq Laçın, Ağdam və digər rayonlar arxada qalırdı. Ona görə də əsgərlərimizin dillərində tez-tez bu misralar səslənirdi:

Alındı Xocavənd, Ağdam, Qubadlı,

Yol açdıq Şuşaya zurna-qavallı.

Zəngilan, Füzuli, Laçın, Cəbrayıl…

Çatdıq Kəlbəcərə sözlü-soraqlı!

Elmin Malıyev evlərinə cəbhədən şad-xürrəm qayıdanda artıq dekabrın 31-i idi. O günü onların evində ikiqat bayram oldu: həm Yeni il axşamı, həm də onun bu böyük qələbədən sonra evlərinə qazi kimi qayıtması. Lakin Elmin Malıyevin nəzər-diqqəti bütövlüyü mərdliklə qaytarılmış bir o geniş, o füsunkar torpaqlarda, bir də layiq görüldüyü təltiflərdə idi.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Qarabağımızda, xüsusən də Şuşada məğrurcasına gəzərək, “Salam, Şuşa, sən azadsan, biz qayıtmışıq!” ifadələri gənclərin vətənpərvərlik duyğularını daha da coşdurmuş, onlarda Vətənə övladlıq borcunu daha da artırmışdır.

…Bu gün Orxan, Yaşar, Elmin və digər qalib Vətən oğulları kimi biz də iftixarla deyirik:

– Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qalib Vətən əsgərlərimizə, qazilərimizə uzun ömür, möhkəm can sağlığı və firavan həyat arzulayırıq!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

İldırım Dəmirli,

Respublikanın Əməkdar jurnalisti

Şərh Yaz