Minnətdarlıq:                 Ömrün işıqlı, uzun və mənalı olsun                                            

İnsana ad verilməsi də elə bil tale yazısıdır. Böyük Yaradan sanki kimə nə ad veriləcəyini qabaqcadan ölçüb-biçir. İnsan isə həyat yollarında öz adına bacardığı kimi yaşadır və yaşayır. Öz adı ilə bərabər soy-kökünün adını da ucaldan və aşağılayanlar var. Söz yox ki, hər ad müəyyən məna kəsb edir.

Hörmət-izzət sahibi Elxan İsgəndərovun sevimli qızı dünyaya gələdə də ailədə düşünüb-daşındılar, körpəyə Xalidə  – ölməz, əbədi yaşayan mənasını verən şirin bir ad qoyublar.

İllər tez keçib. Əslən göyçaylı olan Xalidə 2008-ci ildə Ankara məktəb liseyinin məzunu olub. 2008-ci ildə tələbəsi olduğu Azərbaycan Tibb Universitetini 2014 -cü ildə Fərqlənmə diplomu ilə bitirib. Yüksək balla ATU-nin tədris cərrahiyyə klinikasında ümumi cərrahiyyə ixtisası üzrə rezdentura keçib. Hazırda ATUTCK- da ümumi cərrah kimi işləyir. İxtisasını kamil bilicisidir.

Atası Elxan İsgəndərov sadə, halallığı sevən nüfuzlu bir şəxsiyyətdir. Böyük ziyalı nəslindəndir. Dərin biliyə, zəngin elmə, hərtərəfli məlumata malik ziyalıdır. Onu təkcə tibb işçiləri deyil, hamı çox sevir.

Onunla yaxından tanışlığımız oğlum Elxanın cərrahiyyə əməliyyatından sonra oldu. Onun tərifəsığmaz insanpərvərliyini gördükdə bir vasitə ilə minnətdarlığımı çatdırmalı olduğumu dərk etdim

Xalidə xanım ömrünü həkimlik peşəsinə bağlayıb. Allah ona böyük ürək, başqaları üçün yanmaq, onlara qayğı göstərmək bacarığı, səmimiyyət, sadəlik, bəxş edib.

Tanınmış cərrah Vüqar Abbasovla birgə çalışan, gündən-günə bacarıq və nüfuzunu artıran Xalidə özü də ona göstərilən diqqətdən olduqca razıdır. Əldə edə bildiyi bilik və bacarıq üçün Vüqar həkimə minnətdar olduğunu tez-tez dilə gətirir. Bir həkim kimi yetişməsində Vüqar həkimin rolunun böyüklüyündən fəxrlə danışır.

Yaşından asılı olmayaraq, hərə bir ailənin övladıdır. Valideyn istəyi ilə həkim mehri arasında bir oxşarlıq, eynilik vardır. Hamı balasının sağlam, xoşbəxt olmasını arzulayır. Xalidə xanım həm də mehriban anadır, bir qız övladı var. Allah onunla bərabər bütün balaları xoşbəxt eləsin!

Xalidə xanımla bir neçə dəqiqəlik söhbətdə anladım ki, o, bacarıqlı, tələbkar həkim olmaqla bərabər, sadiq dost, sədaqətli vətəndaş, elə, obaya bağlı insanlardır. Vüqar həkimlə iş birlikləri də hər ikisinə ucalıq və hörmət gətirir.

Oğlum Elxanın müalicəsində nümayiş etdirdiyi peşəkarlığa, göstərdiyi diqqət və qayğıya görə Xalidə xanıma ürəkdən minnətdarlıq edir, ömrün işıqlı, uzun və mənalı olsun – deyirəm.

Hacıməmməd Məmmədov,

İsmayıllı rayonu

Şərh Yaz