Azərbaycan mənim vətənimdir                            

Bu gün sizə mən danışım vətənimin yeraltı və yerüstü sərvətlərindən, bol məhsullu bağlarından, şəfalı sularından, xeyirli bitkilərindən, çiçəklərindən. Yada salım Abşeronun dillər əzbəri olan zəfəranını, zeytununu, ağ şanısını, qara şanısını.

Qubanın ağ almasından, Göyçayın narından, Qəbələnin, Oğuzun şabalıdından, Zaqatalanın fındığından, qozundan, Balakənin xurmasından, Gədəbəyin kartofundan, Şamaxının, Cəlilabadın bol üzümü…

Yaddan çıxmasın – Tərtərin günəbaxanı, İmişlinin şəkər çuğunduru, Hövsanın soğanı, Şəkinin halvası, pitisi, Gəncənin paxlavası, İsmayıllıda Lahıcın, Basqalın səməni halvası, Burodalın beçə balı, İsmayıllının qızıləhmədi alması, yaşıl meşələri, sərin bulaqları…

Cənub bölgəsini unutmaq olmaz – Lənkəranın, Astaranın limonu, naringisi, portağalı, feyxoası dadlıdır, ləzzətlidir.

Naxçıvanın cəvizi, əriyi, şəfalı duz yataqlarına söz ola bilməz.

Lerikdə, Yardımlıda dağlarda təbii otlarla qidalanan quzusunun kababından, danasının bozbaşından doymaq olmur. Hələ südünü, qaymağını, pendirini demirəm.

Qazağın, Tovuzun, Ağstafanın xəngəli, kələfuru, Lənkəranın ləvəngisi ləzzətlidir, dadlıdır.

Yemiş deyəndə Kürdəmir, qarpız deyəndə Sabirabad düşür yada.

Qubada, Qusarda, Lahıcda toxunan xalçalar, Şəkinin, Basqalın kələğayısı dünya şöhrətlidir.

Vətənimin hər bir guşəsinin torpağının altı da, üstü də zəngindir, faydalıdır. Ağ qızılı xoşbəxtlik gətirir bizə. Qışda çatır dadımıza Azərbaycanın öz qazı.

Taxıl zəmiləri bərəkətlidir. Əkib, becərən insanları cəsarətlidir.

Otuz ilədək erməni faşistlərinin işğalında olan Qarabağın xoş havası, Kəlbəcərin İstisuyu, Laçının beçə balı, Zəngilanın bol məhsullu torpaqları vətənimdir. Qarabağ Azərbaycandır!

Könül Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin 6 A sinif şagirdi

 

Şərh Yaz