Vətənpərvərlik tərbiyəsi mühüm amildir                       

Hərbi vətənpərvərlik hissi insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarıqlarına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Gənc nəsil torpaqlarımızın işğal altında qalması ilə barışa bilmirdi. Nəhayət erməni işğalına son qoymağın vaxtı çatdı. Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Vətən müharibəsi başladı. Bunu biz həm də İkinci Qarabağ Müharibəsi adlandırırıq. Çünki, bu müharibədə 30 ilə yaxın erməni işğalı altında olan doğma torpaqlarımız azad edildi. 44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycanın şanlı ordusunun qələbəsi ilə başa çatdı. Bu qələbə ilə müzəffər ordumuz yeni tarix yazdı. İgid əsgərlərimizin qanı, canı bahasına torpaqlarımız işğaldan azad olundu. Hər bir əsgər qələbə əzmi ilə vuruşurdu. Əsgərlərimizin hər birində Şuşa şəhərini azad etmək, qələbə çalmaq kimi ruh yüksəkliyi vardı. Bu yolda qalib gəlmək üçün şəhidlik zirvəsinə yüksəlmək onların hər biri üçün şərəf idi.

Əsgərlərimiz Ali Baş Komandan İlham Əliyevin “Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” sözlərindən ruhlanıb hər bir qarış torpaq uğrunda döyüşdə qəhrəmanlıq göstərirdilər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışlarında bu fikrə daha çox üstünlük verirdi: ”Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Gənclər elə yetişməlidir ki, onlar üstün dəyərlərə, vətənpərvərlik, dövlətçilik və xalqa bağlılıq ruhuna malik olsunlar. Gənclərimiz gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsinlər”.

Bir müəllim kimi mən pedaqoji fəaliyyətim dövründə çalışıram ki, məktəblilərin vətənpərvərlik tərbiyəsinə daim diqqətlə yanaşım. Ağdabanda, Meşəlidə, Bağanis ayrımda, Ballı qayada Qaradağlıda, Daşaltında, Xocalıda bir sözlə işğal altında olan bütün ərazilərimizdə erməni separatçılarının törətdikləri qətliyamlar, soyqırımlar haqqında tədris etdiyim dərslərdə şagirdlərə ətraflı məlumat verirəm. Şagirdlərə izah edirəm ki, biz bu qətliyamları heç vaxt unutmamalıyıq. Çünki, unudulan qətliyamlar təkrarlana bilər. Biz erməni xislətini, erməni terrorunu, erməni faşizm ideyalarının nəticəsində başımıza gələn tarixin dərslərini heç vaxt unutmamalıyıq.

Hərbi vətərpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının ölkənin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. 44 günlük vətən müharibəsi onu göstərdi ki, gənc nəsil otuz ilə yaxın bir müddətdə əsl vətənpərvər, millətini, xalqını, vətənini ürəkdən sevən nəsil kimi yetişib.

Müharibədə qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə yüksələn igid, cəsur  əsgər və zabitlərimiz haqqında şagirdlərə ətraflı məlumatlar verirəm.

Məktəbimizdə Vətən Müharibəsi Qaziləri, müharibə iştirakçıları ilə görüşlər keçirilir. Şəhid şagirdlərimizin doğum günləri qeyd edilir və məzarları ziyarət olunur.   Azərbaycan xalqı 44 günlük qələbəmizdə xüsusilə qəhrəmanlıq göstərən Ali Baş Komandanımız İlham Əliyevlə, müzəffər ordumuzla fəxr edir. İqtidar, xalq birliyi dəmir yumruqda birləşdi və qalib gəldi.

Xatirə Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı  müəllimi

 

 

 

 

 

 

 

 

Şərh Yaz