Ürək onu dost kimi tez-tez dilləndirir                        

Turac Məmnun imzası “İsmayıllı xəbərləri” qəzetinin oxucularına tanışdır. O, rayonun Buynuz kəndində anadan olub. Bu yerin havasından, suyundanmış kimi, erkən yaşlarından şeirlər, təmsillər yazmağa başlayıb. Şair Mövlud Teymurun ailəsində dünyaya gəlmiş Turac orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filalogiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsi alıb.

Şeirdən-şeirə püxtələşən gənc şairənin qələm nümunələri respublikanın bir sıra qəzet və jurnallarında  “Kredo”,  Zəfər qalası”, “Gənc müəllim”, “Girdiman”, “İsmayıllı xəbərləri” qəzetlərində, “Söz” ədəbi jurnalında dərc olunub.

Yaradıcılığı diqqət çəkdiyindən o, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. “Araz”, “Qızıl Qələm”, Prezident mükafatçısıdır.

T.Məmnunun şeirləri Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xadimləri Müşavirliyi, Azərbaycan Yazıçılar Birliyi, Qafqaz Müsəlmanları İdarəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən müsabiqənin qaliblərindən biridir. Peyğəmbərimizi vəsf edən “Peyğəmbər adlı şeiri “Nəti-Şərif” almanaxında yer alıb.

Turac Teymurova (Məmnun) öz doğma kəndində sevdiyi ixtisas üzrə pedaqoli fəaliyyətdədir. Yaradıcılıq isə gündəlik ürək dostu kimi onu tez-tez dilləndirir.

Turacın çapdan çıxmış “Bir ümid yağışında” adlı kitabı oxucularına dəyərli töhfədir. Gənc yazarımıza yeni yaradıcılıq uğurları arzulayıb, şeirlərindən bir neçəsini oxucularımıza təqdim edirik.

Ş.Dağlaroğlu

 

Cığır

 

Yenə açılır səhər,

Yenə yetişir gecə.

Önümüzdə yol, cığır,

Ömür boyu beləcə…

 

Sıralanır qarşıda,

Gedirik irəliyə.

Aramla, yeyin-yeyin,

Yola qovuşaq deyə.

 

Hər cığırda bir cürə,

Ürəyimiz döyündü.

Həyatın hər çığırı

Açılmamış düyündü.

 

Həyat

 

Həyat sonsuz bir yaşam,

Ömür onun meyvəsi.

İnsan hüdudsuz ruhun

Qanadlanmış gur səsi.

 

Ömür keçir aramsız.

Biz sahildə, limansız.

Geri qalan həyat da

Əl çatmayan vəfasız.

 

Biz ümmanda od kimi,

Suya hopmaz yad kimi.

Ruzgarlara bənd kimi

Yolumuzda aramsız.

 

Birinci zəng

 

Birinci zəng, birinci zəng,

Hər bir qəlbdə bir inci zəng.

Səslən, səsin bizi ansın,

Önümüzə işıq salsın!

 

Dərsə çağır sən bizləri,

Yada salaq biz dərsləri.

Uğur olsun yolumuza,

Böyük, ülvi arzumuza!..

Şərh Yaz