Nizami Göyçəli   Göyçə həsrəti                                    

Dünya göstərəndə etibarını,

Günəş şəfəqləri söndü, közərdi.

Sükut da öz qara qanadlarını,

Dərənin, təpənin üstünə sərdi.

 

Qərib ayrılıqlar araya düşmüş,

Gecə asimanı necə qaraltdı,

Ayaqlar altında daim düzülmüş,

Körpülər, səkilər, sakitcə yatdı.

 

Lakin bu yuxusuz, bu lal gecədə,

Uzaq, çox-çox uzaq yerlərdən gələn.

Ürək tab gətirir, dözür necə də –

Həzin bir inilti eşidirəm mən.

 

Bu həzin inilti, müqəddəs Göyçəm,

Sənin o yaralı qəlbindən gəlir.

Çölümdə toy səsi, içimdə matəm,

Arzun arzumuza necə tən gəlir.

 

Sən mənim canımsan, mən ruhsuz bədən,

Mənim dərdli anam, sənin körpənəm.

Yaralı qəlbinlə sənin, ey Vətən,

Gecə də, gündüz də danışan mənəm.

 

Yarım

 

Olmasın bir günüm sənsiz,

Hər dərdimi qanan yarım.

Mən ki, sənə inanmışam,

Sən də mənə inan, yarım.

 

Ömrümü vermərəm bada,

Yar sirrini vermə yada.

Göylər dözməz bu fəryada,

Necə dözsün bu can, yarım?

 

Zülmün ara vermir bir an,

Müjganınla tökürsən qan.

Qüvvədədir o əhd-peyman,

Canım sənə qurban, yarım!

 

Sevgi yaraşıq adına,

Bu aşiq yetər dadına.

Mən fağırı sal yadına,

Yetər yatdın, oyan, yarım!

 

Düşüncələr

 

Həyatın dəyişməz qanunları var,

Doğmalar tərk edir bizləri bir-bir.

Hər doğma gedişi bir dərd, bir qubar,

Salamsız gələnlər, vidasız gedir.

 

Xəbərsiz, ətərsiz getdi yaxınlar,

Qalmışam tək-tənha, kimsəsiz, qərib.

Yağdı yay günündə saçlarıma qar,

Nə edim, qisməti fələk göndərib.

 

Baxıram ətrafa, kimim qalıbdır,

Mən ölsəm halıma kim ağlayacaq?

Doğmalarım gedib, dərdi qalıbdır,

Gələnim, gedənim onlardır ancaq.

 

Yaxşı da, yaman da gedir dünyadan,

Bircə ürək belə qırmamışam mən.

Nə vaxtsa qəbrimin önündə duran,

“Rəhmət!” – kəlməsini deyər ürəkdən.

Şərh Yaz