Boz atlı Gülalı                                                              

Ataya itaət Allaha itaət, ataya üsyan Allaha qarşı üsyan deməkdir.

Hz.Məhəmməd Peyğəmbər

 

1937-1959-cu illərdə Boz atlı Gülalının 10 uşağı dünyaya gəlmişdir. O, bağ-bağçası, torpağı, əkin-biçini, təsərrüfatı olmadan bu böyük ailəni bir boz atın, bir inəyin, bir dövlətdən aldığı uşaq pulunun, bir də beş-altı toyuq-cücənin hesabına saxlamışdır. Özü də elə saxlamışdır ki, bəy balası kimi. Bir inək saxlamaqla həyat yoldaşı Balabacı xanım həm balalarını ağartı ilə gen-bol yedirtmiş, həm də yağ qalğasını heç vaxt boş qoymamışdır. Uşaqlar da bir qayda olaraq hər il payız-qış aylarında yun sapdan toxunmuş al-əlvan ləzgi corabları geyinərdilər. Bunların hamısını ana özü toxuyardı. Bir sözlə, ana bu evin daxili işlər naziri, ata isə xarici işlər naziri sayılardı. Daxili işlərin hamısına Balabacı ana, xarici işlərə isə Gülalı kişi cavabdeh idi. Ananın iş yolu evdən bulağadək, atanınkı isə ucu-bucağı görünməyən şəhər və kəndlərdən keçərdi. O qədər başları qarışıq olardı ki, heç vaxt bir-biri üçün darıxmazdılar. (Əvvəli ötən nömrələrdə)

***

Qonşusu Gülməmməd kişi də qoçaqlıqda Gülalı kişidən geridə qalmazdı. Müharibədə bir qıçını qoyub gəlməsinə baxmayaraq, o da on nəfər uşağı (qonşu-qonşuya baxar, özünü oda yaxar) firavan saxlayardı. Qonşuluqda yalnız fərqləri onda idi ki, Gülməmməd Hidayətovun iki arvadı var idi. Arvadlardan biri ev işinə baxırdı, o biri çöl işinə. Biri 9 uşaq doğmuşdu, biri də yeganə – bir dənə. Qadınlar da, uşaqlar da o qədər mehriban idilər ki, hamı onlara həsəd aparırdı.

Amma bir dəfə (1952-ci ildə) Gülməmməd kişi arvadı Surəyyanı döydüyünə görə o, gedib məhkəməyə vermişdi. Yaz vaxtı məhkəmə səyyar vəziyyətdə Basqal mədəniyyət evində aparılırdı. Mən də o məhkəmədə iştirak edirdim. Məhkəmə Murtuza Ağayev idi.

O, Gülməmməd kişiyə sual verdi:

– De görüm, ailədə neçə nəfərə qulluq edirsən?

Gülməmməd cavabında dedi:

– Möhtərəm hakim, 32.

– Kimdir onlar?

– Yazın: arvad-2, uşaq-10, at-1, inək-1, qoyun-3, keçi-2, it-1, toyuq-cücə-10.

Söhbət bu yerə çatanda məhkəmə əsəbləşib dedi:

– Otur yerə, yaramaz. Qoyun-keçi, it-pişik məgər ailə üzvüdür?

O, əsasını bərk-bərk yerə vuraraq dedi:

– Bəli, mən ailədə 32 canlıya xidmət edirəm. Onların hamısı mənim əlimə baxır.

Salonu gülüş sədaları bürüyəndə məhkəmə sakitlik yaradıb dedi:

– Ailənin böyük olduğunu nəzərə alaraq güzəştə gedib, səni 720 manat cərimə edirəm.

Gülməmməd kişi halını pozmadan dedi:

– Möhtərəm hakim, siz məni yox, uşaqları cərimə edirsiniz, onların çörəyini kəsirsiz.

…Əvvəllərdə qeyd etdiyim kimi, Gülalı kişinin evi tez-tez qonaq-qaralı olardı. Bu iki mərtəbəli, mədəniyyət evinə bənzəyən yarlı-yaraşıqlı binada o illərdə kimlər olmazdı: kənd sovetinin sədrləri Şafa İsmayılov, Simran Əsədov, kolxoz sədrləri Səməndər kişi, Ağacəfər Aslanov, Həsənpaşa Səlimov, milis müvəkkili Mütəllim Mütəllimov, Pirəbilqasım kəndindən Səfəralı, Nəzər, Şükür Bəkirovlar, Tircandan Uzun Kərim, Novruzalı Ələkbərov, İsmayıllıdan Səmid müəllim, Şahali müəllim, ləzgi çobanlar – Carulla, Sərfi, Sədri, Həmid, Məcid (qardaşlar), Zərnavadan Xasay Ağayev, Xələf Abdulsəməd oğlu, Lahıcdan nalbənd Əbil, agent Məhəmmədyusif, Namazgah kəndindən Məhərrəm İslamov, meşəbəyi Süleyman, Sumqayıtdan Mürsəl Həmidov, Maqsud Abdullayev, Məqsəd Quliyev, İsmayıl Fars oğlu, Kürdəmirdən Qeyrət Baxşıyev, Moskvadan Alxan Babayev və başqaları. Onların çoxu bu evin daimi sakinləri idi.

Yazıçı Əbülfəz Abasquliyev də bir-iki dəfə Gülalı kişinin qonağı olmuşdur. Bir gün o, Kəlfərəcə gələrkən adəti üzrə, ikinci mərtəbədə oturub çay içirdi. Ətrafında qonşu kəndlərdən də xeyli adam toplaşmışdı. Onlar yeyib-içir, deyib-gülürdülər. Bəziləri haqqında müfəssəl məlumat toplayan Əbülfəz müəllim birdən meşədə odun doğrayan, basma quran bir kişiyə – Oruc İslamova işarə ilə dedi:

– Bəs bu kişi nə iş görür?

Kolxoz sədrinin sürücüsü Hicrət Mikayılov fürsəti əldən verməyərək dedi:

– O, meşəçidir, təbiət vurğunudur. Nə qədər desəniz, ağacları “yeniləşdirir”, kəsir, doğrayır…

Əbülfəz müəllim söhbətini davam etdirərək dedi:

– Oğuldan-uşaqdan nəyi var?

Yenə Hicrət başladı cavab verməyə:

– 17 ildir quyu qazır, hələ heç bir işartısı yoxdur.

Əbülfəz müəllim bu cavabdan bir şey başa düşmədi.

– Necə ki, quyu qazır? Onun başqa peşəsi də var?

Hicrət cavabında bu sualı da aydınlaşdırdı:

– Bilirsiniz, 17 ildir evlənib. Hələlik uşağı yoxdur. Bunu mən zarafat üçün dedim. Çünki Oruc kişi zarafat sevən, gənclərin qəlbini oxşayan, hərdən meşədə bizi pürrəngi çaya, quyruq kababına, meşə nemətlərinə qonaq etdiyinə görə bu yerlərdə hamı onu sevir, söhbətlərini dinləyir, zarafatlarından incimirlər.

– Gənclər necə, burada iş-güc tapıb işləyir, vaxtında ailə həyatı qura bilirlərmi?

– Bəli.

– Qoy elə olsun. Bilirsiniz, oğlanlar və qızlar vaxtında ailə qurub, xoşbəxt olanda valideynlər nə qədər sevinirlər?! Ulularımız əbəs yerə deməyiblər ki, Allah-Təala qızlarımıza əl çörəyi deyil, ər çörəyi qismət eyləsin. Bir də, onlar övladı çox gözəl qiymətləndiriblər. Deyiblər ki, oğul ailədə nemət, qız isə zəhmətdir…

Boz atlı Gülalı kişi xaricən çox sakit, başıaşağı, azdanışan və yerbilən olduğu kimi daxilən görüb-götürən, hər şeyə dərindən fikir verən, bu günün işini sabaha qoymayan adam idi. Odur ki, nə onun özündə, nə ailəsində, nə övladlarında, nə də qulluq etdiyi atında bir nöqsan tapa bilməzdin. Həmişə özü kimi uşaqlarını da zəhmətə alışdırardı. Deyərdi ki, istər kənddə ol. istərsə də şəhərdə, fərqi yoxdur, harada olursan-ol,  işləmək, tər tökmək, pul qazanmaq, özünə ev-eşik, ailə qurmaq, xalqın etimadını vaxtında doğrultmaq lazımdır. Öz nəslindən miras qalanların hamısını yaşatmaq böyük bacarıq, böyük hünər tələb edir.

Onun bu dediklərini xatırlayanda həmişə yadıma şair Əlağa Kürçaylının bu misraları düşür:

Mən həmin kəndlinin balasıyam ki,

Zəhmət böyüdübdür neçə nəslimi.

Ölüncə bu sayaq qalasıyam ki,

Mənə deməsinlər danıb nəslini…

Ataların belə bir məsəli var: “Divarı nəm yıxar, insanı qəm”.

Əziz gənclər, mən Boz atlı Gülalı kişinin ailəsinin timsalında sizə tövsiyə olaraq deyirəm: Elə oxuyun, elə çalışın, elə işləyin ki, heç zaman başqasının malında, pulunda, var-dövlətində, naz-nemətində gözünüz qalmasın. Qoy başqaları sizdən ibrət götürsünlər, sizdən öyrənsinlər. Çalışın ki, heç zaman nə divarınız nəmli olsun, nə də qəlbiniz qəmli.

(Ardı var)

İldırım Dəmirli,

Respublikanın Əməkdar jurnalisti

Şərh Yaz