ZÜLFİYƏ MÖMİNOVA                                 

 

1959-cu ilin iyul ayının 15-də Səmərqənd vilayətinin Narpay rayonunda anadan olub. Orta məktəbi bitirib. Böyük Kurqan Pedaqoji Kollecində oxumağa başlayıb.

Özbəkistan Milli Universitetini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq kitabın müəllifidir. “Dostluq” və “Əmək şöhrəti” ordenləri ilə təltif olunub. “Qızıl qələm” milli mükafatına layiq görülüb.

 

ANA DİLİM

 

Ana dilim – qızıldan üstün,

Sənsiz olsam, kim olaram mən?

Gedər-gəlməz yollarda itib,

Daş olaram, çim olaram mən.

Ana dilim, sənsiz saralıb,

Zirvədə təslim olaram mən.

Özgə dillər səltənətində

Bir aciz, yetim olaram mən.

Kimsə dedi: “Bəxtsiz dil – bu dil”,

Səni bəxtsiz edən mənəmmi?

Öz anası bir yanda qalıb,

Özgə dilə meyl edənəmmi?

De, nə etsəm bağışlarsan?

Çörəyini israf etdimmi bir an?

Buxaritək imanlıyam, de!

Termiz kimi, insaflıyam, de!

Orxandan Yeniseyə qədər.

Hakim dilim, qurban dilim de!

Hacı Hacubə inam dilim de!

Şah Baburtək çöl, səhra gəzib,

Tacsız qalan sultan dilim de!

Gəl, ayağına başımı qoyum,

Salamat çıxdın alovlardan

Balam – deyib beşikdən aldın,

Qulağıma oxudun  azan.

Mənim üçün səndən ulu yox,

Ana dilim – basılmaz şahım.

Səhvimi bağışla, əvf elə,

Ana dilim – cümlə pənahım.

Allahımı tanıdan heyrət,

Nə eləsəm məndən razısan?

Nəvaitək möhtəşəm həzrət,

Qaşqarinin canamazısan.

Övliyalar tutan təsbehsən,

Dağılmaz, torpaq olmazsan.

Alovlardan keçən Kaknussan,

Sən ölməzsən! Yox, ölməzsən!

Əlyazmalar yanmır, yanmaz,

Qorunub durar möhkəm divar.

Laqeydliyi əldən buraxın,

Var, düzəlmə dilşünaslar var.

Mənimçün səndən ulusu yox,

Ana dilim – basılmaz şahım.

Sən varsansa, demək özbək var,

Ana dilim – cümlə pənahım!

 

TƏBİƏTƏ ANA DEDİK

 

Təbiətə ana dedik,

Sığalladı başımızı.

Sonda ona çirkab atdıq,

Həm laqeydlik daşımızı.

 

Birləş desə, birləşmədik,

Batan qılıncmış hər yan.

Eşidirik haralarda,

Qırılmaqda min-min can.

 

Təbiətə ana dedik,

Ağ südünü içdik, itdi.

Biz xəyanət etdik ona,

O, bağrıgen, əfv etdi.

 

Yara vurub ürəyinə,

Biz könül toyun etdik.

Çörək verən əlini,

Dişlədik, oyun etdik.

 

Təbiətə alov saçdıq,

Sönmür, gərəkdir yana.

Dünyada işlər gördük,

Çətin ki bağışlana.

 

Oğru olduq məscidlərdə,

Məzar başında güldük.

Yaşıl meşəlikləri

Yandırmağı iş bildik.

 

Alovlandı böyük ağac.

Quşlar yatan yuvalar.

Od içində qaldı maral –

Digər boğaz heyvanlar.

 

Tövbə! Tövbə! Tövbə edək,

Qışqıraq, var gücümüz.

Köz içində buztək yatır,

Geniş bağlar, dərə, düz.

 

Ver! Ver! – deyib darta-darta,

Süfrələr cırmışıq biz.

Balığını yeməklə,

Yemişik böyük dəniz.

 

Nə vaxtadək?! Kim bağışlar?!

Əl-qol açmış bu şeytanı.

Orucluqda araq içib,

Meyə uymuş müsəlmanı.

 

Bax! Təbiət qisas alar,

Udmaqdadır “taclı ilan”.

Adam olub birləşməsək,

Bir kimsəyə olmaz aman.

 

Bir gəmidə yol gedirik,

Qismətə bax, bu gəmi var.

Tufan qopan dənizdəyik,

Söyləmə ki, mənə nə var?

 

Yerində dur!  Dualar et!

Gəlmə, gəlmə mənə tərəf!

Bir gəmiyə yığışsaq biz,

Gəmi batar, olar tələf.

 

Qalib olub tərk eləyək,

Sınaq adlı  bu meydanı.

Çiynimiz üstdə daşıyaq,

Anamız  Özbəkistanı!

Şeirləri özbək dilindən Azərbaycan dilinə şair Şahməmməd Dağlaroğlu uyğunlaşdırıb.

 

Şərh Yaz