GÜLZİRƏ ŞƏRİPOVA                                           76

 

Gülzirə Haşımcan qızı Şaripova 1957-ci ildə Oş vilayətində anadan olub. Ali təhsillidir. Daşkənd Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.  Məhkəmə, prokurorluq, icra və ədliyyə orqanlarında çalışıb. Hazırda “Demokratiya və insan hüquqları” institutunun Daşkənd vilayət ərazi bölməsinin direktorudur.

 

SƏNİ CANDAN SEVİRƏM MƏN

 

Hicranından olub ürəyim xəstə,

Gah şad olur, gah da deyir şikəstə.

Sevgim köçüb, tablaşıram mən asta,

Yenə səni gözləyəcəm.

 

Safdır məhəbbətim, eləmə sən ar,

Könlüm ağlar, eşq yolunda olub zar.

Yollarında gözüm qalıb intizar,

Yenə səni gözləyəcəm.

 

Sənsiz  bilirsənmi, qış olur günüm,

Gəlsən, çıraqbandır gecələr önüm.

Əgər haraylasan: “Gəl!” – deyə, gülüm,

Sənin hüzuruna mən gələcəyəm,

Səni candan sevəcəyəm.

 

ANAMIN XATİRƏSİNƏ

 

Ana, qucağından ayrıyam bu gün,

Sənsiz guya səhra, bizim evimiz.

Yaxınlarım da  yanımdadır, lakin,

Ürəyim ağlardır, ayrılmışıq biz.

 

Bu evdə oturmaq nə qədər müşkül,

Sənsizliyə öyrəşə bilmir ürək.

Solub gedir ürəyimdə bir gül,

Qayıdıb daha da yanmağım gərək.

 

Mən də gedəcəyəm, heç qalmadı ərk,

Səni axtarmağa varmı doğru yan?

Gedəcək yollarım açıqmı, ya bərk,

Ürək naləsini edirəm bəyan.

 

Səndən aralıyam, yox özgə həyan,

Həyat isə durmaz, o, davam edər.

Gözünün önündə üzülsə anan,

Hətta daşlar belə əriyib gedər.

 

Ah, bu cür dərdlərə tab etmək müşkül,

Valideyn yaradan, o verir həyat.

Döşə ayağına qucaq-qucaq gül,

Eylə ürəyini həmişə  abad.

 

Könlüm bir də səni dada biləydi,

Həmin dərdlər ilə bir daha yanam.

Taleyim üzümə bir də güləydi,

Görüşə biləydik məhşərdə, anam!

 

KƏPƏNƏK

 

Çəmənlərdə uçan kəpənək,

Qanadlarının yoxdu tayı.

Uşaqlara tutulmağın istək

Görmüsənmi səmanı, Ayı?

 

Yenə də şadlan, uç biqubar,

Uçub qon, bağrıgen güllərə.

Bir günündə həyat zövqü var,

Ömrün tən olsun yüz illərə.

 

QƏRAR

 

Salamat qal, bağrıdaşım,

Qaldı bağrım, nə edərəm?

Mərcana döndü göz yaşım,

Başımı alıb gedərəm.

 

Çətin sənin  ah çəkməyin,

Dörd  tərəfdən gəlir azar.

Tapılmırsan, mən gedirəm,

İzlərimdə  silinmə var.

Getmə, – deyib yalvarma sən,

Qalmağıma yoxdur hacət.

Sevgi dolu ürək qırıq,

Sındırdı onu xəyanət.

 

Eşq dəyəri ucuzlaşıb,

Ürəklərdə gün, an yox.

Saxta ah-vay olan yerdə,

Məhəbbətə meydan yox.

Şeirləri özbək dilindən Azərbaycan dilinə şair Şahməmməd Dağlaroğlu uyğunlaşdırıb.

 

Şərh Yaz