ABDULLA VƏHŞ                                     

 

1962-ci ildə Surxandərya vilayətinin Vəhşivar kəndində anadan olub. 1980-85-ci illərdə hərbi xidmətini Əfqanıstanda keçirib. 1990-cı ildə ÖzMU-nin tarix, 2000-ci ildə DaşDİU-nin iqtisad fakültəsini bitirib. 1992-ci ildən ÖzMTRK sahəsində çalışır.

“Sizi yaxşı tanıyıram”, “Eşq ağacı”, “Cənnət yurdum” şeir kitabları, həm də iyirmidən artıq hekayə və nəsr əsərlərinin müəllifidir.

Beynəlxalq Avrasiya Xalqları Assambleyası, Beynəlmiləl Yazıçılar Birliyi, Mərkəzi Asiya Yazıçıları Tarixçiləri Birliyinin üzvüdür.

 

ÖZÜNDƏN ÖZGƏNİ

 

Yazdım… ürəyimin özünə yazdım,

Atlaz qırışıtək… batıq, çapıqlar…

Ayağımı qucub, ağlını azdın…

Ah!.. Bizim eşqimiz!.. Dəli, ağladar…

 

Yazdın… ürəyini ovcuma çəkdin,

Əlimi yandırdı bütün cızıqlar…

Basdın… bu basmaqda dəli qəzəbin –

Daha da dərinə batdı yazılar.

 

Kağızı yandırdı kül olan ürək,

Kədər töküb uçdu hisslər  – zəfəran.

Çağırdın… mən isə dönüb gəlmədim,

Yollar həsrətindən saraldı, canan…

 

Yolların həsrəti məni də üzdü,

Köksümdə yanar köz qaralır hər an.

Özündən özgəni sevə bilmədim –

Əlinin istisi getmir canımdan.

 

***

Allah, könlüm Səninkidir, eşqim Səninki,

Aldığım nəfəs, gülüşüm, aşiqliyim Səninki.

 

Sənsiz bu qəlbə Eşq-Məhəbbət girə bilməz,

Könüldə nurlanan Sevgili, hüsnün, Səninki.

 

Kimi qəlbi nurlandırdı, kimlər isə sındırdı,

Bilməz, bu qəlb sevginindi, ondakı ad Səninki.

 

Fərd olardımmı Sənsiz, ya ellər içində Abdulla?

Vəhş söyləsələr həm də, canım, cismim Səninki.

 

***

Nə mən səninkiyəm,

Nə də sən mənim,

Sakitcə yatıram

Sən də səs-səmirsiz, sakit,

Mənim dözümümün dan yeri gözəl –

Sən də əsil gözəl, sükunətdə tam!

Ya şirin dodaqlı,

Ehtiyatlısan,

Qənaətlə,

Hətta səs çıxarmırsan…

Bunca nəzakətli və mehribansan,

Ya da mən…

Ölütək xəsis, sözqıymaz…

Hər necə olsa da, varlığın  gözəl

Kimə maraq, o cür, bu cür yoxluğum?

Sakitcə  gözləyirsən,

Mən də səssiz-səmirsiz, sakit –

Nə mən səninkiyəm,

Nə də sən mənim…

Şeirləri özbək dilindən Azərbaycan dilinə şair Şahməmməd Dağlaroğlu uyğunlaşdırıb.

 

 

 

 

 

 

Şərh Yaz