HAQQI TAPDALANAN MÜTTƏFİQ “QARDAŞ” VƏ YA REYSTAQ ÜZƏRİNƏ İLK BAYRAQ SANCAN MƏMMƏDOVUN GÜLLƏLƏNMƏSİ                             

 

Faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etdiyimiz bir zamanda ulu öndər Heydər Əliyevin bir çıxışında söylədiyi fikrini xatırlatmaq istəyirəm; “ Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olub”.

Bəli, 1941-45-ci illər ərzində Azərbaycandan cəbhələrə 700 minə yaxın adam göndərilmişdir ki, onlardan 40 mini könüllülər olmuşdur. İçərisində atam da olmaqla 320 mini döyüş meydanından geri dönməyiblər. 400 mindən çox oğul və qızlarımız qəhrəmanlıq göstərərək orden və medallara layiq görülmüşlər. 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi şərəfli ad almışlar. Müharibənin gedişində təşkil olunmuş 5 milli diviziyamızdan biri olan 416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərdən biri olmuş, faşizm üzərində qazanılan qələbədə mühüm rol oynamışdır (!). Azərbaycanlılar Avropanın müxtəlif ölkələrində, o cümlədən, İtaliya və Fransada faşizmə qarşı yaradılmış müqavimət hərəkatında fəal iştirak etmişlər, igidlik göstərmişlər. Bu gün Ermənistan faşist rejimini dəstəkləyən, Azərbaycana qarşı isə sərt bəyanatlar səsləndirən təkcə Fransada 3 mindən çox azərbaycanlı müqavimət hərəkatında iştirak etmiş, çoxları bu yolda canlarını qurban vermişlər.

Müharibənin aclıq və səfalətini, dəhşət və vəhşətini yaşamış bir insan kimi xatırlayıram ki, Azərbaycanın bütün iqtisadiyyatı, məişətimiz bütünlüklə ordunun ehtiyaclarının ödənilməsinə yönəldilmişdi. Min bir əziyyətlə becərdiyimiz taxıl, bəslədiyimiz mal-qara, toyuq-cücə məhsulları, yorğan-döşəklərimizin yunu əlimizdən alınaraq cəbhələrə göndərilirdi.

Bir çox mənbələrdən, mətbuat və tarixi kitablardan əldə etdiyim faktlara əsaslanaraq qeyd edirəm ki, Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib. Döyüşlərdə iştirak edən hər 4 tankdan, avtomaşından, hərbi gəmidən biri, 5 təyyarədən isə biri Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi.

Bir qarına ac, bir qarına yarımcan olan, istirahətin nə olduğunu bilməyən, ər və oğullarını, qardaş və bacılarını müharibəyə göndərmiş insanlarımız bütün döyüş illərində Bakı zavodlarında 130 adda müxtəlif növ silah-sursat və başqa hərbi ləvazimat istehsal edilirdi.

Hörmətli oxucular, bilmirəm yuxarıda adını qeyd etdiyim Taqanroq diviziyasının önündə mötərizə arasında (!)-işarəsinə fikir verdiniz, ya yox. Bunu bilərəkdən etdim ki, Taqanrok divziyasına olan marağınız artsın. Bəli, Berlinə ilk ayaq basan, Brandenburq qapıları önündə müharibənin bitdiyini bildirən sonuncu gülləni atan, Reyxstaq üzərinə Qələbə bayrağını ilk sancan bu diviziyanın əsgərləri olmuşdur. Lakin Hitler faşizmi üzərində qələbədən 76 il keçməsinə baxmayaraq ədalət hələ də öz yerini almamışdır. Göstərilən bu igidlik rus Mixail Yeqorovun və gürcü Melitonom Kantariyanın, daha sonra isə Sorokin, Bulatov, Kovolyov və daha neçə nəfərin adı ilə bağlanılıb. Başqa bir versiyaya görə gürcü Kantariyanın adının bu siyahıda yer alması, Stalinin təkidli tələbi ilə olmuşdur. Bir çox tarixçilər, habelə Rusiyanın “NTV” kanalı bu barədə dəfələrlə məsələ qaldırmış və müzakirə etmişlər. Onlardan bəziləri barədə sizləri məlumatlandırmaq istəyirəm.

Rusiyanın NTV kanalında nümayiş olunan intelektual verilişlərin birində iştirakçılara azərbaycanlıların Böyük Vətən müharibəsi zamanı göstərdikləri şücaətdən bəhs edən belə bir sual təqdim olunub: “1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib?” İştirakçılardan biri dərhal bu cavabı verib;

“Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını sancıblar”.

Bundan başqa Brandenburq qapıları önündə keçirilmiş mitinqdə çıxış edən general V.P.Zubov  bu sözləri demişdi:

“Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Bu hadisə haqda müxtəlif sensasion xəbərlər mövcuddur. Onların arasında siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Zaur Əliyev Berlinə ilk olaraq azərbaycanlıların Taqanroq diviziyasının daxil olduğunu deyərək, çox mühüm bir məqamı açıqlayıb:

“1945-ci il aprelin 21-də Berlinin çox hissəsi Taqanroqun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reystaq ətrafı idi və Brandenburq darvazasının yanı idi. Brandenburq darvazası mayın 2-də faşistlərdən təmizlənəndən sonra Taqanroq diviziyasının döyüşçüləri Məmmədov, Əhmədzadə, Berejnoy, Andreyev leytenant Məcidovun rəhbərliyi altında buraya Qələbə bayrağını sancdılar. Lakin marşal Jukov deyir ki, Qələbə bayrağını Berlinə rus əsgəri sancmalıdır və bunun üçün nə lazımdırsa, dərhal edilsin. Bundan sonra ora hərbi müxbir, fotoqraf Yevgeni Xaldeyin getməsini əmr edirlər. Həmin bayraq sancılan yerə gələn rus zabiti azərbaycanlı hərbçiləri çağırır və hamının gözü qarşısında Məmmədovu güllələyir və digərlərini isə hədələyir. Bu zaman Taqanroq diviziyasına azərbaycanlının güllələndiyi barədə məlumat verilir. Bunu eşidən diviziyanın baş zabiti hadisə yerinə gəlib, Məmmədovu güllələyən rusun ayağı altına qumbara atır və onu partladır. Daha sonra həmin zabiti dərhal tutub, Sibirdə ən soyuq yerdə həbsxanaya atırlar”.

Beləliklə, Jukovun arzusu ilə rus əsgər Aleksey Kovalyov Reystaq üzərində Qələbə bayrağını “ilk dəfə” sancır. Fotoqraf Xaldey bu vəziyyətdə onun bir neçə şəklini çəkir və Jukovun xoşuna gələn ən yaxşı variantının yayılmasına icazə verilir. Şübhəsiz ki, burada erməni Baqramyanın və digər “yan”ların da barmaqları olmamış olmazdı. Məhz başda Mikoyan olmaqla “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülən bir çox igidlərimizin təqdimatları icra edilmədən bu günə kimi arxivlərdə üstlərini toz basır.

Bu, keçmiş sovet rəhbərlərinin türkə və türk millətinə qarşı bəslədikləri antoqanist nifrətin nə birincisi, nə də sonuncusu idi. Əli türk qanına batmış cəllad Stalinin 30-cu illərdə törətdikləri represiyalardan, 1948-52-ci illərin qanunsuz köçürmələrindən sonra onun estafetini  Xruşşov-Mikoyan cütlüyü, daha sonra Qorbaçov davam etdirdi. Xruşşov, Mikoyanın diktəsilə Beynəlxalq Nobel mükafatına təqdim olunmuş Yusif Məmmədəliyevin təqdimatını “hərbi sirr” adlandırıb şeytan kimi yolvuranlıq etdi, Arpaçayı milyonlarla dövlət vəsaiti hesabına tunel vasitəsilə Sevana axıtdı, Naxçıvanı susuz qoydu, səhraya çevirdi. Erməni oyuncağı olan Mixail Qorbaçov arvadı Raisaya ermənilərin bağışladığı qiymətli üzük müqabilində Qarabağı Ermənistana verəcəyinə vəd etdi. Çoxlu sayda günahsız insanların qətlinə, gələcəkdə Xocalı şəhərinin sakinlərlə birlikdə yer üzündən silinməsinə rəvac verdi. Bugünkü ruhlar diyarı Ağdamın, Fizulinin, Laçının, Kəlbəcərin, Zəngilanın, Qubadlının, Şuşanın, yüzlərlə kənd və qəsəbələrin uçurulub yerlə yeksan edilməsinə, viran qalmasına ilkin təkan verdi.

70 il 14 müttəfiq “qardaş” respublika ilə birgə yaşadıq. SSRİ adlı imperiya bizim hər birimizi bərabər hüquqlu qardaş adlandırdı. Lakin hüququmuz tapdalandıqda, səlahiyyətimiz əlimizdən alındıqda, sərvətimiz talandıqda və buna qarşı etirazımızı bildirdikdə, bellə, süngü ilə doğrandıq, avtomat və pulemyot silahlarından açılan atəşlərə məruz qaldıq, tankların, BTR-lərin tırtılları altında əzilib asfalta yapışdıq. Tiflisdə, Alma-Atada, Vilnusda və digər şəhərlərdə olduğu kimi… Adımız qardaş oldu, münasibətimiz isə yağı düşmən…

Nə yaxşı ki, Allahımız son nəfəsimizdə bizə Xalqımızın Heydər Əliyev kimi xilaskar oğlunu köməyimizə göndərdi. Ölkəmiz parçalanmaqdan, xalqımız səfalət və aclıqdan qurtardı. Nə yaxşı ki, ulu öndərimiz Heydər Əliyevin kursunu davam etdirən, yolundan azanları yoluna qaytaran, mənəm-mənəm deyənləri yerində oturdan, düşmənə göz dağı çəkən, Özü tək ötkəmli, sözü keçərli, Atasının əsl bənzəri, layiq davamçısı, Dəmir yumruqlu, Zəfər Qəhrəmanı oğlu İlham Əliyev varmış.  Xalqımız öz cəsarətli Preztdentinin ətrafında birləşib 30 il işğal altında, düşmən tapdağında inləyən gözəl Qarabağımızı, gözəl Şuşamızı saylı günlər – 44 gün ərzində faşist erməni tapdağı işğalından azad etdi, torpaqlarımızın bütövlüyünə qovuşduq. İnanıram ki, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Zəngilana, Füzuliyə, Qubadlıya Qələbə bayrağını sancan igidlərimizin adları bəlli olduğu kimi, İkinci Dünya Müharibəsində Azərbaycan Milli Taqanroq diviziyasının leytenantı Məcidovun rəhbərliyi ilə Qələbə bayrağını ilk olaraq Reystaq üzərinə sancan Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev  kimi oğulların da adları beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq, necə ki, qanlı sovet rejiminin sələfi olan bugünkü Rusiya dövlətinin rəsmi dairələrinin tanıdıqları kimi.

Vaqif Məmmədov, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü                     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz