Cənnətdəki ilk doğum günün mübarək, Ramil!                   

 

30 ilə yaxın idi ki, ürəyimizdə bir ağrı, qəlbimizdə bir nisgil var idi. Qarabağ nisgili. Utanc hissi ilə  yaşadıqca torpaqlarımıza daha çox bağlanır, o gözəl günlərin xəyalı ilə yaşayırdıq. İnanırdıq o günə, çünki dövlətimizin artan gücü, xalqımızın  birliyi, ən əsası isə Ali Baş Komandanın qətiyyəti, uzaqgörən siyasəti bizi hər gün qələbəyə yaxınlaşdırırdı.

2016-cı ilin aprel döyüşləri bu inamı daha da gücləndirdi. Aprel döyüşləri qələbəmizin baş məşqi oldu. Düşmən isə gücümüzü əyani şəkildə gördü.

Nəhayət, 2020-ci ilin 27 sentyabr zəfər yürüşümüzün ilk günü oldu. Düşmənin təxribatına cavab olaraq ordumuz düşmənləri darmadağın etdi. 44 günlük Vətən müharibəsi “dəmir yumruq” sayəsində, oğullarımızın inanılmaz şücaəti, qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına xalqımızın qələbəsi ilə başa çatdı. İşğal altında olan torpaqlarımız – kəndlər, şəhərlər, qəsəbələr bir-birinin ardınca azad olduqca necə böyük xalq olduğumuzu bütün dünya gördü…

Şuşanın azad olunması ilə əfsanəyə döndü, tarix kitablarına yazıldı.

44 günlük Vətən müharibəsinin qəhrəmanları bu sevinci bizə yaşatdılar. Belə qəhrəmanlardan biri də  Ağbulaq kənd sakini Ramil Yusifovdur. Ramil 1978-ci ilin 24 aprelində dünyaya göz açmışdır. Ağbulaq kənd məktəbində təhsil alarkən  hərbiçi olmaq, vətənin əsgəri adını daşımaq  ən böyük arzusu idi. Elə buna görə də hərbi xidmətini başa vurub, gizirlik məktəbinə daxil olur. Taleyini hərb sənətinə bağlayır.

2 dəfə “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunan Ramil tank komandiri kimi Aprel döyüşlərində əsl qəhrəman kimi hərbi hissənin qürur yerinə çevilir.

Qarabağ müharibəsi  başlayanda Tərtər istiqamətində məhşur “Ohanyan xətti”ni yaran məhz Ramilin tankçıları olur. Cəsarəti, ustalığı, torpaq sevgisi onu bir an belə rahat buraxmır. Anasına telefon zəngində dediyi: “Ana, Qarabağı azad etsək, ölsəm də dərdim olmaz!”- sözləri Ramilin əsl Azərbaycan əsgəri olduğunu bir daha göstərirdi. Talış kəndi ətrafında düşmənlərin “kabusu”na çevrilmişdi.  Düşmən belə komandiri məhv etməyi, hücumunun qarşısını kəsməyi düşünərkən Ramilin idarə etdiyi tankı atəşə tutur. Alova bürünən tankı  düşmənin səngərinə qədər idarə edən Ramil yoldaşlarını xilas etməyə çalışsa da, amansız ölüm buna imkan vermədi.

5 oktyabr 2020-ci ildə Ramil şəhadətə ucaldı… Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. 43 illik ömrünün 24 ilini Vətənə xidmətdə keçirən baş gizir Ramil doğulduğu Ağbulaq kəndində torpağa tapşırıldı…

Aprel ayının 24-də Ağbulaq kəndi öz şəhid övladının doğum gününü təntənə ilə qeyd etdi. Gül-çiçəyə qərq olmuş məzarı başında kənd sakinləri ilə yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri  qonşu kəndlərin ziyalıları, onun döyüş dostları, qazilər, müəllimlər, şagirdlər qəhrəmanı yada salır, ruhuna dualar edirlər.

Ramilin iki oğul övladı – Camal və Ramiz gələcəkdə atalarının yolunu davam etdirəcəklərini bildirirlər.

Hal-hazırda Ağbulaq kəndinin mərkəzində qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhidlər bulağı” inşa edilir.

Qədirbilən ismayıllılar hər zaman şəhidin valideyinlərini, ailəsini ziyarət edir, dəstək olurlar.

Bu işdə Ağbulaq kənd ümumi orta məktəbin kollektivi əllərindən gələn köməyi əsirgəmir, şəhidin adını uca tutur.

Biz Sizə borcluyuq, Şəhidlər!

Biz Sizi hər zaman xatırlayacağıq!

Cənnətdə ilk doğum günün mübarək, Ramil.

Əflatun Baxışov,

 Şəhidin müəllimi 

Şərh Yaz