Torpaq qəhramanları unutmur                      

                 

86 yaşım var. Hər il may ayı yaxınlaşanda anadan olduğum balaca Vaşa kəndinin Böyük Vətən müharibəsinə gedib bir də geri qayıtmayan, canında müharibənin dəhşətlərini “hədiyyə” gətirən sakinləri yadıma düşür.

30-40 evdən ibarət balaca Vaşa kəndinin 27 sakinlərindən qara xəbər gəlib doğmalarına. Aldığı güllə yarasından salamat qalıb, ailəsinə qayıdan isə 6 nəfər olub. Daha 4 nəfər müxtəlif xəstəliklər səbəbindən evə buraxılmalı olub.

11 nəfər isə taleyin qismətindən yüngül yaralarla müharibəni başa vuraraq, doğma kəndə qayıdıb.

Bəli, yadımda qalanlardan 60-a dək vaşalı gənc 41-45-ci illərin qanlı-qadalı savaşına qorxmadan girişib, ya şəhid olub, ya da qazi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da hərblər, müharibələr səngimədi.

Birinci Qarabağ müharibəsində Vaşa kəndinin yetirməsi Şəhriyar Nuriyev azğın düşmənlə savaşda qəhrəmancasına şəhid olmuşdur.

Kəndin daha bir yetirməsi peşəkar hərbiçi Vidadi Zərbiyev hərbi məktəb bitirdikdən sonra yaddaqalan döyüş yolu keçmişdir. O, 20 ildən artıqdır ki, AQMƏVŞAİB-nin İsmayıllı rayon filialına sədirlik edir.

44 günlük Vətən müharibəsi göstərdi ki, Vaşa əsilli oğullarımız babalarının xələfləridir.

Gizir Həmzəyev Novruz Bəkir oğlu  Vaşa kəndinin adını zaman-zaman yaşadacaq şəhidimizdir. Qorxmaz igidimiz Novruz qəhrəmalıqları ilə yaddaşlara həkk olunmuşdur. Döyüş bölgəsində 127 yaralı yoldaşını  neytral ərazidən çıxarmışdı. O, ”Şuşanın azad olunması”, “Vətən uğrunda ” medalları ilə təltif olunmuşdur.

Əsgər Babazadə Orxan Rəcəb oğlu 44 günlük müharibədə iki dəfə yaralanmış, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalları ilə təltif olunmuş qəhrəman qazilərimizdəndir.

Baş leytenant Davud Soltanov, əsgərlərdən Elçin Babayev, Ramiz Nuriyev, Rahim Əhmədov, Kənan Cəbiyev zəfərlə bitən müharibənin igidlərindəndir.

Torpaq uğrunda canını, qanını verənləri elə torpağın özü də yaşadacaqdır.

Əhəd Heybətov,

İsmayıllı şəhər sakini

Şərh Yaz