Qarabağ Dirçəliş Fondu milli birliyimizin möhkəmlənməsinə töhfədir

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, o cümlədən təhlükəsiz yaşayışın dəstəklənməsidir.
2020-ci il sentiyabrın 27-dən noyabrın 10-na kimi davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qəti qələbəsi ilə başa çatdı. Nəticədə Azərbaycan xalqı ərazilərini Ermənistan işğalından azad etdi. Bununla da Azərbaycan özünün ən şanlı tarixinə qədəm qoydu. Ərazi bütövlüyünü təmin etməklə Azərbaycan dövləti bir daha beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün artıq ölkəmizin inkişaf tarixində yeni bir mərhələ başlayır. Bu mərhələdə işğaldan azad edilmiş torpaqlarda nəzərdə tutulan təmir-bərpa işləri sosial-iqtisadi inkişafın əsaslarını da möhkəmləndirəcək. Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də hər birimizin qələbəmizə, milli birlik ideyamıza, təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsini verəcək. Həmvətənlərimizin bu fonda müəyyən məbləğdə vəsait köçürmələri tək maddiyyatla bağlı olmayacaq, eyni zamanda bizim birliyimizin möhkəmlənməsinə də dəstək verəcək. Vətən, torpaq, yurd sevgisi daha da artacaq. Fondun yaradılması məqsədinə xidmət edən hər kəs burada bərpa paylarının olması ilə fəxr edəcəklər.
Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin siyasi təzahürüdür. Dövlət siyasətinin təzahürü olan bu Fondun xətti ilə ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, məcburi köçkünlər öz torpaqlarına qayıdacaq, yeni iş yerləri açılacaq. Bütün bunlar insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək.
Firudinli Rəvanə.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi.

Şərh Yaz