Sevil Əhmədova: “İnstitusional təşəbbüslər postmüharibə dövründə dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq”

Azərbaycan İnformasiya Agentliyinin əməkdalıarı Abbas Abbasov və Elbrus Bağırovdan:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu milli birliyimizin qorunması və bundan sonra daha da möhkəmləndirilməsi işinə verilən çox böyük bir institusional töhfədir. Bu Fonda məbləğindən asılı olmayaraq vəsait köçürən hər bir azərbaycanlının işğaldan azad edilmiş ərazilərin bərpasında payı olacaq. Bu hal isə əlbəttə ki, bizim milli-mənəvi birliyimizi daha da gücləndirəcək, ölkədə mövcud olan həmrəylik mühitini möhkəmləndirəcək.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova deyib. Təşkilat sədri institusional təşəbbüslərin milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da genişləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Fondun yaradılması ilə ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti özünü daha qabarıq şəkildə ifadə edir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Fondun yaradılması dövlətin Qarabağ siyasətinin bir təzahürüdür. Əminliklə demək olar ki, məhz bu siyasətin məntiqi nəticəsi olaraq, ən qısa zamanda ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.”

Sevil Əhmədova belə bir məqamı da xüsusi olaraq qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi məqsədilə dövlətin irəli sürdüyü digər bir institusional təşəbbüs də artıq öz müsbət nəticələrini verməkdədir: “Azərbaycan dövləti Vətən Müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb. Həmçinin komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qruplarının da işi təqdirəlayiqdir. Məsələn, təkcə Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Əlbəttə ki, təşəbbüslərini xarakterizə edən əsas göstəricilər əlçatanlıq və şəffaflıqdır. Buna görə də komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesinə media nümayəndələri də cəlb olunurlar.”

Daha sonra “YAŞAT” Fondundan bəhs edən Sevil Əhmədova deyib ki, məhz bu Fond postmüharibə dövründə dövlətin sosial siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq: “Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının artırılmasıdır. Dövlətimizin irəli sürdüyü institusional təşəbbüslər də məhz elə bu qayğının təzahürlərindən biridir. O cümlədən dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. Bu günədək Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək artıq öz vəzifələrinin icrasına başlayıblar. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsidir. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Bu baxımdan da Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. “YAŞAT” Fondunun işinin təşkili isə “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.”

Şərh Yaz