Ölkəmizdə şəhid ailələrinə, qazilərə və döyüş iştirakçılarına qayğı Dövlət prioritetidir

Məlumdur ki, bu gün ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə böyük Dövlət siyasətinin uğurlu nəticəsi oldu.Hazırda reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətlənib ki, ölkənin dinamik iqtisadi inkişafından bütün təbəqələr, əsasən də, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar bəhrələnə bilsinlər. Bu addımlar Dövlətimizin dünyaya təqdim etdiyi yeni Azərbaycan modelidir.

Bu kontekstdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda vuruşan Vətən müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə, döyüş iştirakçılarına göstərilən qayğı xüsusi qeyd olunmalıdır.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanunla başlayan siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Şəhid ailələrilə görüş zamanı Ölkə başçısı dəfələrlə vurğulayıb ki, bu mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir.

Bu gün Dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməlidir. Respublikanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyat zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlər öz operativ həllini tapmalı, şəhid ailə üzvlərinin, xəsarət almış hərbiçilərin kreditləri, borc öhdəlikləri tamamilə silinməlidir.

Vətən uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanların ixtisaslaşmış mərkəzlərdə müalicə kursları keçmələri dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli, xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində şəraitin yaradılması da dövlətin prioritetləri sırasındadır.

Qeyd etməliyik ki, doğma İsmayıllımızda da rayon rəhbərliyi qazi və şəhid ailələrinə sistemli şəkildə həm maddi, həm də mənəvi dəstək olmağa çalışır. Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən Şəhər İcra Hakimiyyəti nəzdində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılıb. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, lazım olan köməklik göstərilir, onları narahat edən problemlərin həlli istiqamətində ardıcıl işlər görülür.

İsmayıllı Rayon Təhsil işçiləri də hər zaman qazi və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa, aztəminatlı ailələrə dəstək olmağa çalışır. Bu günədək aztəminatlı ailələrdən ehtiyacı olan 300 – dən artıq şagird məktəbli forması, ayyaqqabı, məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edilib. Şəhid və qazi ailələrinə Həmkarlar İttifaqı və RTŞ tərəfindən lazimi qayğı və yardım göstərilib.

Şəhid Musayev Ramil Aydın oğlunun yeni doğulan ovladına maddi dəstək göstərilib, şəhidin xanımı Kərimova Aydan Füzuli qızı Aşağı Zərnava kənd ümumi orta məktəbinə kitabxanaçı təyin edilib. I Qarabağ müharibəsində şəhid olan Həsənov Sahib Məhəmməd oğlunun qardaşı Qüdrət Həsənov Qubaxəlilli kənd tam orta məktəbinə gözətçi təyin edilib.

II Qarabağ müharibəsinin qazisi Əfsərli Elcan Bəhram oğluna Hacıhətəmli kənd tam orta məktəbində kitabxanaçı vəzifəsi verilib. I Qarabağ müharibəsi qazisi Allahverdiyev Anar Əkbər oğlunun atası Allahverdi Məhəmməd oğlu şəhər 1 nömrəli tam orta məktəbində fəhlə işinə təyin edilib. Tovuz hadisələrində şəhid olmuş Daşdəmirov Xəyyam Məhəmməd oğlunun atası Məhəmməd Daşdəmirov şəhər 2 nömrəli tam orta məktəbinə fəhlə götürülüb.

II Qarabağ müharibəsində şəhid olmuş Məmmədli Əşrəf Elman oğlunun atası Məmmədov Elman Ziyalı oğlu Maçaxı məktəbinə ocaqçı işinə təyin edilib.

Aztəminatlı ailələrdən Qəhrəmanova Gülarə Qara qızı Basqal qəsəbə tam orta məktəbinə, Niftaliyeva Pərvanə Mikayıl qızı Qalınçaq kənd tam orta məktəbinə xadimə təyin ediliblər.

Bir sözlə, şəhid və qazi ailələrinə, onların doğmalarına dəstək olmaq üçün potensiallarımızı səfərbər etməliyik. Doğma Vətənini canından əziz tutan hər bir döyüşçünün, hər bir qazinin, hər bir şəhidin ailəsi xalqımız üçün, Dövlətimiz üçün müqəddəsdir, hər cür diqqət və qayğıya layiqdir.

Azərbaycan Dövləti vətəndaşlarının problemlərinə həssaslıqla yanaşır, öz dəstəyini, öz gücünü səfərbər edib, onların qarşılaşdığı çətinlikləri həll edir. Vətən uğrunda döyüşənlərə, onların ailələrinə göstərilən dövlət qayğısını və dəstəyini görmək hər bir azərbaycanlıda qürur hissi doğurur. Əminik ki, doğma Azərbaycanımız çiçəkləndikcə, iqtisadi qüdrəti artdıqca xalqımızın sosial rifahı daha da yüksələcək.

Ülviyyə Zeynalova,

İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

 

 

Şərh Yaz