Prezident Hadrutda bayrağımızı qaldırıb, müharibədən sonra yaşayış yerlərində törədilmiş dağıntılara baş çəkib     

            Ermənilər Azərbaycanlıların tikdirdikləri evlərdə qanunsuz yaşayıb. Bu azmış kimi, o evləri noyabrın 10-dan sonra yandırıb və dağıdıb, meşələri qırıb, su elektrik stansiyalarını məhv ediblər.

Prezident İlham Əliyev bu barədə martın 15-də xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Füzuli və Xocavənd rayonlarını ziyarət zamanı Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırarkən danışıb. Ölkə başçısı bir daha erməni vandallığına, Ermənistan hərbilərinin alicənab Azərbaycan ordusundan nə qədər geri qaldığına diqqət çəkib. Qeyd edilib ki, Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilərək zorla məskunlaşdırılıb. Amma qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, yandırılmayıb. Ali Baş Komandan deyib:

“Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz … Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür”.

Prezident mənfur ermənilərin bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etdiyini, tarixi irsimizi silmək istədiyini bir daha vurğulayıb. Xatırladıb ki, düşmən buna nail ola bilmədi. Bu torpaqlara qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdıq, düşməni öz doğma torpaqlarımızdan qovduq.

Prezident İlham Əliyev və ailəsi Füzulidən Xocavənd rayonuna gedərkən yol boyu bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi olublar. Bildirilib ki, bütün kənd və şəhərlər məhz müharibədən sonra tamamilə dağıdılıb. Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmayıb, ola da bilməzdi. Mənfur düşmən şəhərlərimizi bu hala məhz işğal dövründə salıb. Füzuli şəhərindən əsər-əlamət qalmayıb, şəhər yoxdur, ermənilər tərəfindən dağıdılıb. İşğal dövründə binalarımızı oğru və talançı kimi söküb, daşlarını, damlarını aparıblar. Prezident əlavə edib:

“Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?! … Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. … Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. … Biz isə ancaq öz torpaqlarımızı azad etmişik”.

Qeyd edək ki, Azərbaycan əsgərinin alicənablığı müharibə dövründə və ondan sonra da diqqətdə olub. Hərbçilərimizin Hadrutda tapdığı iki yaşlı adam haqqında əhvalatı xatırlamaq yerinə düşər. Təxminən 90 yaşlarında bir qadın və bir kişini qohumları, hərbçilər tərk edərək qaçmışdılar. Azərbaycan dövləti onların Bakıya aparılaraq xəstəxanaya yerləşdirilməsini və Ermənistana təhvil verilməsini təmin etdi. Yaşlı kişi artıq Qazaxda sərhəddə olarkən ermənilər onu qəbul etməkdən imtina etdi. Dedilər o, xəstədir, tezliklə öləcək, onu istəmirik. Həmin şəxs Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın ermənilərə təhvil verildi.

Bu gün Prezident Azərbaycanın bu humanist prinsiplərini dünyaya bəyan edir. Bu reallıqları Ali Baş Komandan müharibə dövründə və ondan sonra da dünyanın qabaqcıl KİV-lərinin müxbirlərinə müsahibələrində və xalqa müraciətlərində diqqətə çatdırıb. Müharibə aylarında erməni vandallarını müdafiə edən, Azərbaycana qarşı prokuror ittihamları ilə çıxış edən, jurnalistin peşə etikasının normalarından kənara çıxan xarici media nümayəndələri hələ də tutduqları yoldan əl çəkmir. Onlar Ermənistanın işğalçı siyasətini, dağıdıcı və məkirli təfəkkürlərini ört-basdır etməyə çalışır, bu səbəbdən də müharibədən sonrakı dağıntıları həmin müxbirlərin “yaradıcılığında” görə bilmirik. Görünür uzun illər boyu Erməni barbarizmini müdafiə edənlər Azərbaycanın, ədalətin qələbəsini həzm edə bilmir. Yenə də bütün bunlar başadüşüləndir, amma bir daha unutmasınlar ki, Qarabağ Azərbaycandır!

id Hüseynov

Şərh Yaz