Böyük Qələbə uğurlu gənclər siyasətinin də nəticəsidir      

Hərbçilərimizin 44 günlük Vətən müharibəsindəki əməyini sərəncam və yüksək təltiflərlə dəyərləndirən Prezident İlham Əliyev çıxışlarında da bu dəyəri ifadə edir. O, martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında gənc nəslə məxsusi diqqətini bir daha dilə gətirib. Ərazilərimizin azad edilməsində bütün nəsillərin nümayəndələrinin uğurlu fəaliyyət göstərdiyini qeyd edən ölkə başçısı Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini də qeyd edib və bildirib ki, Vətən müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. “Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər” deyə Ali Baş Komandan vurğulayıb. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəslin torpaqlarımızı işğalçılardan azad etdiyi bir daha diqqətə çatdırılıb.

 

O da qeyd olunub ki, mənəvi üstünlük Azərbaycanın qələbəsində həlledici rol oynadı. Bu üstünlüyümüz yalnız haqlı tərəf olduğumuza görə formalaşmayıb, bütün bu illər ərzində bir amalla – ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamağımız da gücümüzü artırıb. Azərbaycan Böyük Qələbə ilə tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi. Prezident “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir” deyib.

 

Heç şübhə olunmur ki, cavanların müharibədə fədakar əməyi dövlətin uzun illər həyata keçirdiyi gənclər siyasətinin, o cümlədən kadr formalaşdırmaq işinin uğurlu nəticəsidir. Bu sahədə icra olunmuş dövlət proqramları, həyata keçirilmiş tədbirlər, yeni nəslə göstərilən diqqət və qayğı gənclərdə respublika rəhbərliyinə inam və etibarı gücləndirib, vətənə və xalqa sadiqliyi artırıb. Bu cür səmərəli siyasət olmasaydı bütün bunlara nail olmaq mümkün olmazdı, aqibəti hazırda Ermanistanda höküm sürən vəziyyətlə təsəvvür edilə bilərdi.

 

Prezidentin gənclərə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan İsmayıllı əhalisi də məmnundur. Xatırladaq ki, 1000-dən artıq ismayıllılı 44 günlük Vətən müharibəsində iştirak edib. Onların əksəriyyəti torpaq uğrundakı xidmətinə görə ölkə başçısının sərəncamları ilə təltif olunub. Rayon rəhbərliyi 26 şəhid və 100-dən artıq qazi ailəsini daim diqqətdə saxlayır, müharibə iştirakçılarını müxtəlif sosial yardım, həttə işlə təmin edir.

 

Səid Hüseynov

 

Şərh Yaz