Ulu Öndər Heydər Əliyevin qurduğu dövlətçilik müstəqilliyin və dayanıqlı inkişafın təminatıdır

Müstəqilliyin ilk illərində xalqımızın çətinliklərini təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd edib ki, həmin illərdə hərbi məğlubiyyət eyni zamanda daxili böhrana aparıb çıxarmışdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə rüspublikamızın müstəqilliyinin sabahını sual altına qoymuşdu.

 

Ölkə başçısının bu fikirləri heç kimdə şübhə doğurmur, yaxın keçmiş xalqın yaddaşında dərin yer tutur. Unudulmaz reallıqdır ki, müstəqillik özünün ilk illərində tənəzzül mənzərəsi ilə üz-üzə idi. Cəmiyyətdə ümidsizlik və depressiya höküm sürürdü, heç bir siyasi qüvvəyə, iqtidar və müxalifətə inam qalmamışdı. Gənc müstəqil Azərbaycanın torpaqları əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu. Ermənistandan 300 mindən çox, Dağlıq Qarabağdan isə bütün azərbaycanlılar qovulmuş, qaçqın və köçkün olmuşdu. Şuşa və Laçın işğal altına düşmüş, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı. Bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas da yox idi. Bütün bunlar müstəqilliyimizin ilk illərində tariximizin unudulmaz səhifələrinə çevrildi.

 

Heydər Əliyevin siyasətində dövlətin maraqları və müstəqillik daim prioritet olub. Ulu Öndərin müstəqillik naminə atdığı birmənalı və qətiyyətli addımlar xalq tərəfindən yüksək qiymətləndirilib və bu gün müstəqil dövlətçiliyimizin qorunub saxlanması onun siyasi irsinin sayəsində mümkün olur. 1991-ci ildə Azərbaycanda Sovet İttifaqının saxlanmasına dair keçirilmiş referendumu xatırlamaq yerinə düşər. O zaman referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqilliyi deyil, məhz Sovet İttifaqının tərkibində yaşamağı istəyirdi. Bu cəfəngiyyat təzəcə baş vermiş 20 Yanvar hadisələri zamanı və ondan sonra da Azərbaycana qarşı edilən ədalətsizliyə don geyindirmək cəhdləri idi. Azərbaycanlıların Dağlıq Qarabağ və ətraf bölgələr, həmçinin Ermənistandan qovulması xalqımızın qəlbində yara kimi qalmışdı. Ulu Öndər böyük cəsarət və qəhrəmanlıq göstərərək referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan vermədi.

 

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabr ayında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gəldi və bununla Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoydu, ölkənin böhrandan çıxma prosesi başladı.

 

O dövrdə Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış etibarlı mühitin məkanı olub, Azərbaycanın mütərəqqi insanlarını Ümummilli Liderin ətrafında birləşdirib. O, siyasi təcrübəsi, güclü intellektual iradəsi və xidmətləri, həmçinin Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi əsl vətənpərvərlik və sadiqlik sayəsində xalqın rəğbətini qazandı, nəticədə YAP ölkədə uğurlu dövlətçiliyi və dayanıqlı inkişafı təmin edən etibarlı vahid gücə çevrildi.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin ilk 10 ilində Azərbaycan hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun təşəbbüsü ilə konstitusiya qəbul edildi, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulmuş senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı.

 

O zaman, İlham Əliyevin dediyi kimi, “Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik”. Buradan aydın olur ki, iqtisadi müstəqillik baş planın uğurlu icrasının təminatı olub. Bu gün respublikamız heç bir meyar və parametr üzrə heç kimdən asılı deyilsə, istər xarici borc, istərsə də iqtisadi artım və ya adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədirsə, deməli tərtib olunmuş yol xəritəsi ən etibarlı istinad mənbəyidir, daha güclü və dayanıqlı gələcəyə təminat verir.

 

Bunlardan əlavə, ölkəmizə böyük investisiyalar cəlb edildi, ordu quruculuğuna start verildi. Daxili sabitlik sayəsində investisiyalar dayanmadan artır. “Doing Business” proqramındakı mövqeyimiz də bunu sübut edir. Azərbaycan cari ildə təqribən 400-500 milyon dollarlıq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirməyə müvəffəq olub.

 

Göründüyü kimi, Azərbaycan iqtisadi inkişaf tempini azaltmadan beynəlxalq siyasi arenadakı mövqeyini də möhkəmləndirdi, güclü ordu quruculuğuna nail oldu, torpaqları işğaldan azad etməklə tutduğu mövqeyin zirvəsindən hərbi qüdrətini də nümayiş etdirdi.

 

Səid Hüseynov

Şərh Yaz