Dağlıq Qarabağ məsələsi keçmişdə qaldı 

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb. Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.

Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.

Prezident İlham Əliyev çıxışında bildirib ki, “Biz nəticə əldə etmək, sentyabrda – noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb.
Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.”

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.

Bu, faktiki olaraq “Mehri dəhlizi” – Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.

Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq. Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.

Rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

Şərh Yaz