Papaq Mədət        (Hekayə)

Mədəti dərd götürmüşdü. Yumurtası tərs gələn toyuğa dönmüşdü. Elə hey fırlanır, dayanıb durur, gah da darvazaya doğru gedib qayıdırdı. Aradabir deyinir, kiminsə qarasına danışırdı. Hal-hərəkətindən  dərdli, sözlü adama oxşayırdı. Tez-tez əlini papağının altından sallanan saçlarının uclarını gah asta-asta, gah da əsəbi halda dartışdırırdı. Adətkərdə idi. Gərək hər ayın beşində gedəydi bərbərxanaya. Gününü, saatını ötürməzdi. Amma, di gəl ki, bərbərxanaya getmək onun üçün bir sağalmaz dərd idi. Dərd də beləydi ki, bərbərxanada saçını qırxdırmaq üçün gərək başındakı qara quzu dərisindən olan çoban papağını çıxaraydı ki, usta da onun saçlarını qırxıb düzəldəydi. Mədət də ki, şalvarını çıxarardı papağını yox! Deyərdi ki, papaq kişinin başında olar, qeyri yerdə yox! Papaq ki, əldən-ələ gəzdi, ordan-burdan asıldı, stolun-zadın üstünə atıldı, ta heç nə, apar tulla, o papaq olmadı. Ona görə də Mədət yatanda da papağını başından çıxarmazdı. Elə papaqlı yatardı. Bilən də yox idi ki, o başını yuyur, ya yox? Onu bir özü bilirdi. Bəlkə də tər iyi onun papağından gəlirdi. Ona görə də yazıq bərbər onun saçını qırxanda ağız-burnuna maska taxardı. Çünki, tər iyi onun papağından gəlirdi. Mədət gedəndən sonra yazıq usta dükanın qapı-pəncərələrini açıq qoyar, özü də gedib yolun o tayındankı qoca  qovağın kölgəsində oturardı. Dükana bir də tər iyi çəkiləndən sonra gələrdi. Yazıq usta da neyləsin axı. Mədət onun dost-doğma bibisi oğlu, həm də necə deyərlər, ayıb olmasın, bacısının əri, yəni yeznəsi idi. Nə dinə bilirdi, nə də danışa bilirdi. İçi özünü, çölü özgəni yandırırdı. Odur ki, hər ayın beşi gələndə onu allergiya, qaşınma, öyümə tuturdu. Allaha yalvarırdı ki, ayın beşi olmasın.

Elə Mədət üçün də çətin idi. Ona görə bərbərə deyirdi ki, sən elə mənim papağımın altından çıxan tükləri qırx. Amma üzünə gələndə Mədət üzünü gündə təraş edirdi. O qədər üzünü qazıtdayırdı ki, üzünün qabığı çıxardı. Sonra da ən bahalı fransız ətri ilə üzünü yuyub kəndə çıxardı. O saat hamı bilərdi ki, Mədət gəlir. Mədət də bekar deyildi. Kəndin ortasındakı iri qovaq ağacının altındakı çayxananın hündür yerinə bir stol qoydurub oturardı orada. Çayçıdan başqa da onun yanına bir kimsə gəlməzdi. İşi də pis deyildi.  Kəndlərindən Rusiyada işləyənlər evlərinə dollar və ya rus pulu göndərənlərin pullarını milli pula dəyişərdi. Bax, beləcə Mədət də dolanırdı, camaat da durub rayon mərkəzinə pul dəyişdirməyə getməzdi. Əli yaxşı gətirəndə çayxanada çay içənlərin də pulunu Mədət verərdi. Səxavətli olduğu üçün hamı da dua edərdi ki, Mədətin pulu çox olsun.

Kəndin xeyir-şərindən qalmazdı. Kasıb-kusuba əl tutar, istəyənə borc verərdi. Çoxları borcunu qaytarmasa da, Mədət özünü o yerə qoymazdı. Əsgər gedənləri yola salar, gələnləri qarşılayardı. Kənd toylarında şuluq salan olmasın deyə Mədəti toybəyi qoyardılar. Vallah, bu iş elə bil onun boyuna biçilib. Sol qoluna qırmızı parçadan  xələt bağlayıb toyxanada var-gəl edər, şuluq salmaq istəyənləri elə yerindəcə susdurardı. Elə rəqs edər ki, sanki sümükləri yoxdu. Qız toylarında Mədətin ayağı yerə dəyməzdi, bir rəqs edərdi ki, gəl görəsən. Hamıya qarşı mehriban və qayğıkeş, ürəyi yanımcıl idi. Kefinin kök vaxtında canını istəsən verərdi. Di gəl ki, Mədət pinti idi. Çimmək adı gələndə canına vəlvələ düşürdü. Zalım oğlu sudan, hamamdan qaçaq idi. Amma deyilənə görə yayda gedib çayın lap o başında, adam ayağı dəyməyən yerində doyunca çimib azarını öldürərdi. Tay-tuşları qarabaqara güdüblər ki, bu Mədət hara gedir? Xəlvət-xəlvət pusub görüblər ki, budu ha Mədət çayın qabağını gəndalaş yarpağı, ağac budaqları ilə boğadı. Su qurşaqdan yuxarı qalxanda Mədət də sağa-sola, dala-qabağa boylanıb heç kimin olmadığını yəqin edib lümlüt soyunub sağ əlini qabağına, sol əlini də dalına tutub cumub girdi çaya və başladı adam kimi çimməyə. Yəni, adam kimi deyəndə, elə-belə sabunsuz, filansız. Ağappaq bədəni göz qamaşdırırdı. Bədəni çılpaq olsada papağı başında olardı. Hər şeydən ehtiyat edən Mədət paltarını da özü ilə götürər, çiməndə paltarları gah sağ əlinə, gah sol əlinə ötürərdi.

Mədət xəstə deyildi. Sağlam və gümrah idi. Normal boyu-buxunu var idi. Köklükdən qorxardı. Deyərdi ki, kök adamlar xəstə olurlar. Tıs-tıs tısıldayırlar. Yayda da o qədər tərləyirlər ki, gəl görəsən. Biri şəkərə tutulur, biri infarkt olur, heyif deyil, arıqlıq? Quş kimi yüpyüngül. Əyil, dur, qaç, tullan! Rahat nəfəs al. Çox yemə, az ye. Odur ki, Mədətin paltar qarışıq qırx beş, əlli kilo çəkisi ya olardı, ya yox. Zalım oğlu arıq dana kimi axşama kimi gövşəsədə arıq idi ki, arıq idi. İncə və zərif barmaqları, qartal dimdiyi kimi burnu, çatma qara qalın qaşları, siçovul gözünə oxşayan xırda gözləri, nazik dodaqları, yekə qulaqları, qızartdaq yanaqları var idi. Tük süpürgəyə oxşayan uzun sallaq bığları ağzının qıraqlarından üzüaşağı sallanardı. Bığının tükləri o qədər uzun idi ki, ağzını örtürdü. Danışanda onun ağzını və dişlərini görən olmazdı. Yemək yeyəndə, çay içəndə bığının tükləri girərdi yeməyin, çayın içinə. Onun ağzını, dodaqlarını görmək üçün gərək tükləri nə iləsə qaldıraydın yuxarı. Qırx səkkiz ölçülü kostyum, qırx bir ölçülü qara ayaqqabı geyinər və hərdən bir də cibində gəzdirdiyi xüsusi parça ilə ayaqqabılarını silib təmizləyər, sonra o parçanın tozunu çırpıb şalvarının sol arxa cibinə qoyardı. Siqaret çəkməz, içki içməzdi. Gündüzlər isti, qaynar pürrəngi xoruzquyruğu çay, axşamlar isə qara camışın südündən, qatığından bir stəkan içib yatırdı. Televizora marağı yox idi. Futbola baxardı, özü də madridin “Real”, İngiltərənin “Liverpul”, bir də “Qalatasaray” komandalarının azarkeşi idi. Kərim Benzemanın, Ronaldonun, Salahın oyunlarına baxmaqdan doymazdı. Yerinə girən kimi yatardı. Körpə, məsum yatmağı var idi. Hansı yönə uzansaydı o yönü üstə də oyanardı. Xoruldamazdı. Arabir yuxuda şirin-şirin gülərdi. Başı qaşınsa elə papağın üstündən də qaşıyardı.

Mədət görürdü ki, bəzi adamlar ondan qaçırlar. Elə bir quru salam verib ötürlər. Mədət də onları heç vecinə almırdı. Cəhənnəmə ki… guya mənim işim onlardan aşır? İş burasında idi ki, Mədətin də acığı gəlib, görmək istəmədiyi adamlar var idi. Onlardan biri də özünün doğmaca qayınatası Peykəz kişi idi. Mədət deyirdi ki, iti görüm, qurdu görüm bu kişini görməyim. Aləmin zəhləsi Mədətdən gedəndə Mədətin də zəhləsi Peykəzdən gedərdi. Niyə? Çünki hər dəfə rastlaşanda Peykəz kişi deyərdi:

– Ay Mədət, ay oğul, bir özünə fikir ver, səliqəli ol. Ev-eşiyə bax.

Uşaqların böyüyür. Onların dərsləri ilə maraqlan, gör necə oxuyurlar? Nə çətinlikləri var? Məktəbə get, müəllimlərlə görüş, söhbət elə. Papağını qabağına qoy fikirləş. Sonra gec olar. Vallah, uşaqların sınqın böyüyürlər, doyunca nə ata üzü, nə də ata qayğısı görürlər. Demirəm ey, onlara pis baxırsan.  Allaha şükür hər şeyləri var… Peykəz kişinin sözü elə ağzında qalırdı. Bax onda Mədəti od götürürdü. Qayınatasının üzünə qayıtmasa da öz-özünə deyinərdi.

– Ay nankor kişi, otuz sot həyət, iki mərtəbəli ev, o bağ, bostan, toyuq-cücə, bir tövlə camış, qoyun sənin qızına, nəvələrinə bəs eləmir ki, hər dəfə zəhlə-zibarımı töküb, qanımı qaraldırsan? Hələ bu harasıdır? Gör mənə nə deyir:

– Papağını qabağına qoy fikirləş. Ay sən öləsən, qoca… Bircə onu görməyəcəksən. Mədət papağını çıxarıb qoyacaq qabağına, sonra da papağına baxıb fikirləşəcək. Ay sən öləsən! Özününü papağı yoxdu deyə mənə gör nə deyir? Vallah, bu kişinin qocaldıqca ağlı da azalır. Səksən üç yaşı var, başına papaq qoymur. Yoxdu da bu kişinin başı. Başı olsa başına papaq qoyar. Bu nə bilir ki, papaq nədir, baş nədir? Başı yerində olsa papağı da yerində olar. Hər ay dava-dərmana verdiyi pullara nə qədər papaq almaq olar. Adə, ay qoca, bir papaq al, özü də kişi papağı, qoy başıva. Şükür ki, bu papaq başımda olandan nə qrip, nə tımov, nə sətəlcəm, nə də qaymorit olmuşam. Get özüvə Peykəz kişi! Bir də ki, sən özün ağılda olan oğlanlarıva ağıl öyrət. Mənim, Allaha şükür sənin nəsihətlərinə ehtiyacım yoxdur, vəssalam! O boyda kişilər nə yayda, nə qışda başlarına papaq qoymurlar. İl boyu da  öskürə-öskürə, asqıra-asqıra gəzirlər. Kişidilər? Kül bunların kişi başına!

Mədət beləcə əsəbiləşər, hirslənər, bığlarının uclarını da çeynəyə-çeynəyə sakitləşər, sonra da heç nə olmamış kimi hər şeyi də unudardı. Ürəyi təmiz, qəlbi nazik, əli açıq idi. Hamıya əl uzatmaq, dərdinə ortaq olmaq istəyərdi. Təzə inomarka maşın almışdı. Kənddəki çayxanada axşama kimi qonaqlıq verdi. Rayon mərkəzinə gedib gələnlərdən pul götürməzdi. Deyərdi ki, ayıbdı. Xəstəxanalıq iş olanda skorı çağırmaq lazım deyildi. Mədət bir göz qırpımında xəstəni həkimə çatdırırdı. İmkanı olmayanın dərman puluna da kömək edirdi. Amma hirslənəndə üzünü görmə. O gün evə hirsli gəlmişdi. Həyətin əl qapısını təpiklə açıb həyətə girdi. Arvadı Məsini çağırıb gilas ağacının altındakı kətildə oturdu. Sağ ayağını da qaldırırb qoydu o biri kətilin üstünə. Bığının sağ tərəfini didə-didə qışqırdı:

– Məsi, ay Məsi! Ay dədəsi ölmüşün qızı! Mənə tez bir xoruzquyruğu qaynar çay gətir.

Məsi ərinin hay-küyünü eşidib tez armudu  stəkana çay süzüb tələsik pilləkənləri qaça-qaça düşüb əlindəki çayı mizin üstünə qoydu. Sağ əli ilə üzünün tərini silib – Ay Mədət, onu demək istəyirəm ey – demək istəyirdi ki, Mədət coşdu, nə coşdu. Yazıq Məsinin sözü ağzında qaldı. Önlüyünün ucu ilə üzünün tərini silib dala çəkildi.

– Demə! Nə deyəcəksən, ay filan-filan olmuşun qızı! Get tez evden güzgünü mənə gətir! Söz deyənimə bir bax! Dədən Peykəz kimi alimi biəməl olacaqsan da. Pah atonan, evi yıxılmışın qızı heç elə bil televizora-zada baxmır. Baxmır da. Baxsa bilər ki, Mədət də bir kişidir. Kişinin də bir səbir kasası olur. Bu kasa ki, doldu, daşacaq.  Bax, elə onda aləm qarışacaq biri birinə. Mədətin beyninin qurdu dombalacaq, o da alıb baltanı … Əstəğfürüllah! Allahım, sən məni bağışla. Sən mənə səbr ver, keç günahımdan. Bağışla, ya Rəbbim məni. Keç günahımdan. Qızdım birdən-birə. Özün görürsən də, mənim heç kimlə işim yoxdur. Amma, çoxu mənim qeybətimi qırır. Papağımı gözləri götürmür. Kişinin başında papaq olar də. Baxın. Koroğlunun papağı olub? Olub! Nəbinin papağı olub? Olub! Hələ bir mahnı da qoşublar.  Deyirlər ki, Nəbinin bığları eşmə-eşmədir. Papağı güllədən deşmə-deşmədir.

Adə, ay dəyyus, bu Nəbinin papağı olmasaydı güllə onun təpəsinə dəyərdi? – Dəyərdi.

Bir vaxtlar dədə-babalarımız deyərdilər ki, papaq kişinin namusudur, qeyrət tacıdır. Papaqla zarafat olmaz! Yoxsa indi başlarına nə gəldi qoyurlar. Ya da heç nə qoymurlar. Başı açıq gəzirlər. Keçmişdə kişiləri papaqları ilə tanıyardılar. Kişilər bir iş görəndə deyərdilər:

– Bu işdən xəbərim varsa, bu papaq mənə haram olsun!

– And olsun bu başımdakı papağa! Bu qanı yerdə qoymayacam!

– İtin balası, papağımı soxdun yerə! Nə bilim daha nələr, nələr…

– Ağzı göyçəklər eşidirəm deyirlər ki, Mədət başına motal papaq qoyur. Elə gözlərinizə papağım girir? Al sən də qoy da başıva papaq.

Mədət elə belə düşünürdü ki, Məsi əlində güzgü gəldi.

– Ay Mədət, al bu da güzgü. Sən canın neynirsən güzgünü? Saqqalın qırxılı, papağın da ki, yerində. Elə bil Mədəti cır arı sancdı. Yerindən dik atıldı. İlan

vurmuşa dönüb düşdü Məsinin canına.

– Aaz, tünbətünün qızı, hesabat verəcəm sənə? Belə dədən Peykəz öləndə qoyacam sinəsinin üstünə, inşallah! Elə bil silistçidir məni dopros edir.

Məsi yazıq suyu süzülə-süzülə getdi. Son vaxtlar dünyanı zəhrimara qalmış koronavirus  bürüyəndən Mədətin də bazarı bağlanmışdı. Əlləri pula öyrəşmiş  Mədət itə dönmüşdü. Sancmağa, hirsini boşaltmağa adam axtarırdı. Odur ki, çöldən evə gələn kimi yazıq Məsinin gününü qara edirdi.

Hirsi bir az sönmüş Mədət əlini uzadıb çaydan bir qurtum içmək istəyirdi ki, qapıdan onu səslədilər. Gələnləri tanıdı: Zındıq Əli, keçəl Səfər, dodaq Məzi və bir də cındır Həsən idi. Həyətdən Mədətin səsini eşidən kimi soxuldular həyətə.

– Noolub? Nə hay-küy salmısınız, xeyir ola?

– Ay Mədət, televizorda eşitmisən, nə deyirlər?

– Nə deyirlər, a cındır Həsən? Nə eşitmisən?

– Ay Mədət, sən bizə baxmış bir az oxumusan. Deyirlər ki, bir dənə korovavirus peyda olub düşüb bu dünyanın  canına. Adamları qıra-qıra gəlir bu tərəflərə. böyük-kiçik tanımır. Çatanı yıxır yerə. Deyirlər çox apasnı şeydir. Eşitməmisən?

– Adə, ay cındır, onun adını necə dedin?

– Atamın goru haqqı televizordan eşitdim. Bunlar da eşitdilər. Özü də deyirlər  Çindən yoluxub bu bəla. Köpək uşağı yarasa bişirib yeyirlər. Deyirlər yarasalardan yoluxub, adı da korova virusdur.

Mədəti gülmək tutdu.

– Adə, ay bisavad, əvvəla onun  adı koronavirusdur. Yəni, taclı virus. Sən deyən kimi deyil. Çox təhlükəlidir. Hələ dərmanı-zadı da tapılmayıb. Vəziyyət pisdir. Özü də yaşlı adamlar tez xəstələnir.

– Vay, dədəm, vay! Evimiz yıxıldı ki?

– Hə, elədir. Gedin oturun evdə. Çölə çıxmayın.

Keçəl Səftər üzünü qaşıya-qaşıya – Ay Mədət, bizim Cavidin on doqquz yaşı var. Bilirsən də ötən il əsgər getməli idi. Bir il saxladılar. Televizorda da uşaqlar oxuyublar Cavid-19. Yəni deyirəm birdən Cavidi tutarlar evim yıxılar.

– Adə, ay keçəl, o koronavirusun adıdır.  Qorxma, oğlun Cavid deyil. Get, qorxma.

Gələnlər elə təzəcə getmişdilər ki, kəndin o başında olan Zərqələm nənə balağı əlində girdi həyətə. Mədəti görən kimi başladı yalvarmağa:

– Ay Mədət, sənə canım qurban! Ayaqlarının altında ölüm, çiynində gedim.

Bala, gəlinimin vəziyyəti ağırdır. Qurbanın olum, nə qədər zəng edirik skorıya zəng çatmır. Amanın günüdür, gəlini roddoma çatdır, ölüb eliyər oğul, körpələri qalar yetim.

Körpələrin adını eşidən kimi Mədət dik qalxıb Məsini səslədi:

– Ay Məsi, Zərqələm nənənin gəlinini xəstəxanaya aparıb gəlirəm – deyib qapıdan çıxdı.  Maşını yerindən necə tərpətdisə Zərqələm nənənin rəngi meyit rənginə döndü. Bir anda gəlini qonşularla maşına qoyub xəstəxanaya yola düşdü. Zərqələm nənə evdə körpələrin yanında qaldı.

Kənddən rayon mərkəzinə qədər olan iyirmi üç kilometr yolu Mədət uça-uça gəldi. Heç kəs təzə maşını bu çala-çuxurlu, tozlu-kəsəkli kənd yolunda belə sürətlə sürməzdi. Hər dəfə xəstə zarıdıqca Mədət də sürəti artırırdı. Xəstəxananın qəbul şöbəsinə çatanda Mədət dərindən nəfəs alıb cəld yerə sıçradı. Hay-küy salıb xəstəni həkimlərə təhvil verib gələn qohumlara dedi:

– Ay Xeyransa xala, alın bu pulu birdən dərmana-zada lazım olar.

– Allah səndən razı olsun, ay Mədət! Allah balalarını xoşbəxt eləsin! Əskik olmayasan, ay oğul! – deyə Nabat xala razılığını bildirdi.

Mədət sağollaşıb xəstəxanadan çıxdı. Bu qədər həyəcandan sonra evə gedib sakitcə yatmaq istəyirdi. Yolda fikirli-fikirli düşünürdü ki, bu adamlar niyə bu qədər bivec olurlar. Bu qadının əri daş ustasıdır. Yaxşı da pul qazanır. Evdə dörd körpə uşağı var. İndi də, sağlıq olsun, biri də olacaq, beş. Dədə qazancını arağa verib tökür qarnına. Ana yazıq əynindən, qarnından kəsib ev-eşik düzəldir. Bostan əkir, mal-qara saxlayır. Ərin bu işlərdən xəbəri olmur. Niyə? Çünki, ayıq vaxtı olmur. Ailə, uşaq, ev-eşik dərdi çəkmir. Guya bu da kişidi. Ay sən öləsən, köpək oğlu, biqeyrət!

Mədəti hirs necə boğmaladısa maşına möhkəm qaz verib sürəti artırdı. Evə tez çatmaq, bütün olanları unutmaq istəyirdi. Ürəyi ağrıyırdı. Sürətlə gedən maşın çala-çuxura düşdükcə gah göyə qalxır, gah da yerə düşürdü. Mədət bir insan kimi ailə qədrini bilməyənlərə, övladlarının gələcəyini düşünməyən kişilərə, bəzən özünün də səhvlərini yadına saldıqca xəcalət çəkirdi.

Kəndin girəcəyindəki körpüyə çatanda Mədət sanki qəflətən yuxudan ayıldı. Körpünün tən ortasında bir adam tirtap yıxılıb qalmışdı. Sürətlə gələn Mədət maşını sağa, sola bursa da xeyri olmadı. Maşın körpünün qırağından çaya aşdı.

Maşın çayın tən ortasına, Mədət isə maşının sol tərəfində çayın içində olan yekə bir ağ daşın üstündə üzü üstə düşüb qalsa da sol əli ilə papağını başında saxlamışdı. Körpünün üstündə tirlənib yatan zavallı Mədətin xəstəxanaya apardığı gəlinin əri idi.

Xalıq Yusifoğlu

02.04.2020

 

 

 

Şərh Yaz