Alimlər ölmürlər                    

Hər bir insan öz sosial imkanları ilə dünyaya gələndə valideynləri onun ağıllı olmasını arzu edirlər. Təcrübə və müşahidələr göstərir ki, insan nə qədər ağıllı olsa da, əsas məsələ həmin ağıldan nə dərəcədə faydalana bilməsidir. Özünə, yaxınlarına, dövlətə, xalqa verdiyi faydaya görə insan cəmiyyətdə dəyərləndirilir. Ağıllı insan haqqında bəşər tarixində həmişə araşdırmalar aparılmış, müvafiq dəyərli fikirlər söylənilmişdir. Xoşbəxt o insandır ki, müdrikliyin zirvəsinə yüksələ bilir. Buna yalnız ağlın kamilliyi ilə nail olmaq mümkündür. Çünki insanın şəxsiyyət kimi formalaşması onun əqli təhsili və elmi dünyagörüşü ilə şərtlənir.

Həyatın bərkindən-boşundan çıxmış bu insan sayılıb-seçilən, elinə, obasına, torpağına bağlı idi. Haqqında söhbət açdığım el ağsaqqalı, sevimli ziyalı, əqidə və mövqe sahibi Şahin Abdulhəlim oğlu Balakişibəylidir.

O, 1938-ci ilin yanvar ayının 5-də İsmayıllıda anadan olub. Orta  məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olub və 1960-cı ildə mühəndis-geofizik ixtisası üzrə təhsilini başa vurub. Elə o vaxtdan Azərbaycan Neftçıxarma Nazirliyinin Dəniz Geofiziki-Kəşfiyyat İdarəsində əmək fəaliyyətinə başlayıb.

Dörd ildən sonra Ş.Balakişibəyli Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun geofizika laboratoriyasında işə başlayıb və ölkədə seysmik kəşfiyyatın, neft-qaz yataqlarının birbaşa axtarışı üsulunun tətbiqində fəal iştirakçılardan olub.

1965-ci ildə Ş.Balakişibəyli SSRİ  EA-nın Moskva Yer Fizikası İnstitutunun  aspiranturasına əyani daxil olub və 1971-ci ildə “Azərbaycanın püskürmə süxurlarında yüksək təzyiq və temperatur şəraitində uzununa dalğa surətinin tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Onun bu işi Azərbaycanın (Kiçik Qafqaz) dərinlik quruluşunun öyrənilməsinə və regional geofiziki tədqiqat nəticələrinin dəqiq interpretasiyasına həsr olunub.

Bakıya qayıtdıqdan sonra o, 1970-1980-ci illərdə tədqiqatlarını geoloji mühiti təşkil edən süxur komplekslərinin (çökmə, intruziv və effuziv mənşəli) maddi tərkibindən və genozis şəraitindən asılılığın öyrənilməsinə həsr edib, bu problemin həlli mərhələlərini düzgün planlaşdıraraq, ilk növbədə eksperimental laboratoriya bazasının yaradılmasından başlayıb. Bu məqsədlə imkan və şəraitə uyğun qeyri-standart aparat və qurğular hazırlayıb, yeni iş üsulları tətbiq edib. Nəticədə, Azərbaycanda ilk dəfə olaraq geofiziki mühitin fiziki xassələrinin yüksək termodinamik şəraitdə tədqiqi kimi yeni istiqamətin əsasını qoyub və yeni istiqamətin təşəkkülü, inkişafı üçün tədqiqat laboratoriyası yaradıb.

Ş.Balakişibəyli keçmiş SSRİ məkanında, həmçinin xarici ölkələrin elmi-tədqiqat mərkəzlərindəki eksperimental laboratoriyaların təcrübələrindən bəhrələnərək, rəhbərlik etdiyi laboratoriyanın qurğu və cihaz bazasını mütəmadi olaraq müasirləşdirib. 1989-cu ildə tətbiqi geofizika sahəsində – mürəkkəb gərginlik və temperatur şəraitində süxurların geofiziki xassələrinin tədqiqi, real mühitin petrofiziki modelləşdirilməsi, təbii geofiziki sahələrin və zəlzələlərin termobarik testləşdirilməsi qurğusunu hazırlayıb və bu işə ixtira kimi müəlliflik şəhadətnaməsi alıb.

Həmyerlimizin həyatında elmi-təşkilatçılıq və ictimai fəaliyyət də xüsusi yer tutur. O, 1973-1974-cü illərdə Yer elmləri bölməsi nəzdində fəaliyyət göstərən “Yer qabığının və Üst mantiyanın dərinlik quruluşunun öyrənilməsi” Problem Şurasının elmi katibi vəzifəsində çalışmış, 1974-1990-cı illərdə keçmiş SSRİ-nin  respublika və şəhərlərində keçirilmiş “Geoloji mühitin yüksək termodinamik parametrlərində fiziki xassələri”nin tədqiqinə  həsr olunmuş Beynəlxalq və Ümumittifaq müşavirə və konfranslarda elmi katib, təşkilat komitəsinin üzvü olub.

Şahin Balakişibəyli 1978-1986-cı illərdə Azərbaycan EA-nın Geologiya İnstitutunda “Süxurların yüksək termodinamik şəraitdə fiziki xassələri”nin tədqiqi laboratoriyasının rəhbəri və 1982-1992-ci illərdə “Süxurların fiziki xassələri” laboratoriyasının, eləcə də “Yerin fizikası” sektorunun rəhbəri 1992-2006-cı illərdə “Yerin təkinin fizikası” şöbəsinin, “Yerin fizikası” bölməsinin rəhbəri vəzifəsində çalışıb. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində “Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması” rəhbəri vəzifəsini daşıyır.

Şahin müəllim 1992-ci ildən 2006-cı ilədək AMEA Geologiya İnstitutunun Elmi Şurasının,  1992-2010-cu illərdə AMEA Geologiya İnstitutunun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın, 1995-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Neft və Sənaye Universiteti) geologiya və geologiya sahəsində namizədlik dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub. Hazırda Azərbaycan Milli Geologiya Komitəsinin və Seysmoloqlar Assosiasiyasının büro üzvüdür. O, 1995-2000-ci illərdə “Geologiya institutunun əsərləri” toplusunun, 1995-2004-cü illərdə nəşr olunmuş “Geologiya institutunun alimləri” və ”Azərbaycanın geoloq və geofizik alimləri” adlı kitabların redaksiya heyətinin üzvü olub.

Şahin Balakişibəyli geofizika (yüksək təzyiq fizikası) sahəsidə tanınmış mütəxəssisdir. O, 100-ə qədər elmi əsərin, 3 ixtiranın, 2 monoqrafik kitabın, 20 elmi-tədqiqat hesabatının müəllifidir. 1992-ci ildə “Azərbaycanın yer qabığının artrofiziki modelləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və elə həmin ildə professor elmi adını alıb. Böyük alim elmi fəaliyyətində gənc geofiziklərin hazırlanmasına da xüsusi fikir verib. Onun rəhbərliyi altında 4 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunub. O, Əməkdar ixtiraçı, Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb…

Amansız olüm onu  bu payız sevdiyi həyatdan, əzizlərindən, sevimli davamçılarından ayırdı. Amma…

Ş.Balakişibəyli kimi şəxsiyyətlər Azərbaycan cəmiyyətinin qızıl fondunu təşkil edir. Odur ki, bu yazıda onun simasında və əsərlərinin işığında ölməzliyə qovuşan, mənəvi  yaşarlıq haqqına yetişmiş professor Şahin Balakişibəylini bir daha xatırlatdım. Xatırlatdım ki, ruhu behiştlik olsun. Xatırlatdım ki, bir daha alimlər heç zaman ölmürlər: – deyim. Bizim Şahin müəllim kimi.

Şahin Balakişibəylinin həyatı və fəaliyyəti, ziyalılığı, ağsaqqallığı nümunə idi. Şahin müəllimin əzizlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, İsmayıllı rayonunun ictimaiyyəti adından ona Allahdan rəhmət diləyirik.

Xalid Mürşüdov,

əmək veteranı

Şərh Yaz