Qıza lazımdı…                   

Bu maraqlı deyim ölməz Mirzə Ələkbər Sabirin məşhur əsərlərindən birində səslənir. “Qıza lazımdı bilə – ev işi, paltar tikişi”…

Əlbəttə, qız balalarımız nə qədər savadlı olsalar da, onların qarşıdakı həyatlarını rahat və xoşbəxt yaşamaq üçün evdarlığın tələbi olan bir sıra bacarıqları da əldə edilmələrinə zəruri ehtiyacları vardır. Məktəblərdə keçirilən əmək təlimi dərslərində diqqətə çatdırılanlar bu baxımdan yetərli sayıla bilərmi? Müşahidələrimiz göstərərir ki, məktəblər bu işi heç də qənaətbəxş səviyyədə icra edə bilmirlər.

Rayon mərkəzində fəaliyyət göstərən dərnəklərin bir qismi uşaqların bu kimi bacarıq və istedadlarının üzə çıxarılmasında vasitəçi ola bilir. Kəndlərdəki uşaqlar isə təbii olaraq bu imkanlardan kənarda qalırlar.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin İsmayıllı Rayon Qurbanəfəndi kənd mədəniyyət mərkəzində “Dərzilik” dərnəyinin fəaliyyət göstərməsi xəbəri tərəfimizdən sevinclə qarşılandı. Məsələ ilə maraqlandıq.

Məlum oldu ki, rayonda əksər mədəniyyət mərkəzlərinin hərraca çıxarılaraq satıldığı vaxtda bu kənddə folklor qrupunun diqqət çəkən fəallığı sayəsində ləzgi xalqının milli adət ənənələrinin, digər mədəni dəyərlərin qorunub saxlanması məqsədi ilə buradakı mərkəzə işini davam etdirmək etibar olunub. Bu hal əlbəttə, kənddə hamının ürəyindən olub. Yeni həslin milli kökə, adət-ənənələrə istiqamətlənəcəyi, onlarda sənətkarlıq bacarıq və vərdişlərinin aşılanacağı valideynlərlə bərabər uşaqları da sevindirib.

Peşə seçimi, ondan yararlanma hamını düşündürən məsələ olmalıdır. Qurbanəfəndi kəndindəki mədəniyyət mərkəzi nəzdində fəaliyyət göstərən dərnək dərzilik işlərinin öyrənilməsi istiqamətində atılan uğurlu addımlardan sayıla bilər.

Əlbəttə, həyatda yaxşı yaşamaq hamını düşündürür və hamı buna can atır. Erkən yaşlarından hər hansı bir sənətə bağlılıq isə bu arzunun reallaşmasında başlıca vasitə olur. Hazırda mərkəzdə fəaliyyət göstərən ”Dərzilik” dərnəyində kəndin 10 nəfərə qədər yeniyetməsi bu sənətə olan maraqlarını cilalayır. Bu yeniyetmə qızlar söz yox ki, öyrəndiklərindən gələcəkdə istifadə etməklə həm də öz evlərinin işgüzar, bacarıqlı, üzüağ sahibəsi ola biləcəkdir.

Dərnəkdə sadəcə necə tikmək, nəyi tikmək öyrədilmir. Günün vacib tələbləri müzakirə olunur, həmin istiqamətdə işlər aparılır. Belə ki, son günlərdə burada xüsusi materiallardan tibbi maskalar, eləcə də qürur mənbəyimiz olan üçrəngli bayraqlarımız tikilir. Əvvəlcə hazırlanacaq məmulat barəsində tam məlumat əldə olunur. Dəqiq ölçmə və kəsmə işindən sonra tikmə işi aparılır. Qısa müddətdə adi parça istifadə üçün tam yararlı olan vacib məmulata çevrilir.

Son günlərdə dərnək üzvləri tərəfindən hazırlanan maska və bayraqlar elə kənd əhalisinə burada keçirilən fərqli tədbirlərdə təmənnasız paylanılıb. Aparılan işlər icraçılarla bərabər, istifadəçiləri də razı salır. Maska tikən qızlar həm də məlum pandemiyadan qorunma məsələsində təbliğatçı kimi çıxış edirlər.

Nəhayət, onu da qeyd edək ki, bu dərnəyə rəhbərliyi kəndin yetirməsi, fəxri – İsmayıllıda, eləcə də ondan kənarda kifayət qədər tanınan və yaradıcılığı ilə geniş oxucu rəğbəti qazanmış gənc şairə Turac Hilal – Turac Kərimovadır.

T.Kərimova iki şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin gənc və fəal üzvlərindəndir. Şeirlərinə yazılan mahnılar tez-tez  efirdə və ekranlarda səslənir. Şeirləri ləzgi və özbək dilinə tərcümə olunub. Dərziliyinə də söz ola bilməz. Kənddəki qadınlar zövq oxşayan geyimlərini əksər halda ona tikdirirlər.

Dərnəyə cəlb olunanların valideynləri bu qızıl əllər sahibindən razılıq edir və əmindirlər ki, övladlarının sənət öyrənməyə sərf etdikləri vaxt hədər getməyəcək. Bunu gənc dərnək üzvləri özləri də etiraf edirlər.

Şahməmməd Dağlaroğlu

 

 

 

 

Şərh Yaz