Biz sizi unutmayacağıq                          

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bütün təhsil ocaqlarında Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərimizin təbliğ olunması davam edir. Təhsil ocaqlarımızda bu sahədə aparılan işlərdən qürur duyuruq.

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb rəhbərliyinin təşəbbüsü ilə Vətən müharibəsi qazisi Zülfüqarov Simran Füzuli oğlunu şagirdlərimizlə onlayn görüşə dəvət etdik.

Simran 1993-cü ildə Aşağı Cülyan kəndində anadan olub. Bu kəndi nəyinki İsmayıllı rayonunda, respublikada ən çox zabit və gizir yetişdirən kəndlərdən birincisidir. Bu kəndin havasını udan, suyunu içən Simran və onun kimi necə-necə gənclərimiz Vətən torpaqlarının azadlığı uğrunda şərəfələ döyüşüblər. Vətən müharibəsi qazisi Simran da sıravi əsgər kimi Suqovuşan istiqamətində gedən döyüşlərdə şərəflə iştirak edib və 17 oktyabr 2020-ci ildə düşmən mərmisinin partlayışı nəticəsində yaralanıb. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən qazimiz “Cəsur döyüşçü” medalına layiq görülüb. Ordumuzun zəfərindən qürurla danışan Simran bildirdi ki, yaralı olmasına baxmayaraq son nəfəsinə qədər Vətən uğrunda döyüşməyə hazırdır.

Məktəbimizin hərbi rəhbəri: ehtiyatda olan polkovnik-leytenant Niyazi Dadaşov ordumuzun döyüş əzmində danışaraq bütün şəhid və qazilərimizin, döyüşlərdə göstərdikləri fədakarlıqlarına görə gələcək nəsillərə tarixi nümunə olduqlarını bildirdi.

Məktəbin təşkilatçı rəhbəri Təranə Məmmədova qazimizə minnətdarlıq edərək, bu gün Azərbaycan qadınlarının, bütün anaların Vətənimizin igid oğulları ilə fəxr etdiklərini söylədi.

Qazi şagirdlərin suallarını cavablandırdı, məktəb rəhbərliyinə və kollektivinə şəhid və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.

Məktəb direktoru Ramil Dadaşov  Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışaraq şagirdlərimizi xoşbəxt nəsil adlandırdı. Ramil müəllimin dediklərindən:

– “Dəyərli şagirdlərimiz! 30 il Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqı öz ümidlərini itirmədi. Bu illər ərzində necə-necə igid övladlarımız şəhid olsa da, Qarabağın işğalı ilə barışmadılar. Cənab prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanın cəsarəti və polad iradəsi nəticəsində qəhrəman Azərbaycan ordusu 27 sentyabr tarixdə düşmənin hücumunun qarşısını  alaraq əks-həmlə əməliyyatlarını uğurla davam etdirməyə nail oldu. Nəticədə düşmən ordusu cəmi  44 gün ərzində darmadağın edildi. Siz xoşbəxt nəsilsiniz ki, bu qələbə müjdəli günləri yaşadınız. Siz xoşbəxt nəsilsiniz ki, gələcək həyatınızı bütöv Azərbaycanda yaşayacaqsınız”.

Məktəb direktoru çıxışının sonunda qazimiz  Simran Zülfüqarova döyüş əməliyyatlarında bir əsgər kimi əldə etdiyi yüksək nəticələrə görə özünün, məktəbin müəllim və şagird heyəti adından minnətdarlığını bildirdi.

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən, şəhid olan və yaralanan hər bir  vətəndaşımızın yeni Azərbaycan tarixini öz qanları ilə yazdıqları üçün onları unutmamalı, gələcək nəsillərə təbliğ etməliyik.

Təranə Məmmədova

Şərh Yaz