“Psixometrion” layihəsi​ uğurla yekunlaşdı             

14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “Psixometrion” adlı layihənin bağlanış mərasimi keçirildi.

Layihənin bağlanış mərasimi və son təlimi eyni günə təsadüf etdi. Layihədə layihənin komanda üzvləri, layihə rəhbəri Şəbnəm Osmanlı, ekspert Şəmistan Abdullayev, koordinator Etiram Sadıqzadə, təlimçi İradə Zülfüqarova, İsmayıllı şəhər 4 nömrəli tam orta​ məktəbinin şagirdləri ​ iştirak etmişdir.

Əvvəlcə layihə rəhbəri Şəbnəm Osmanlı İkinci Qarabağ müharibəsinin qalibiyyəti münasibəti ilə bütün iştirakçıları təbrik etdi. Şəhidlərin ölməz ruhları bir dəqiqəlik sükutla  yad edildi. Layihə rəhbəri layihənin qısa şərhini verdi. Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra layihənin eksperti Şəmistan Abdullayev çıxış edərək layihənin icrası barəsində danışdı. Layihə gedişatının gözlənildiyindən daha yaxşı aparıldığını söylədi.

Koordinator Etiram Sadıqzadə öz nöbəsində layihənin icra müddətində görülən işlərdən söz açdı. Layihənin məqsəd və vəzifəsi haqqında fikirlərini açıqladı, gözlənilən nəticənin əldə olunduğunu bildirdi. Layihədə 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 120 nəfərin iştirakı təsdiqləndi. Bu, layihəyə olan marağın düzgün ehtimal edilməsinin bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Layihənin təlimçisi İradə Zülfüqarova özünü tədbir iştirakçılarına təqdim edərək, keçirilmiş təlimlər və onlardan əldə olunan nəticələri açıqladı, şagirdləri “Bullinq”, ”Uğura gedən yol” adlı təlimlərin mövzuları ilə tanış etdi.

Şagirdlərlə interaktiv sual-cavab keçirildi, təlimin mövzularında göstərilən problemlər hazırkı dövrümüzlə əlaqələndirildi, onların həlli yolu üçün ortaq nəticələr əldə olundu.

Sonda layihə rəhbəri Şəbnəm Osmanlı çıxış edərək layihə iştirakçılarına təşəkkürünü çatdırdı, yetişən nəslin​ ölkəmiz üçün yararlı şəxsiyyət kimi formalaşacağına əmin olduğunu söylədi, onları motivasiya etdi və hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Aytac Mehdiyeva

Şərh Yaz