Düşmən eşitsə bağrı çatlayacaq

Anadan betər anatək alıb qoynu, qucağına,

Torpaq “uf”  deyib ağlayır, bulaşanda qana şəhid.

Ata-anadan ötəri tək övladlar önə çıxmır,

Övlad, uşaq yolunda da olur ata, ana şəhid.

Daşdəmirov Xəyyam Məhəmməd oğlu qarlı-şaxtalı günlərin birində – 22 fevral 2002-ci il tarixdə İsmayıllı rayonunun Balik kəndində dünyaya göz açmışdı. Onun dünyaya gəlişinə doğmaları, yaxınlarıyla bərabər vətən torpağı da sevinibmiş o gün. Sevinibmiş ki, gələcəkdə keşiyini çəkəcək, müdafiəsində duracaq bir qeyrətlisi də artdı.

Əbədiyyətə qovuşan bu qəhrəmana vaxtı ilə sinəsi üstündə lay-lay çalmaq bir el gəlininin də qismət, yazı payı imiş, demə. Laylalara qərq edib ta yuxusundan ayılana qədər  ana da balasının başına pərvanətək dolanırdı. Düşmən ocaq başında da ola bilər deyib övladını, balasını sevən, əzizləyən analar kimi bu ananın da gözü balalarının üstündə olardı.

Dolanacaq məqsədi ilə gənc ailə iki övladla – Xəyyam və Muradla  birlikdə Bakı şəhərinin Biləcəri qəsəbəsində yaşamalı olur. 2008-ci ildə Xəyyam qəsəbədəki  314 nömrəli tam-orta məktəbinin birinci sinfinə gedir. Yaşından tez böyüyərək, peşə, sənət arxasına düşdüyündən məktəb illərinin şirinliyini doqquzuncu sinfə qədər dadmalı olur.

Yaşadıqları yerdə maşın təmiri sexlərinin birində rəngsaz yanında təcrübə qazanmağa vaxt ayırır, az müddət  ərzində həmin peşəni ustalıqla öyrənir.

8 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən Xəyyam ən ali bir məktəbə – kişilik və comərdlik məktəbinə çağırılır və  hərbi xidmətə yola salınır.

Atası Daşdəmirov Məhəmməd Mirsəfa oğlu belə bir məktəb haqqında tam məlumatlı olmaqla övladlarına bu haqda az deyib-danışmamışdı. Erməni vandallarının zaman-zaman Azərbaycan torpaqlarında qan töküb, mal-mülk, torpaq qəsb etməsini kim unudar, kim bu ağrı-acıdan kənarda qalardı ki?… Xəyyamın atası da layiqli el oğlu kimi, kənara çəkilməyib Ağdamda “N” saylı hərbi hissədə dörd il xidmət etdiyindən həmişə fəxrlə danışardı. Ola bilməzdi ki, Xəyyam özü də təhsil aldığı məktəbdə tarixi öyrənməkdə acizlik göstərəydi. Valideynləri onu hərbi xidmətə yola salanda: – “mən əsgər gedirəm, görərsiniz necə qayıdacam” – deyib gülə-gülə yola düşmüşdü. Müdafiəsində durduğu yer isə Azərbaycan adlı canın bir parçası sayılan Tovuz  rayonu idi. Tovuza  sinəsini sipər edib onun keşiyini çəkən hərbiçilərimizə qoşulub bu müqəddəs işdə hünər göstərmək idi Xəyyamın arzusu. Hünər göstərmək istəyirdi, göstərdi də…

Zəngləşib danışardı Xəyyam valideynləri ilə. Hər şeyin yaxşı olduğunu: – “Ata, Tovuzdan da məhəbbətin, eşqin ətri gəlir, torpaq hər yanda təravətlidir” – deyərdi bu oğul.  “Birdən telefonda  atılan güllə səsləri eşidilər, atam, anam mənə görə narahat olar” –  deyib çox danışmazmış Xəyyam evdəkilərlə.  Ürəyini narahat edən o silah səslərini boğmağa, susdurmağa can atardı bu oğul. Səngərdə  neçə-neçə şücaətli, mərd oğulların sırasına qatılmaqla.

Ağrı-acılarla olsa da, deməliyəm ki, 2020-ci ilin 12-14 iyul  günlərində düşmənin növbəti təxribatı nəticəsində Tovuz rayonu atəşə tutulmuş, başda general-mayor polad dəyanətli, nər cüssəli Polad Həşimov və daha bir neçə  yüksək rütbəli hərbçilərimiz  atılan güllələr torpağın sinəsinə sancılmasın deyə öz sinələrini qabağa verməli olmuşdular. Əlbəttə, öncədən düşməndən qisas, intiqam alaraq bunu etmişdilər. Fəxrlə, qürurla demək olur ki, o millət fədailərinin arasında bayaqdan barəsində ürək dolusu danışdığım 2002-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Məhəmməd oğlu da olub.

Fəslin qarında, qışında dünyaya göz açmışdı Xəyyam balamız. Ata-anasına qol-qanad, sevinc payı olmaqdan ötrü. Elini, obasını özünə qürur, fəxr yeri bilməkdən ötrü. Ata-anasına qol-qanad vermək, həyan olmaqdan ötrü. Elinə, obasına arxa,  dayaq olmaqdan, bu müqəddəslikləri sevməkdən ötrü.

Fəslin göydən od tökülən çağında, şəhidliyin müqəddəs adı altında torpağa tapşırıldı. Minlərin, milyonların alqışları ilə əbədiyyətə qovuşdu 2020-ci ilin 13 iyulunda. Payız, qış gələnə qədər sönməz Vətən məhəbbəti ilə torpağı isti saxlasın deyə.

Xəyyam, sən: – “torpaqdan, Vətəndən məhəbbət ətri gəlir” – deyərdin bir zaman.

Mən isə al qərənfillərə, çiçəklərə bələnmiş olan uyuduğun torpağı qoxulayanda səndən gələn kişilik, comərdlik qoxusunu  duydum. Daim bu ətirdə, bu təravətdə qalacaqsan, balam. Layiqli ölümünə görə başının üstündə, yüksəkdə dalğalanan üçrəngli bayrağa çalışsam da əlim çatmadı. İnanıram ki, qoxulamaq istədiyim  o bayraqda hər bir şəhidimizin ətri, qoxusu var.

Sən əsil qəhrəmansan! Səndəki hünərə heyranam ki, o ucalıqda olan məslək, şəhidlik zirvəsinə belə tez əlin çatdı, ünün yetdi. Düşmən eşitsə mütləq bağrı çatlayacaq.

Geci-tezi bahar, yay,

Yerin tapandı haqq- say.

Yat, bu şirin yuxunu,

Lay-lay, ay bala, lay-lay.

Sən tək öz ata-ananın övladı, balası deyilsən bu gün. Milyonların qəlbinə yol tapıb, özünə əbədilik taxt-tac qurmusan.

Rahat uyu, unudulmaz şəhidim! Yerin, məkanın cənnətdi axı!

Tamam Nur Tağlabiyanlı

Şəkillər şəhidin dostu Rafiq Xəlilov təfindən hazırlanıb

 

Şərh Yaz