İsmayıllı könüllüləri 23 ailənin yaxın dostuna çevrilib

Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında  sərəncamı ölkə başçısı tərəfindən gənc könüllülərə yüksək etimadın göstəricisidir. Ölkədə gənclərin potensialına bəslənən ümid və güvənin tarixçəsinə nəzər salarkən cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bu sənəddəki vəzifələrdən irəli gələn İsmayıllı Rayon İcra Hakimiyyətinin tədbirlər planını qeyd etməyə dəyər. Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədini daşıyan tədbirlər planı çərçivəsində rayonumuzda könüllülərlə iş üzrə koordinasiya qurulub, koordinator təyin edilib və gənc könüllülər fəaliyyətə başlayıb. İyirmi gənc könüllü fəaliyyətini uğurla başa vuruaraq sertifikata layiq görülüb.

Prezident İlham Əliyevin koronavirus təhlükəsinə qarşı “Biz birlikdə güclüyük” çağırışına cəmiyyətin bütün təbəqələri, eləcə də gənclər layiqincə yanaşmaqdadırlar. İsmayıllının gənc könüllüləri COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən bütün zəruri tədbirlərdə yaxından iştirak edir. Onlar karantin qaydaları, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri və Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərdə canfəşanlıq nümayiş etdirirlər. Əhalinin pandemiya ilə mübarizəyə dair maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi gənclərimizin könüllü fəaliyyətinin əsas tərkib hissəsidir. Bu mənada qeyd etmək olar ki, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) yarandığı ilk gündən etibarən İsmayıllı Rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ilə birgə bir sıra aksiya həyata keçirilib. Layihə və təşəbbüslər çərçivəsində könüllülük fəaliyyəti daha da zənginləşib. Gənclərimiz karantin rejimində 4 min ailəyə ərzaq yardımının paylanılmasında yaxından iştirak ediblər. Həmçinin, 190 manat birdəfəlik müavinətlə üçün müraciət edən işsizlərin qeydiyyata alınmasına köməklik göstəriblər.

Könüllülər “Böyüklərimizi qoruyaq!” aksiyasına da qoşulub, 65 yaşdan yuxarı tənha şəxslərə zəruri sosial xidmətlərin göstərilməsində səfərbərlik nümayiş etdirirlər. AKƏM-in başlatdığı “Könüllü qonşu” layihəsi çərçivəsində karantin rejimi ilə əlaqədar evdən çölə çıxa bilməyən yaşlı, xəstə və fiziki məhdudiyyəti olan insanlara ərzaq və ya dərman almaq, gündəlik məişət tullantılarını atmaq kimi zəruri işlərin görülməsində yardımçı olurlar. Onlar bu cür xeyirxah fəaliyyətləri çərçivəsində 23-dən çox ailənin yaxın dostuna çevrilməyi bacarıblar.

Könüllülər AKƏM-in başlatdığı “Könüllü donor” aksiyasına da qatılıblar. Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan veriblər. Onlar adıçəkilən təşkilatın başlatmış olduğu “Bir-birimizi qoruyaq” aksiyası çərçivəsində insanların kütləvilik təşkil etdiyi ərazilərdə, o cümlədən market, bazar, bank və poçt məntəqələrində sosial izolyasiya tədbirlərinin vacibliyini bir daha əhalinin diqqətinə çatdırırlar. Bankomat və onlayın ödəmə terminallarının dezinfeksiyasını da həyata keçirirlər.

Şərh Yaz