Korrupsioner məmurları sıradan çıxarmaq üçün ortada ciddi siyasi iradə var

Azərbaycanda yeni islahatlar erası rüşvətxor və korrupsioner məmurların meydanının daralması ilə müşahidə olunur”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, yeni dövrün çağırışlarına cavab verməyən məmurların bir-birinin ardınca yola salınması müsbət dəyişiklikdir, cəmiyyət tərəfindən rəğbətlə qarşılanır: “Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, heç kim əvvəlki xidmətlərinə arxayın olmamalıdır. Bu o deməkdir ki, keçmişdə göstərilmiş hansısa xidmət həmin məmurlar üçün zireh funksiyasını yerinə yetirə bilməz. Yəni, hamı qanun qarşısında bərabərdir, heç bir cinayət cəzasız qalmayacaq. Mətbuat, ictimai təşkilatlar, vətəndaş cəmiyyəti institutları bu prosesdə yaxından iştirak etməlidir. İslahatlara mane olmaq istəyən qaragüruhla mübarizə ümummilli məsələyə çevrilməlidir. Açıq, şəffaf cəmiyyət quruculuğu ictimai nəzarətin gücləndurilməsindən keçir. Cənab Prezident özü də dəfələrlə bunun vacibliyini vurğulayıb. Hesab edirəm ki, rüşvətxor və korrupsioner məmurları sıradan çıxarmaq üçün ortada ciddi siyasi iradə var. Yeni islahatlar erası açıq cəmiyyət quruculuğunu daha da sürətləndirəcək”.

Şərh Yaz