Gələcəyini bilirdim…

Müharibənin ən qızğın günlərindən biri idi, əsgər bir az qabaqda cəbhə dostunun qanlar içində yerə yıxıldığını gördü. Bir saniyə belə səngərdən çıxmağın mümkün olmadığı, güllələrin yağış kimi yağdığı bir vaxtda özünü səngərdən çölə atmaq istərkən, dostu onun çiynindən tutub geri çəkdi.
– Dəli olmusan, getməyə dəyər heç? Bax, dəlik-deşik olub, artıq çoxdan ölüb, artıq onun üçün heç nə etmək olmaz, boş yerə öz həyatını da təhlükəyə atma.
Lakin əsgər yoldaşını dinləmədi, tez səngərdən çölə atılıb güllə yağışı altında özünü dostuna çatdırdı, onu çiyninə götürüb geri döndü. Birlikdə səngərin içərisinə yuvarlandılar, amma cəsur əsgər yaralı dostunu qurtara bilmədi, səngərdə qalan dostu dedi:
– Sənə dedim ki, getməyə dəyməz, özünü də hədər yerə təhlükəyə atdın.
– Dəydi – gözləri dolan əsgər dedi – dəydi…
– Necə dəydi? Bu adam ölüb, görmürsən?
– Yenə də dəydi…onun yanına çatanda hələ sağ idi, onun son sözlərini eşitmək mənim üçün dünyalara dəyərdi.
…Və hıçqıraraq həlak olmuş dostunun son sözlərini dedi:
– Gələcəyini bilirdim…

Xəyyam Ağa

 

Şərh Yaz